📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Suriya və İsrailin YENİ şahmat “partiyası” – Regionda güc balansı dəyişir

2026-09-25 17:15:10

Suriya və İsrailin YENİ şahmat “partiyası” – Regionda güc balansı dəyişir

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının kürsüsündən eşidilən sərt bəyanatlar və Nyu-York kulislərində verilən mesajlar Yaxın Şərqdə çox ciddi və uzunmüddətli geopolitik prosesin növbəti mərhələsinin başladığından xəbər verir. Ortaya çıxan mənzərə təkcə emosional söz dueli deyil, regionda tamamilə yeni şərtlər daxilində formalaşan güc balansının təzahürüdür.

Ekspertlər Colan təpələri ətrafında cərəyan edən son hadisələri üç əsas strateji müstəvidə qiymətləndirirlər. Suriyanın yeni rəhbərliyindən Əhməd əl-Şaraanın ABŞ Prezidenti Donald Trampla söhbətini xatırladaraq Nyu-Cersi haqqında etdiyi ironik açıqlama, əslində, hesablanmış diplomatik manevr kimi səciyyələndirilir. Bu yanaşmanın beynəlxalq birliyin diqqətini "özünə aid olmayan ərazini başqasına hədiyyə edə bilməzsən" prinsipinə çəkmək məqsədi daşıdığı bildirilir. Əsəd rejiminin çöküşündən sonra yeni Dəməşq rəhbərliyi hərbi baxımdan İsraillə açıq qarşıdurmaya hazır olmadığını anladığı üçün beynəlxalq legitimliyə söykənərək hüquqi və diplomatik təzyiq rıçaqlarını işə salır.

İsrailin Müdafiə naziri Yisrael Katzın cavab bəyanatları isə Təl-Əvivin klassik təhlükəsizlik doktrinasına əsaslanır. 2024-cü ilin dekabrında Əsəd rejiminin yıxılmasından dərhal sonra İsrail ordusunun bufer zonaya və Hermon dağının strateji zirvələrinə daxil olması ilk baxışdan "müvəqqəti təhlükəsizlik buferi" kimi qələmə verilsə də, Təl-Əvivin bu mövqeləri daimiləşdirmək niyyətində olduğu vurğulanır. Katzın "hücum olacağı təqdirdə yeni tutulacaq ərazilərin də əbədi İsrailə aid olacağı" xəbərdarlığı, regionda yaranmış güc boşluğundan maksimum istifadə edərək hərbi-strateji sərhədləri irəli çəkmək cəhdi kimi dəyərləndirilir.

Tramp administrasiyasının 2019-cu ildə Colan təpələrini İsrail ərazisi kimi tanıması hüquqi pretsedent yaratsa da, Kolumbiya kimi ölkələrin bu nümunəyə qoşulması tanınma coğrafiyasını genişləndirmək cəhdlərindən xəbər verir. Bununla belə, BMT, Avropa İttifaqı və beynəlxalq ictimaiyyətin böyük əksəriyyəti üçün Colan təpələri hələ də işğal olunmuş Suriya ərazisi statusunu saxlayır.

Bəs regionu nə gözləyir?

Kamran Məmmədli: “Bu müharibə hələ çox davam edəcək və dünyanı daha böyük  fəlakətlərlə üz-üzə qoyacaq” Pravda.az

Siyasi şərhçi Kamran Məmmədli Musavat.com-a deyib ki, BMT-nin bu son sessiyasında baş verənlər sadəcə iki siyasətçinin söz savaşı deyil, illərdir sürən diplomatik oyunların növbəti pərdəsidir:

“Mövcud dinamika Yaxın Şərqdə yaxın perspektivdə iki əsas ssenarinin toqquşacağını göstərir. Bir tərəfdən Suriyanın BMT və Ərəb Liqası platformalarında diplomatik eskalasiyanı artıraraq sanksiyalara nail olmaq cəhdləri, digər tərəfdən isə təhlükəsizlik zonasında radikal qrupların mövcudluğu fonunda lokal hərbi toqquşmaların böyük müharibəyə çevrilmə riski. Təl-Əvivin mövcud status-kvonu hərbi güclə qorumaq, Dəməşqin isə dəyişən geopolitik konyukturadan istifadə edərək bu vəziyyəti pozmaq istəyi, tərəflər arasında birbaşa dialoq mexanizminin olmaması ilə birlikdə böhranın yaxın vaxtlarda dinc həllini çətinləşdirir.

Suriyanın yeni lideri Əhməd əl-Şaraa Nyu-Yorkda Trampla söhbətini xatırladıb deyir ki, gəlin Nyu-Cersini verək israillilərə. Bəlkə kiməsə bu zarafat kimi gələ bilər, amma əslində burada çox acı bir həqiqət var! Şaraa açıqca demək istəyir ki, siz hansı haqla, hansı beynəlxalq hüquqla özünüzə aid olmayan bir xalqın, bir dövlətin torpağını aparıb başqasına hədiyyə edirsiniz? Colan təpələri Suriyanın namusudur, onun doğma torpağıdır! Və o kürsüdən də bəyan etdi ki, Colan Suriya torpağı olaraq qalacaq, İsrail ordusu da o bufer zonadan dərhal rədd olub çıxmalıdır.

İsrailin müdafiə naziri Yisrael Katz cavab olaraq dedi ki, “Colan əbədi olaraq İsrailindir”. Nazir hədələyib ki, “bizə hücum olunsa, təzə ələ keçirəcəyimiz torpaqlar da əbədi bizim olacaq”. Ailəsinin, torpağının müdafiəsinə qalxan insanlara “cihadçı” damğası vurub öz işğalçı siyasətlərinə bəraət qazandırmağa çalışırlar. 1967-ci ildən bəri işğal etdikləri yetmirmiş kimi, 2024-cü ildə Suriyadakı qarışıqlıqdan istifadə edib Hermon dağını və strateji zonaları “müvəqqəti” adı altında zəbt etdilər. Amma biz yaxşı bilirik ki, bu imperiya təfəkküründə “müvəqqəti” anlayışı yoxdur, onlar addım-addım torpaqları mənimsəmək xəttini tutublar”.

Siyasi şərhçi daha sonra deyib ki, bütün dünya Colan təpələrini Suriyanın işğal olunmuş ərazisi kimi tanıyır: “Amma ortada iki dövlətin riyakar mövqeyi var. 2019-cu ildə Trampın bir qərarı ilə ABŞ bunu tanıdı, indi də Kolumbiyada Trampın birbaşa dəstəyi ilə hakimiyyətə gətirilən sağçı hökumət eyni addımı atır. Bu, beynəlxalq hüququn açıq-aşkar tapdalanmasıdır, güclünün zəifə diktəsidir! Lakin unutmamaq lazımdır ki, heç bir işğal əbədi ola bilməz. Torpaq haqqı satıla və ya zarafat obyekti ola bilməz. Suriya xalqı öz ərazi bütövlüyü uğrunda mübarizəsindən vaz keçməyəcək və bu münaqişə Yaxın Şərqdə ədalət bərqərar olunana qədər qanayan yara kimi qalacaq”.