Stoltenberq: “Rusiya Donbassı hədəfə alıb”
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq Ukraynanın Buça şəhərində dinc sakinlərin Rusiya hərbçiləri tərəfindən qətlə yetirilməsini qınayıb.
Stoltenberq deyib: “Buçanın dinc sakinlərinin qətlə yetirildiyini göstərən kadrlar onillər ərzində Avropanın qarşılaşmadığı amansızlığı əks etdirir”. NATO-nun Baş katibi xatırladıb ki, dinc sakinlərə hücum eləmək və onları öldürmək hərbi cinayətdir.
Stoltenberq söyləyib ki, Ukrayna Silahlı Qüvvələri Rusiya hərbçilərinin tərk elədikləri rayonlara daxil olduqca, getdikcə daha çox hərbi cinayət faktları ilə qarşılaşa bilərlər. NATO-nun Baş katibi deyib: “Bütün faktlar aşkar edilməlidir, bu cinayətlərin müqəssirləri isə məsuliyyətə cəlb edilməlidirlər”.
Yens Stoltenberq jurnalistlərə açıqlamasında bildirib ki, Rusiya öz hərbçilərini geri çəkməyib, sadəcə Donbass üzərində tam nəzarəti əldə edə bilmək və işğal elədiyi Krıma quru yoluna sahib olmaq məqsədi ilə onları yenidən qruplaşdırır.
Hürr Tərcüman