📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Suren Papikyan Zakir Həsənova zəng etmək istəyir - ilginc gəlişmə

2021-11-24 11:25:00

Suren Papikyan Zakir Həsənova zəng etmək istəyir - ilginc gəlişmə

Azərbaycan və Ermənistan liderləri insidentlərin qarşısını almaq üçün müdafiə nazirləri səviyyəsində birbaşa rabitənin yaradılmasına razılaşıblar?

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda insidentlərin qarşısını almaq üçün müdafiə nazirləri səviyyəsində birbaşa rabitə xəttinin yaradılması barədə razılığa gəlib.

Hurriyyet.az  erməni mediasına istinadən xəbər verir ki, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin hər iki ölkə liderləri ilə telefon danışığından sonra qurumun yaydığı məlumatda sözügedən bu məsələ barədə qeyd edilib. Ardınca ABŞ Azərbaycanla Ermənistan arasında müdafiə nazirlikləri vasitəsilə birbaşa əlaqə xəttinin yaradılması barədə qərarı alqışlayıb. Bunu Vaşinqtonun Bakıdakı səfiri Li Litzenberger deyib. Ancaq əvvəlki dövrlərdə buna bənzər təkliflər olsa da, reallaşmayıb. İndi belə bir mexanizm işləyə bilərmi? Hər hansı gərginliklər yaşandıqda Ermənistanın müdafiə naziri Suren Papikyan azərbaycanlı həmkarı Zakir Həsənova vasitəçi olmadan zəng edə bilərmi? Çünki noyabrın 16-da sərhəddə baş verən bir günlük müharibəni Rusiya müdafiə naziri Sergey Şoyqunun zəngləri dayandırdı. O, hər iki həmkarına zəng etdikdən sonra atəşkəs əldə olundu. İndi isə Qərb Rusiyanın əlindən bu inhisarı da almaq üçün tərəfləri bir-biri ilə yaxınlaşdırmaq xəttini tutub. Yəni hər hansı hərbi təxribat və yaxud toqquşma baş verəndə Şoyqunun vasitəçiliyi olmadan, Kremlin zəngini gözləmədən tərəflər telefon əlaqəsi qursunlar, məsələni ikitərəfli danışıqlarla yoluna qoysunlar. Ancaq istənilən halda, əldə edilən razılaşma təqdir olunmalı haldır. Ən azından telefon zəngi ilə müəyyən məsələlər razılaşdırıla bilər, əgər anlaşma sözdən əmələ keçərsə...

Üzeyir Cəfərov: “Azərbaycan ordusunun güclənməsini istəmirlər”

 Üzeyir Cəfərov: “Telefon zəngində Papikyandan Araik və dəstəsini çıxarmağı tələb etsək...”

Polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a Avropanın və Ermənistanın havadarlarınn baş qatdığını, vaxt udmağa çalışdığını açıqladı. Onun sözlərinə görə, heç bir beynəlxalq güc İrəvana təzyiq göstərmir ki, Azərbaycanla mehriban qonşuluq əlaqələri qursun, gərginliyə birdəfəlik son qoyulsun. “Bu cür təşəbbüslər, təzyiqlər olmadığı halda yeni ideyalar ortaya çıxarırlar. Bundan qabaq da nazirlər səviyyəsində birbaşa rabitə təklifləri olub, amma heç bir zəngləşmə qeydə alınmayıb. Qərb bu cür razılaşmaları alqışlayır, digər tərəfdən, demək istəyir ki, növbəti hərbi toqquşma, insident istisna deyil. Ona görə ki, Ermənistanın bəyanatlarına nəzər yetirmək lazımdır: ”artsax" iddiası davam edir, separatçıbaşı Araik Xankəndində fəaliyyət göstərir, Zəngəzur dəhlizinin açılmasına qarşı müqavimət var, bir sözlə, İrəvanın siyasətində hansı dəyişiklik olub?", - deyə Ü.Cəfərov vurğuladı.

Ü.Cəfərovun fikrincə, nəzəri olaraq müdafiə nazirləri zəngləşsə belə, hansısa razılaşmanı təsəvvür etmir: “Telefon zəngində Papikyandan Araik və dəstəsini çıxarmağı tələb etsək, yaxud tutub bizə təhvil verməsini istəsək, icra edəcək? Qətiyyən yox. Onda nədən danışmaq olar? İnsidenti yaradan, terroru törədən də oradakı dəstələrdir, Mirzoyan kimilərdir. Avropa İttifaqının razılaşma dediyi telefon əlaqəsi odur ki, hansısa qüvvələr Qarabağdakı terrorçuları, separatçıları dəstəkləyirlər. Bu məsələdə Qərblə Rusiyanın qarşıdurması gedir və üstünlük qazanmağa çalışırlar. Amma nəticədə yenə toqquşma olacaq, Azərbaycan və erməni tərəfi itki verəcək. Eyni zamanda Ermənistanın ipi rusun əlindədir, məsələləri Rusiya həll edir. Bakının Moskva ilə yaxşı münasibəti var, onunla danışıb həll edirik. Paşinyan gah sülh müqaviləsindən, gah kommunikasiyaların açılmasından danışır, yaxşı, Azərbaycanın ərazi bütövlüyünü tanısa, Qarabağdakı silahlı erməni tör-töküntüsü necə olacaq, bizdə əsir qalacaqlar? Bu məsələlər aydınlaşmalıdır, heç bir iş getmir. Əgər Rusiya Ermənistandan onların rədd olub getməsini tələb etsə, günü bu gün icra edərlər”.