Sülh müqaviləsinə gedən yol: İrəvanın itaətdən başqa yolu yoxdur
Qlobal dünyanın istənilən yerində daimi sülhün və sabitliyin təminatı ölkələrin qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq sərhədlərin tanımasından keçir.
Beynəlxalq hüququn normalarına, o cümlədən BMT-nin nizamnaməsinə əsaslanmayan hər hansı sülh sazişi ölkələrarası hərbi-siyasi gərginliyin azalmasına və münasibətlərin nizamlanmasına məlhəm ola bilməz.
Həmçinin, Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh sazişi də beynəlxalq hüququn normaları - ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanınmasından keçir. Azərbaycan beynəlxalq tədbirlərdə dəfələrlə bu normaların zəruriliyini bəyan edib. İlk növbədə qeyd edək ki, son zamanlar ABŞ, Avropa İttifaqı və Rusiyanın vasitəçiliyi ilə Azərbaycan-Ermənistan sülh prosesi üzrə keçirilən mütəmadi danışıqlar artıq öz bəhrəsini verməyə başlayıb.
İstər Vaşinqton, istərsə Brüssel, istərsə də Moskva görüşlərində, habelə iyunun 1-də Kişineuda baş tutan beştərəfli görüşdə Azərbaycan və Ermənistan rəhbərliyi bir sıra mühüm məsələlərlə bağlı ümumi razılığa gəlib.
Hətta keçən ayın ilk günlərində ABŞ Dövlət Departamentinin katibi Entoni Blinkenin vasitəçiliyi sahəsində Vaşinqtonda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə “Sülh və münasibətlərin normallaşması” ilə bağlı rəsmi sənəd tərtib olunub. Deyilənə görə, bu sənəddə sülh prosesini və münasibətlərin nizamlanmasını hərtərəfli tənzimləyəcək müddəalar qeyd olunacaq.
Son proseslər fonunda irəliləyişlər, yəni Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağı Azərbaycan Respublikasının ərazi bütövlüyünün tərkib hissəsi kimi tanıması, Azərbaycan və Türkiyə ilə qonşuluq münasibətlərin qurulmasının əhəmiyyətini bəyan etməsi, o cümlədən Ermənistan vasitəsilə Azərbaycanın qərb əraziləri ilə Naxçıvanı birləşdirən nəqliyyat kommunikasiyaların açılması istiqamətində müəyyən razılaşmaların əldə olunması son diplomatik danışıqların təzahürləri kimi hesab oluna bilər. Amma bütün bunlar Azərbaycan ilə Ermənistan arasında əbədi sülh müqaviləsinin imzalanması üçün kifayət deyil.
Rusiya sülhməramlı kontigentinin müvəqqəti nəzarəti altında olan ərazilərimizdə hazırki siyasi vəziyyət, yəni qondarma rejimin mövcudluğu və erməni separatçılarının Rusiyanın manipulyasiyası ilə özbaşnalıqlara əl atması, o cümlədən həmin ərazilərdə Ermənistan ordusunun tör-töküntüləri və digər qeyri-qanuni erməni silahlı birləşmələrin tərkisilah olunmaması Bakı ilə İrəvan arasında sülh prosesinin intensivləşməsinə imkan verməyəcək. Əksinə bütün bunlar son danışıqlarda əldə olunan nəticələri də heçə endirəcək. Hətta təəssüflə qeyd etmək lazımdır ki, Ermənistan hələ də qondarma rejimə maliyyə dəstəyini davam etdirir. Sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıyan Ermənistan hakimiyyəti ölkəmizin Qarabağın ermənilərin məskunlaşdığı dağlıq əraziləri üzərində suverenliyini tanımaq istəmir.
Bu, Paşiyan hakimiyyətinin Qarabağdakı ermənilərin hüquqları və təhlükəsizliyi ilə bağlı bəyanatlarında aydın görünür. Son sülh danışıqlarında, eləcə də yerli mətbuata açıqlamalarında Paşinyan və onun komandası qeyd ediblər ki, Ermənistan Qarabağda məskunlaşan ermənilərin nümayindələri ilə Azərbaycan rəhbərliyi arasında dialoqun beynəlxalq mexanizm çərçivəsində aparılsının tərəfdarıdır. Əlbəttə, bu da Azərbaycan üçün qəbuledilməzdir.
Çünki Qarabağdakı ermənilərin hüquqları və azadlıqlarının təminatı məsələsi Azərbaycanın daxili məsələsidir və heç bir beynəlxalq qüvvə ölkəmizin bu məsələsinə müdaxilə edə bilməz. Onu da çox yaxşı bilirik ki, Ermənistanın siyasi baxışında beynəlxalq mexanizm Qarabağın dağlıq ərazilərində beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsidir.
Əlbəttə ki, Ermənistan həmin sülhməramlıların içərisində daha çox Fransanı görmək istəyir. Əslində Ermənistanın bu məsələdə inadkarlığı daha çox Rusiyanın geosiyasi maraqlarına xidmət edir. Ona görə ki, bu məsələdə fikir ayrılığı Azərbaycanla Ermənistan arasında ziddiyyətləri artıracaq və sülh prosesinə ciddi əngəl yaradacaq. Belə bir durumun mövcudluğu şəraitində Azərbaycanla Ermənistan arasında əbədi sülh müqaviləsinin imzalanması qeyri-mümkün görünür.
Daha doğrusu, region hərbi qarşıdurmalar içərisində qaynamağa davam edəcək. Sülhə aparan ilkin çərçivə sazişi imzalansa belə, bu, öz müsbət nəticəsini verməyəcək. Sülh müqaviləsinin imzalanması üçün Ermənistan tərəfi ilk növbədə Qarabağdan bütün qoşunlarını geri çəkməli, qondarma quruma maliyyə dəstəyini və separatçılar ilə olan təmaslarını dayandırmalı, həmçinin ölkəmizin daxili işlərinə qarışmaqdan əl çəkməlidir.
Eyni zamanda, bu ölkədə Azərbaycanın ərazi bütövlüyünə qarşı yönələn bütün qanunvericilik aktları, qətnamələr və digər sənədlər ləğv edilməlidir. Bununla bərabər, Qarabağda qondarma rejim və ona bağlı olan bütün qeyri-qanuni silahlı dəstələr tam aradan qalxmalı, Azərbaycanın tam yurisdiksiyası altında bölgədə təhlükəsizlik və qayda-qanun bərqərar olunmalıdır.
Bütün bu məsələlər öz həllini tapdığı təqdirdə Azərbaycan ilə Ermənistan arasında beynəlxalq hüquqa söykənən sülh müqaviləsi imzalanacaq. Belə bir sülh müqaviləsi həm Azərbaycan, həm də Ermənistanında sülh, sabitlik və əmin-amanlığın təmin olunmasına müsbət təsir göstərəcək. Onu da qeyd etmək lazımdır ki, Ermənistanın öz öhdəliklərini yerinə yetirmədiyi halda Azərbaycanın özü lazımi cavab tədbirləri ilə ərazisində sülhü təmin edəcək.
Azərbaycanın özü qondarma qurumu tarixə göndərəcək, qeyri-qanuni silahlı birləşmələri məhv edəcək. Bəlkə, Şuşada olduğu kimi Xankəndidə də hərbi əməliyyatlar yolu ilə bayrağımızı qaldıracağıq. Ermənistanın da sakit şəkildə, itaətkarcasına Azərbaycanın tələb etdiyi sülh sazişini imzalamaqdan başqa çarəsi qalmayacaq.
Yunis Abdullayev
Cebhe.info