Şuşada “QoçƏt”dən qazilərə HÖRMƏTSİZLİK: 1 stəkan çayı vermədilər…
Jurnalist Vəfa Şəhlayi “QoçƏt” restoranının Şuşada qazilərə qarşı göstərdiyi hörmətsizliklə bağlı paylaşım edib.
Jurnalist paylaşımında bildirib:
“Şuşadakı “QoçƏt” bu qədər də olmaz… Vətən Müharibəsi qaziləri ilə Şuşaya gəlmişik. Günorta yemək yediyimizə görə bizi qəbul elədilər. Axşam çay içməyə getdik, əvvəlcə “Yaxşı gətirərik” dedilər. Sonra ofisiant gedib adminstratorla məsləhətləşib gəldi və bizə çay verə bilməyəcəklərini dedi. Çünki Bakıdan qonaqlar gəliblərmiş, millət vəkilləri var imiş, buna görə bizim sadəcə çay sifarişimiz qəbul olunmadı.
Gedib deyirəm ki, “Millət vəkili bunların sayəsində Şuşadadır, siz utanmırsınız onların formalarından?!”
Deyir, “Yuxarıda adamlar var, samovarda su qurtarıb””.
Vəfa Şəhlayi restoranlar şəbəkəsinin qazilərə endirim PR-nın da saxta olduğunu qeyd edərək, sərt tənqid edib:
“Bir ara da guya qazilərə endirim PR-ı edirdilər. O da boş şey imiş, yalnız Şuşadakı hərbçilərə və xüsusi endirim kartı olanlara aiddir. Sadəcə ayıb olsun, haram olsun!”
Jurnalist sonda, “Şuşaya gedənlərdən bu restoranı baykot etməyi xahiş edirəm”, – deyə bildirib. \\Yenicag.az