Stoltenberq Türkiyəyə minnətdarlığını bildirdi
Hurriyyet.az “Anadolu Agenltiyi”nə istinadla xəbər verir ki, NATO-nun Baş katibi Yens Stotenberq İstanbulda Rusiya ilə Ukrayna nümayəndələri arasında görüş təşkil elədiyinə görə, Türkiyə dövlətinə təşəkkürünü bildirib.
Bununla yanaşı Stoltenberq qeyd edib ki, Brüsseldə hələlik Rusiyanın öz qüvvələrini geri çəkməsinin heç bir əlaməti müşahidə edilmir. NATO rəhbərliyinin müşahidəsinə görə, Moskva Ukraynaya hücumları aktivləşdirməyi planlaşdırır.
Stoltenberq deyib: “Rusiya dəfələrlə öz niyyətləri barəsində yalan danışıb. Biz Rusiyanı bəlağətli danışığa görə yox, etdiyi əməllərə görə qiymətləndiririk”.
NATO-nun Baş katibi xəbər verib ki, alyansın əlində olan kəşfiyyat məlumatlarına görə, Rusiya Federasiyasının Silahlı Qüvvələri geri çəkilmirlər, yalnız yenidən qruplaşırlar: “Rusiya öz qüvvələrini yenidən qruplaşdırır, ehtiyatlarını artırır, Donbass rayonunda hücumu gücləndirir. Rusiya eyni zamanda Kiyevə və başqa şəhərlərə təzyiqi artırmağa davam edir. Buna görə də, biz daha çox iztirablar törədəcək çox sayda hücumlar gözləyə bilərik”.
Hürr Tərcüman
Hurriyyet.az