Sülh müqaviləsindən sonra Paşinyan ERMƏNİSTANI KTMT VƏ MDB-DƏN ÇIXARACAQ
Məhəmməd Əsədullazadə: "Xarici işlər nazirlərinin Vaşinqton görüşünə ehtiyac yoxdur, çünki bu görüşdə Ermənistan və ABŞ maraqlıdır"
Elxan Şahinoğlu: "Ermənistan yenə məğlub olarsa, bu, zorakı hakimiyyət dəyişikliyinə və Kremlin bu ölkədə mövqelərinin möhkəmlənməsinə şərait yaradacaq"
Bugünlərdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 47-ci iclasında çıxış edən Ceyhun Bayramov Azərbaycanın Ermənistanla normallaşma və sülh prosesini irəlilətməkdə qərarlı olduğunu bildirib. Hazırda bölgədə sülh quruculuğu üçün münbit şəraitin mövcud olduğunu deyən xarici işlər naziri əlavə edib ki, Ermənistan təkcə öz istəklərini deyil, həm də Azərbaycanın qanuni maraqlarını nəzərə alaraq, tarixi ədalətə və beynəlxalq hüquqa hörmətlə yanaşsa, müsbət nəticələr əldə edilə bilər.
Bu arada, qardaş Türkiyənin milli müdafiə naziri Yaşar Gülər isə hesab edir ki, Cənubi Qafqazda təhlükəsizliyin və sülhün bərqərar olması Azərbaycan və Ermənistan arasında hərtərəfli və daimi sülh müqaviləsinin bağlanmasını tələb edir. O həmçinin, iki ölkə arasında sülhü dəstəklədiklərini və tezliklə müsbət nəticə əldə ediləcəyinə inamını ifadə edib.
Erməni politoloq Artur Xaçikyan isə sülh sazişi haqda gedən müzakirələri şərh edərkən qeyd edib ki, rəsmi Bakı üçün anklavlar və onlara gedən yollar, eləcə də azərbaycanlıların Ermənistanda məskunlaşdırılması məsələləri də önəmlidir. Belə ki, bu barədə axar.az-da yer alan informasiyaya görə, Xaçikyan dəhliz məsələsinin, eləcə də ermənilərin Qarabağa qayıtmamasının da Azərbaycan üçün vacib olaraq qaldığını vurğulayıb. O bildirib ki, Ermənistandakı hazırkı rejim hakimiyyətə gəlməzdən öncə də Qarabağ ermənilərinə düşmən idi və indi onları geri qaytarmaq fikri yoxdur. Erməni politoloq Azərbaycanın Ermənistanın nəzarətində olmayacaq eksterritorial dəhliz əldə edə biləcəyini istisna etməyib: "Hakim rejim ölkəni Türkiyə və Azərbaycan ordularının Ermənistan ərazisində kəsişmə nöqtəsinə çevirmək istəyindən danışarkən Ermənistanın gələcəyini düşünürmü? Daha nə baş verməlidir ki, hakimiyyət ən azı nəsə edə bilsin və Ermənistan ərazisinin toxunulmazlığını təmin etsin?" Xaçikyan xatırladıb ki, beynəlxalq münasibətlər güc və maraqlara əsaslanır: "Azərbaycan öz gücünü hiss edir və dayanmayacaq, addım-addım bizi boğacaq. Bu faciənin sonu görünmür".
"Ermənistan qoşunların sərhəddən güzgü prinsipi ilə geri çəkilməsi təklifini irəli sürür, lakin bu, sülh müqaviləsinə salına bilməz"
Beləliklə, mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlandıqdan sonra Nikol Paşinyan Rusiyanın orbitindən rəsmən uzaqlaşmaq barədə qərarlar qəbul edə bilər: "Hesab edirəm ki, Paşinyan ilk növbədə, Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxaracaq. Paşinyan bununla bağlı açıqlamalarında bir neçə dəfə KTMT-nin Ermənistanın təhlükəsizlik maraqlarına cavab vermədiyini və bu təşkilatdan çıxmaq barədə siyasi iradəyə malik olduğunu qeyd edib. Fikrimcə, o, MDB-dən çıxmaq istiqamətində də addımlar atacaq. Çünki rəsmi İrəvan Qərbdən siyasi dəstək almaqdadır. Ermənistan rəsmən KTMT-dən çıxmağa başlayarsa, Moskva ciddi şəkildə hərəkətə keçəcək".
Milli Cəbhə Partiyasının sədr müavininin qənaətincə, ABŞ Ermənistanın Rusiyanın siyasi-hərbi orbitindən çıxması üçün rəsmi Bakı ilə İrəvan arasında sülh müqaviləsinin labüdluyünü qəbul edib və bu istiqamətdə Türkiyə ilə sıx əməkdaşlıq edir: "Odur ki, Azərbaycanın Ermənistanla danışıqlar prosesində ABŞ kimi Türkiyə də yer alıb. Düşünürəm ki, Vaşinqton-Ankara-Baki üçtərəfli danışıqlar müsbət istiqamətdə davam edəcək".
Məhəmməd Əsədullazadə onu da əlavə edib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda görüşü baş tutarsa, o zaman sülh müqaviləsinin razılaşdırılmayan detalları müzakirə ediləcək: "Hesab edirəm ki, Vaşinqtonda görüşə ehtiyac yoxdur. Çünki bu görüşdə Ermənistan və ABŞ maraqlıdır. Ermənistan tərəfi qoşunların sərhəddən güzgü prinsipi ilə geri çəkilməsi təklifini irəli sürür. Ümumiyyətlə, bu təklif sülh müqaviləsinə salına bilməz. Bundan başqa, Ermənistan Zəngəzurdan maneəsiz giriş-çıxış verməkdə maraqlı deyil. Artıq Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın qoşunların sərhəddən geri çəkilmək təklifinin qəbuledilməz olduğunu bəyan edib. Naxçıvana maneəsiz giriş-çıxış təmin edilməsi də sülh müqaviləsində yer almaya bilər. Bu məsələlər sülh müqaviləsindən sonra müzakirə edilə bilər". Bir müddətdir ki, Brüssel və Vaşinqtonun yenidən vasitəçilikdə aktivləşdiyini vurğulayan politoloq bildirib ki, Azərbaycan sülh müqaviləsinin detallarını qardaş Türkiyə ilə kordinasiya edir, Ankaranı bu məsələdə kənarda qoymur: "Çünki Ankaranın prosesdə olması Azərbaycanın mövqeyini gücləndirir və Türkiyənin də masada olduğu mesajını verir".
"ABŞ Türkiyənin Cənubi Qafqazda fəallaşmasından narahat olmamalıdır, çünki əks halda Vaşinqtonun bölgədəki əsas rəqibləri Rusiya və İranı durdurmaq çətin olacaq"
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, erməni ekspertlərin mütləq əksəriyyətinin fikrincə, Azərbaycan və Türkiyənin məqsədi Ermənistanı tədricən zəiflətmək və vassal dövlətə çevirməkdir: "Onlar bu fikirdədir ki, Ermənistan zəif olduğundan sülh sazişi onların xeyrinə olmayacaq və Azərbaycan sülh sazişinin bəndlərini yerinə yetirməyəcək. Əlavə olaraq onu da bildirirlər ki, Azərbaycan və Türkiyənin məqsədi Ermənistanı tədricən zəiflətmək və vassal dövlətə çevirməkdir. Nə qədər ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayırdı, erməni ekspertlər Ermənistanın Azərbaycanın vassalına çevrilməsi ehtimalını ağıllarına belə gətirmirdilər, mənim özümə müxtəlif beynəlxalq konfranslarda yekəxana şəkildə deyirdilər ki, "Qarabağı unudun". Hazırda vəziyyət kardinal şəkildə dəyişdiyinə görə ağlaşma halındadırlar".
Elxan Şahinoğlu əlavə edib ki, Türkiyə bölgədə gücləndikdən və söz sahibinə çevrildikdən sonra Ankara Rusiyanın Azərbaycana mümkün təzyiqlərini zəiflətdi və bu bizə 3 il ərzində işğala son qoymağa, ərazi bütövlüyümüzü bərpaya şərait yaratdı: "O da həqiqətdir ki, Qarabağın azad edilməsi türk dövlətləri arasında inteqrasiyanı gücləndirib. Böyük ehtimalla, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Qarabağın azad edilməsi müsbət ab-havanı gücləndirib" dedikdə bunu da nəzərdə tutub".
Türkiyənin Cənubi Qafqazda fəallaşmasına da toxunan politoloqun qənaətincə, ABŞ NATO-dakı müttəfiqinin regionda aktivləşməsindən ən azı narahat olmamalıdır, çünki əks halda Vaşinqtonun bölgədəki əsas rəqibləri Rusiya və İranı durdurmaq çətin olacaq: "Buna baxmayaraq, Vaşinqton-Ankara münasibətlərində son illərdə o qədər suallar yaranıb ki, ABŞ-ın birmənalı şəkildə Türkiyənin Cənubi Qafqazda mövqelərinin möhkəmlənməsində maraqlı olduğunu söyləmək də çətindir. İki ölkə arasındakı sualların çoxluğuna Türkiyənin xarici işlər naziri Hakan Fidan amerikalı həmkarı Antoni Blinkenlə telefon danışığındakı mövzular da dəlalət edir. Telefon danışığı zamanı İsveçin NATO-ya üzvlüyü, F-16 məsələsi və Qəzzadakı ağır durum müzakirə olunub. Bu mövzularla bağlı yaxınlaşma meylləri olsa da, iki ölkənin baxışlarında fərqliliklər ortadan qaldırılmayıb. Hər halda Vaşinqtonun siyasi dairələrində onu anlamamış deyillər ki, dəstək verdikləri Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan başqa alternativi yoxdur. Fərqli alternativ bölgədə gərginliyin davamıdır ki, Ermənistanın yenə məğlub olacağını Vaşinqtonda proqnozlaşdırmamış deyillər. Bu isə Ermənistanda zorakı hakimiyyət dəyişikliyinə və Kremlin bu ölkədə mövqelərinin möhkəmlənməsinə şərait yaradacaq ki, bu Amerikanın maraqlarına ziddir".
Vazeh BƏHRAMOĞLU