📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Sülhməramlı qüvvələrlə bağlı ciddi planımız olmalıdır" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2021-12-10 13:23:00

"Çünki post-Putin dövründə Azərbaycan və Rusiya əlaqələrində problemlərin ortaya çıxması istisna deyil"

"Rusiyanın Qarabağda etnik ermənilərin yaşadığı ərazidə sülhməramlı fəaliyyəti dörd ildən sonra ciddi problemlə üzləşəcək. Çünki Azərbaycan dörd ildən sonra sülhməramlı qüvvələrin fəaliyyətinin sonlandırılmasını tələb edəcək". Hurriyyet.az-ın məlumatına görə, bu fikirlər Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadəyə məxsusdur.

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri hesab edir ki, bu da yeni gərginliyə yol açacaq: "Əks təqdirdə, Rusiyanın qarşısında əsas şərt irəli sürüləcək. Birinci, silahlı erməni birləşmələri ləğv edilir. İkincisi, Laçın dəhlizində Azərbaycan postu yaradılır. Üçüncüsü isə separatçı rejim ləğv edilməlidir. Əgər Rusiya bu şərtlərə əməl etməyəcəksə, Azərbaycana qarşı yeni təhlükə olacaq. Rusiya buradan Azərbaycana qarşı erməni təxribatlarına rəvac verəcək. Sülhməramlı qüvvələrin hazırkı missiyası bir il ərzində yalnız erməni separatizmini müdafiə etmək olub və silahlı erməni birləşmələrini Azərbaycanın təzyiqindən qoruyub. Bu da birmənalı olaraq sülhməramlı qüvvələrin ölkəmizə qarşı fəaliyyətini əks etdirir".

Milli Cəbhə Partiyasının sədr müavini əlavə edib ki, post-Putin dövründə Azərbaycan və Rusiya əlaqələrində problemlərin ortaya çıxması da istisna deyil: "Ona görə də sülhməramlı qüvvələrlə bağlı ciddi planımız olmalıdır".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az