📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"SSRİ-nin dağılması ərəfəsində müşahidə olunan proseslər yenidən təkrar olunur" - XAQANİ CƏFƏRLİ

2024-01-18 11:57:43

"Rusiya dağılanda bu dağıntıdan zərər görməmək üçün ötən əsrinin 80-ci illərinin sonunu, 90-cı illərin ilk illərindəki səhvləri təkrar etməməliyik"

"Başqırdıstanda son günlər keçirilən etiraz aksiyası mərkəzdənqaçma prosesinin başladığını göstərir. Etirazçılar aksiyaya Rusiyanın dövlət bayrağı ilə deyil, Başqırdıstanın milli bayrağı ilə çıxıblar. Bu isə əyalətin mərkəz ilə yollarını ayırmasının ilk addımıdır. Başqırdıstanın milli bayrağındakı mavi rəng türk kimliyini, yaşıl rəng islamı, ağ rəng sülhpərvərliyi ehtiva edir". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli bildirib.

 Politoloq hesab edir ki, Rusiyanın 19 regionunda istilik magistrallarında baş verən qəzalar isə mülki infrastrukturın çökməsinin bariz nümunəsidir: "Rəsmi məlumata görə, ölkə üzrə istilik magistrallarının 70 faizinindən çoxu köhnəlib və istifadəyə yararsızdır. Mərkəzdənqaçma prosesinin başlaması və mülki infrastrukturın çökməsi Rusiyanın dağılmaq ərəfəsində olduğunun xəbərçisidir. Sovet İttifaqının dağılması ərəfəsində müşahidə olunan bütün proseslər yenidən təkrar olunur. Sovet İttifaqının (SSRİ) dağılmasına hazır olmayan Azərbaycan imperiyanın dağıntıları altında qaldı. Rusiya dağılanda bu dağıntıdan zərər görməmək üçün ötən əsrinin 80-ci illərinin sonunu, 90-cı illərin ilk illərindəki səhvləri təkrar etməməliyik. Ancaq belə görünür ki, keçmişdəki səhvlərimizdən dərs çıxarmadığımız kimi, daha kobud səhvlər etmək ərəfəsindəyik".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az