"Suriya ilə əlaqələrin normallaşdırılması Türkiyənin əlini gücləndirəcək" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ
"Ankara Moskva ilə Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasında müəyyən razılaşmaya gələ bilər"
"Moskvada baş tutan Suriya üzrə Türkiyə-Rusiya danışıqları prosesində müsbət nəticə əldə edilib. Bununla da İranın da iştirakçı olduğu "Astana" formatı süquta uğradı. Bu danışıqlarda Türkiyəni müdafiə naziri Hulusi Akar və Milli Kəşfiyyat İdarəsinin sədri Hakan Fidan təmsil edirdi. Suriyanı isə müdafiə naziri təmsil edir. Artıq rəsmi Ankara Suriya hakimiyyəti ilə münasibətlərin normallaşdırması istiqamətində addımlar atır". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə qeyd edib.
Politoloq hesab edir ki, Dəməşqlə əlaqələrin normallaşdırılması bir neçə aspektdə Ankaranın əlini gücləndirəcək: "Birincisi, Ankara və Dəməşq arasında siyasi münasibətlərin normallaşması PKK/YPG terror təşkilatının Suriyanın şimalında varlığına böyük zərbə vuracaq. İkincisi, Türkiyə Yaxın Şərqdə mövqelərini gücləndirməklə İranın Suriyada varlığını zəiflədəcək. Üçüncüsü, Türkiyədə Suriya qaçqınlarının təhlükəsiz geri qaytarılması prosesi başlayacaq. Dördüncüsü, Türkiyənin Rusiya ilə Suriya məsələsində ortaq məxrəcə gəlməsi, Cənubi Qafqazda sülhün əldə edilməsi istiqamətində müsbət rol oynamaqla Ankaranın regionda əsas oyunçu olmasını şərtləndirəcək. Xüsusilə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasında Ankara Moskva ilə müəyyən razılaşmaya gələ bilər".
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin sözlərinə görə, Türkiyə və Suriya arasında danışıqların müsbət nəticələnməsi Yaxın Şərqdə təhlükəsizliyin təmin edilməsinə, həm də İsrailin İranla bağlı Suriyada narahatlığına son verəcək: "Rusiya Türkiyənin Suriyada rolunu qəbul edir və onunla hesablaşmağa məcburdur. Çünki Moskva Ukraynada üzləşdiyi hərbi məğlubiyyət fonunda Suriyada müharibə aparmaq üçün Ankara ilə qarşı-qarşıya gəlməkdə tərəddüd edir".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az