📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

SU EHTİYATLARIMIZ SÜRƏTLƏ AZALIR... - Azərbaycanı hansı təhlükələr gözləyir?

2026-11-11 10:20:11

SU EHTİYATLARIMIZ SÜRƏTLƏ AZALIR... - Azərbaycanı hansı təhlükələr gözləyir?

İqlim dəyişiklikləri, yağıntıların qeyri-bərabər paylanması və su ehtiyatlarından səmərəsiz istifadə dünyada su təhlükəsizliyi ilə bağlı narahatlıqları artırır. Azərbaycanda da çayların sululuğunun azalması, su anbarlarının vəziyyəti və kənd təsərrüfatında yüksək su tələbatı bu məsələyə diqqəti artırır. Mövcud tendensiyaların davam etməsi gələcəkdə həm əhalinin içməli su təminatına, həm də iqtisadi fəaliyyətə ciddi təsir göstərə bilər.

Bəs Azərbaycanın su ehtiyatları yaxın illərdə ölkənin tələbatını ödəmək baxımından hansı risklərlə üzləşə bilər? Gələcəkdə içməli su qıtlığının qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Bu barədə “AzPolitika”ya açıqlamasında ekoloq Cavid Hüseynov deyib ki, Azərbaycan qlobal iqlim dəyişmələrinin təsirlərini ən çox hiss edən və su qıtlığı riskinə məruz qalan həssas coğrafi zonalardan biridir.

Onun sözlərinə görə, ölkənin su təhlükəsizliyi ilə bağlı qarşılaşdığı əsas risklər və onların aradan qaldırılması istiqamətində görülməli tədbirlər bir neçə mühüm istiqamətdə təhlil edilə bilər: “Yaxın illərdə Azərbaycanın su ehtiyatlarını gözləyən əsas risklər sırasında ilk növbədə transsərhəd çaylardan asılılıq dayanır. Ölkənin su ehtiyatlarının 70 faizdən çoxu Azərbaycan hüdudlarından kənarda – Kür və Araz çayları başda olmaqla qonşu dövlətlərin ərazisində formalaşır. Yuxarı axında yerləşən ölkələrdə su ehtiyatlarının intensiv istifadəsi, yeni hidroqurğuların tikilməsi və qlobal istiləşmə səbəbindən buzlaqların əriməsi gələcəkdə ölkəyə daxil olan suyun həcminin kəskin azalması riski yaradır”.

Ekoloq qeyd edib ki, bununla yanaşı, daxili su ehtiyatları, eləcə də çayların sululuğu nəzərəçarpacaq dərəcədə azalıb: “Son onilliklər ərzində yağıntı rejiminin pozulması fonunda Azərbaycanın ümumi su ehtiyatları təqribən 15-20 faiz azalıb, kiçik dağ çaylarında yaz-yay mövsümündə yarana biləcək axınlar zəifləyib. Digər tərəfdən, kənd təsərrüfatı ölkədəki su ehtiyatlarının təxminən 70-75 faizini istehlak edir və ənənəvi suvarma üsulları səbəbindən nəqletmə və tətbiq zamanı böyük su itkiləri baş verir. Temperaturun artması su anbarlarında səth buxarlanmasını gücləndirir, səth sularının azalması isə yeraltı su mənbələrinə olan tələbatı artırırmaqla yanaşı, qrunt sularının da şorlaşmasına gətirib çıxarır”.

C.Hüseynov əlavə edib ki, içməli su qıtlığının və iqtisadi risklərin qarşısını almaq üçün kompleks və strateji addımlar atılmalıdır: “Kənd təsərrüfatında ənənəvi suvarma üsullarından damcı və çiləmə (yağışyağdırma) kimi modern, suya qənaət edə biləcək texnologiyalara sürətli keçid təmin edilməli, su kanalları beton örtüklərə alınmalı və ya boru kəmərlərinə keçirilməlidir. Payız və qış mövsümündə axan daşqın sularının toplanması üçün yeni su anbarlarının inşası davam etdirilməli, dəniz suyunun duzsuzlaşdırılması (desalinizasiya) kimi alternativ texnologiyalar xüsusilə Abşeron yarımadasında genişləndirilməlidir”.

Ekspert sonda vurğulayıb ki, ayrıca, sənaye və məişət çirkab sularının təmizlənərək təkrar dövriyyəyə (yaşıllıqların suvarılması və texniki istifadə) qaytarılması, şəbəkələrdəki qəza və sızmaların qarşısını almaq üçün smart-sayğaclar və rəqəmsal idarəetmə sistemlərinin tətbiqi vacibdir: “Nəhayət, ən vacib tədbirlərdən olan cəmiyyətdə suya qənaət mədəniyyətinin gücləndirilməsi və transsərhəd çayların səmərəli idarə olunması üçün qonşu dövlətlərlə regional əməkdaşlıq mexanizmləri inkişaf etdirilməlidir”.