📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

SSRİ-ni Yeltsin və Qarbaçov dağıtdı? – “Bu prosesdə Milli Azadlıq Hərəkatı önəmli rol oynadı”

2021-08-16 12:38:00

SSRİ-ni Yeltsin və Qarbaçov dağıtdı? – “Bu prosesdə Milli Azadlıq Hərəkatı önəmli rol oynadı”

SSRİ-nin çöküşünə səbəb olan amillərlə bağlı bu günə qədər müxtəlif fikirlər səsləndirilib.

Xüsusilə də SSRİ-nin süqutuna 1980-cı illərin sonunda başlayan Xalq Hərəkatlarının səbəb olduğu deyilir. Belarus Prezidenti Aleksandr Lukaşenko isə Rusiyanın keçmiş prezidenti Boris Yeltsini, SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovu Sovet İttifaqının dağılmasında ittiham edib. Belarus prezidenti deyib ki, Yeltsin və Qorbaçovun şəxsi düşmənçilikləri və hakimiyyət uğrunda mübarizələri SSRİ-nin süqutuna səbəb oldu.

Belarus Prezidentinin fikrincə, 1991-ci ildə imzalanan “Belovej” müqaviləsi ovaxtkı SSRİ rəhbəri Mixail Qorbaçovun ölkəni idarə etməkdə ağılsızlığını və qabiliyyətsizliyini nümayiş etdirdi.

Maraqlıdır, Lukaşenkonun dediklərində həqiqət payı nə qədərdir? SSRİ-nin dağılmasına Yeltsin və Qarbaçov səbəb olub, yoxsa İttifaq ölkələrinin azadlıq hərəkatları?

Əbülfəz Elçibəyin köməkçisi, politoloq Oqtay Qasımov Cebhe.info-ya açıqlamasında deyib ki, Lukaşenkonun dedikləri suvbyektiv yanaşmadır:

“Ümumiyyətlə, bu kimi tarixi proseslər hansısa şəxslərin fəaliyyəti ilə bağlı olmur. SSRİ Leninin dili ilə desək, xalqlar həbsxanası idi. Burada bolşeviklərin dönəmində milli və etnik əsaslara dayanaraq guya müttəfiq respublikalar, o cümlədən muxtar xalqlar olsa da, xalqların və millətlərin hüquqları, siyasi azadlıqları yox səviyyəsində idi. Bununla bağlı SSRİ də aparılan siyasət, tarixi proseslərin inkişafı və ümumi iqtisadi-sosial vəziyyətin ağırlığı, xüsusilə də 1980-ci illərdən sonra etnik məsələlərin qızışması, ziddiyyətlərin kəskinləşməsi onun doğru həll olunmaması SSRİ-ni süquta aparan əsas faktor idi. SSRİ-nin başçılıq elədiyi sosialist düşərgəsinin dünyanın inkişaf etmiş dövlətlərinin birləşdiyi NATO bloku ilə yarışa girməsi, onunla rəqabət aparması və bu rəqabətdə imkanlarının xeyli məhdud olması SSRİ-nin iqtisadi cəhətdən çöküşünə gətirib çıxardı”.

Politoloq vurğulayb ki, 1985-ci ildə Qarbaçov tərəfindən “Yenidənqurma və aşkarlıq” kimi islahatlar elan olunsa da, bunlar həyata keçirilmədi:

“Bunun nəticəsində də SSRİ süquta uğrayır. Digər tərəfdən bu dövrdə bir sıra ölkələrdə, o cümlədən Milli Azadlıq Hərəkatları açıq müstəviyə çıxdı. Xalqlar özlərini müstəqilliyini tələb etməyə, öz hüquqlarını müdafiə etməyə başladılar. Bu da təbii olaraq da SSRİ-ni süquta aparan əsas faktorlardan biri oldu. Azərbaycanda başlanan Xalq Hərəkatı isə öz gücü və miqyası ilə daha ciddi şəkildə digərlərindən fərqlənirdi.

Bunun da bir çox səbəbləri var idi. Çünki SSRİ dönəmində azərbaycanlılara qarşı kütləvi represiya siyasəti aparılmışdı. Faktiki olaraq qeyri-rəsmi formada Azərbaycan dili dövlət dili kimi sıxışdırılıb kənara qoyulmuşdu. Milli ayrıseçkiliyə məruz qalmışdı. Azərbaycana qarşı bu cür ögey münasibətlər xalqda azadlıq istəylərinin daha çox önə çıxmasına səbəb olmuşdu. Təbii ki, SSRİ-nin çöküşündə Pribaltika, Gürcüstan, Ukrayna və digər ölkələrdə başlanan hərəkatlarla bərabər Azərbaycanda başlanan Milli Azadlıq Hərəkatı da önəmli rol oynadı”.

Oqtay Qasımov qeyd edib ki, SSRİ-nin dağılmasında digər bir faktor da İtiffaqın qeyri-insani və qeyri-humanist siyasəti idi.

Vilayət Muxtar
Cebhe.info