"Süni zəka sahəsində qonşuların kölgəsində qalmağımız təhlükəlidir" - İLQAR MƏMMƏDOV
"Əmək məhsuldarlığına görə Gürcüstan və Ermənistandan 7 və 21 faiz geridəyiksə, bizdə süni zəkaya tələbat və maraq artmasa, bundan sonra daha da geri qalacağıq"
"Yenə televiziyaların davasını edirsiniz. Boş verin. Televiziyalar XX əsrin hekayəsidir. XXI əsrin hekayəsi süni zəkadır. Bu hekayədə qonşuların kölgəsində qalmağımız daha təhlükəlidir". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov qeyd edib.
Partiya sədri hesab edir ki, indinin özündə əmək məhsuldarlığına görə Gürcüstan və Ermənistandan 7 və 21 faiz geridəyiksə, bizdə süni zəkaya tələbat və maraq artmasa, bundan sonra daha da geri qalacağıq: "Televiziya əmək məhsuldarlığına ancaq ötən əsrdə bərk təsir edib. İndi önəmi cüzidir və getdikcə daha da zəifləyəcək. Süni zəkanın ən qabaqcıl sahəsi yeni məhsul yaradan "generativ" süni zəkadır. Şirkətlərdən biri bu yaxınlarda generativ süni zəkaya marağı ölkə-ölkə qiymətləndirəndə məlum oldu ki, Azərbaycanda insanlar ayda hər 100 min nəfərə cəmi 97 generativ süni zəka axtarışı verirsə, Ermənistanda bu rəqəm 232, Gürcüstanda 449-dur. REAL Partiyası hər dəfə yeni məsələ qaldırandan sonra bilirsiniz də nə olur? İndi də elə olacaq. Hakimiyyət televiziyalara ayırdığı neft pullarından kəsib süni zəka sahəsində fəallıq görüntüsü yaradan layihələrə atacaq. Amma bu, heç nəyi dəyişməyəcək. Texnoloji irəliləyişi ancaq azad, qanun aliliyi hökm sürən, monopoliyasız iqtisadi mühit yaşada bilər. Bu cür mühiti YAP bacaran deyil. Parlament seçkisində bizə səs verərsəniz, REAL partiyası bacaracaq".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az