Suraxanıda “8 Noyabr- Tarixin Zəfər imzası” adlı tədbir keçirildi - Fotolar
Suraxanıda Şanlı tariximizin ən şərəfli və qürurverici səhifələrinə həkk olunmuş 8 noyabr – Zəfər gününün 6-cı ildönümü münasibətilə “8 Noyabr- Tarixin Zəfər imzası” adlı tədbir keçirilib.
Hurriyyet.net xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Milli Məclisin deputatları Afət Həsənova, Qaya Məmmədov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nin müavinləri, şəhidlərimizin ailə üzvləri və qazilər, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Suraxanı rayonunda adını daşıyan parkda ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar. Daha sonra Rayon İcra Hakimiyyətinin akt zalında davam edən tədbirdə Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Zəfər gününə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Zəfər Gününün 6-cı ildönümü münasibətilə şəhid ailələrini, qaziləri və müharibə iştirakçılarını təbrik edib, üçrəngli bayrağımızın tarixi torpaqlarımızda daim əzəmətlə dalğalanacağını qürur və əminliklə vurğulayıb. RİH başçısı bildirib ki, 8 Noyabr – Zəfər Günü milli birliyimizin, yenilməz iradəmizin və qəhrəmanlığımızın təntənəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə 30 ilə yaxın davam edən işğala son qoyaraq ölkəmizin ərazi bütövlüyünün bərpasını təmin edib. A.Əliyev qeyd edib ki, bu möhtəşəm Zəfərin təməlində Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə əsası qoyulan dövlət quruculuğu və inkişaf siyasəti dayanır. Məhz həmin siyasi kursun Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə, müasir və güclü ordunun formalaşmasına, xalqımızın uzun illər həsrətində olduğu tarixi torpaqlarına qovuşmasına zəmin yaradıb. Vurğulanıb ki, bu gün xalqımız qalib xalq, Azərbaycan isə qalib dövlət kimi tarixinin ən şərəfli dövrünü yaşayır.
Tədbirdə çıxış edən Vətən müharibəsi şəhidi Ceyhun Mustafazadənin atası və Birinci Qarabağ müharibəsi qazisi Şükür Mustafazadə, Vətən müharibəsi qazisi, baş leytenant Bəhruz Hüseynov xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin əhəmiyyətindən, şəhidlərimizin qəhrəmanlığından və Azərbaycan Ordusunun Şanlı Zəfər yolundan danışıblar. Bildirilib ki, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanlarımızın əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq, onların göstərdikləri şücaət gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsi olacaq.
Tədbir daha sonra bədii proqramla davam etdirilib. Konsert proqramında xalq artistləri Teyyub Aslanov və Nəzakət Teymurova, əməkdar artist Zakir Əliyev, eləcə də estrada müğənnisi Leyla İdrisova çıxış ediblər. İfaçılar tərəfindən vətənpərvərlik, milli birlik və Zəfər ruhunu tərənnüm edən musiqi nömrələri səsləndirilib.
Tədbirin davamı olaraq Bülbülə qəsəbəsində yerləşən istirahət parkında 8 Noyabr – Zəfər Günü münasibətilə şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş abidə kompleksinin açılış mərasimi keçirilib. Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsi məqsədilə ucaldılan abidə kompleksi şəhidlərimizə göstərilən dərin ehtiramın, onların qəhrəmanlığına verilən yüksək dəyərin ifadəsi kimi xüsusi əhəmiyyət daşıyır.


