📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Sülh müqaviləsinin bu il imzalanması təxirə salınır, Qarabağ mövzusu dondurulur, lakin..." - ZAUR MƏMMƏDOV

2022-11-02 15:00:00

"Son baş verənlər Qərb-Ermənistan, Qərb-Azərbaycan, Rusiya-Ermənistan, Rusiya-Azərbaycan münasibətlərinə yeni çalarlar verəcək"

"Nikol Paşinyanın bu gün dedikləri bir daha fikrimizdə haqlı olduğumuzu göstərdi. Bir bəyanat və bağlı qapılar arxasındakı xəbərdarlıqla Nikol Paşinyan Brüssel platformasında üzərinə götürdüyü bütün öhdəliklərin üstündən xətt çəkdi. Əgər Soçiyə qədər Paşinyan iqtidarı Azərbaycanın sərhədlərini və suverenliyini tanıyacağını qeyd edirdisə, Qarabağın statusu mövzusundan imtina etmişdisə və Ermənistanı Qarabağsız görürdüsə, hazırda vəziyyət yenidən əvvəlki halını aldı". Hurriyyet.az xəbər verir ki, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov qeyd edib.

Politoloq hesab edir ki, sülh müqaviləsinin bu il imzalanması təxirə salınır, Qarabağ mövzusu dondurulur: "Lakin bunu təklif edənlər başa düşməlidirlər ki, 30 il ərzində də bu mövzu dondurulmuşdu. Nəticə isə 44 günlük müharibə ilə yekunlaşdı. Ermənistan rəhbərliyi öz sərhədlərinə Qərbin xüsusi missiyasını göndərərək və Qarabağla bağlı xaricdən ona gələn əmri yerinə yetirməklə öz aləmində irəliləyiş əldə etdiyini düşünsə də, əslində bu dəfə Ermənistan dövlətinin özünün gələcəyi şübhə altına düşmüş oldu. Bu arada, son baş verənlər Qərb-Ermənistan, Qərb-Azərbaycan, Rusiya-Ermənistan, Rusiya-Azərbaycan münasibətlərinə yeni çalarlar verəcək".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az