📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tağıyev qızlar məktəbi açdı, Cümhuriyyət hüquq verdi, “Molla Nəsrəddin” cəhalətlə döyüşdü - Növbə kimindir?

2026-10-13 17:11:50

Tağıyev qızlar məktəbi açdı, Cümhuriyyət hüquq verdi, “Molla Nəsrəddin” cəhalətlə döyüşdü - Növbə kimindir?

“Bəzən cəmiyyətin qarşısında elə məsələlər dayanır ki, onları yalnız qanunvericilik baxımından izah etmək mümkün olmur. Çünki mübahisənin görünən tərəfi bir geyim qaydası olsa da, dərinlikdə dövlətin mahiyyəti, təhsilin missiyası, dinin cəmiyyətdə yeri və gələcəyimizi hansı dəyərlər üzərində qurmaq istədiyimiz dayanır. Məktəblərdə vahid geyim qaydaları ətrafında yaranan müzakirələrə də məhz bu prizmadan baxmaq lazımdır”.

Bu fikirləri Musavat.com-a əməkdar müəllim Sona Əliyeva deyib.

sona1.jpg (35 KB)

Onun sözlərinə görə, məsələni yalnız hicab tərəfdarları ilə əleyhdarlarının qarşıdurmasına çevirmək həm problemin mahiyyətini kontekstdən çıxarır, həm də cəmiyyətin diqqətini daha vacib suallardan yayındırır:

“Azərbaycanın dünyəvi dövlət modelini, milli təhsil siyasətini və dövlətin qanuni qərarlarını müdafiə edirəm. Çünki dünyəvilik bizim üçün təsadüfi seçilmiş idarəçilik forması deyil. Bu, dövlətin bütün vətəndaşlara münasibətini müəyyən edən, təhsili dini mənsubiyyətdən asılı olmayan ümumi ictimai məkan kimi qoruyan prinsipdir. Dövlətin qəbul etdiyi qərarların arxasında dayanan məntiqi anlamaq üçün ilk növbədə məktəbin nə olduğunu düzgün müəyyənləşdirməliyik. Məktəb ailənin davamı olmaqla yanaşı, uşağın ailəsindən kənarda cəmiyyətlə tanış olduğu ilk böyük ictimai-sosail institutdur. Burada o, yalnız riyaziyyat, tarix, fizika öyrənmir. O, qanunun hamıya aid olduğunu, fərqli insanlarla birgə yaşamağı, şəxsi münasibətlə ictimai qayda arasındakı sərhədi də öyrənir. Məhz buna görə dövlət məktəbi yalnız ayrı-ayrı ailələrin dünyagörüşünün ifadə olunduğu məkan ola bilməz. Onun ümumi prinsipləri, müəyyən edilmiş qaydaları və hamı üçün aydın tələbləri olmalıdır. Əks halda, hər kəsin öz yanaşmasını ümumi qaydadan üstün tutduğu bir mühitdə vahid təhsil siyasətindən danışmaq çətinləşər. Vahid məktəbli geyimi də bu baxımdan yalnız zahiri görünüş məsələsi deyil. O, məktəbdə ümumi nizamın, eyni təhsil mühitinə mənsubiyyətin və müəyyən edilmiş qaydalara münasibətin bir elementidir. Həmçinin, məktəbin ümumi qaydalarını müəyyənləşdirmək dövlətin təhsil siyasətinin qanuni istiqamətlərindən biridir və bu qaydaların tətbiqi fərdi istəklərdən asılı vəziyyətə salınmamalıdır. Bu gün dövlətin dünyəviliyi müdafiə etməsi dinə qarşı mübarizə aparması demək deyil. Dindar insan da bu dövlətin vətəndaşıdır, onun hüquqları da qanunla qorunur. Lakin fərdi dini etiqadla dövlət müəssisəsinin fəaliyyət prinsipləri eyniləşdirilə bilməz. Şəxsin inancı ilə bağlı seçimləri ilə ümumi təhsil müəssisəsində tətbiq edilən qaydalar arasında hüquqi fərq mövcuddur. Bu məsələyə münasibət də emosiyalarla deyil, qüvvədə olan qanunvericilik və müəyyən edilmiş təhsil prinsipləri əsasında formalaşmalıdır”.

Sona Əliyeva onu da söyləyib ki, dini inancın cəmiyyətdəki yerini müzakirə edərkən də ifrat yanaşmalardan uzaq durmalıyıq:

“İnam insanın şəxsi mənəvi dünyasının bir hissəsi ola bilər. Ailələr uşaqlarına öz dəyərlərini, adət-ənənələrini, mənəvi məsuliyyət anlayışını ötürə bilərlər. Lakin dini dəyərlərə hörmət dövlətin təhsil siyasətini dini tələblərə uyğunlaşdırmaq öhdəliyi yaratmır. Eyni zamanda, dünyəvi təhsil də insanları inanclarına görə mühakimə etmək və ya onların mənəvi seçimlərini aşağılamaq üçün əsas ola bilməz. Bu iki yanaşma arasında sərhəd elə burada müəyyənləşir. Dövlət şəxsi inanca müdaxilə etmək üçün deyil, ümumi ictimai qaydanı və qanunun aliliyini təmin etmək üçün fəaliyyət göstərir. Bu sərhədi qorumaq həm dünyəviliyin, həm də hüquqi dövlətin tələbidir. Dünyəvi təhsil bizim üçün yad və kənardan gətirilmiş bir model deyil. Bu, Azərbaycanın öz tarixindən, maarifçilik ənənələrindən və dövlətçilik təcrübəsindən doğan seçimdir. 1901-ci ildə Bakıda Hacı Zeynalabdin Tağıyev müsəlman Şərqində ilk dünyəvi qız məktəbini açanda ona qarşı etiraz edənlər də var idi. Deyirdilər ki, qızın məktəbdə nə işi var. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçki hüququ verəndə bir çox Avropa ölkəsində qadınların siyasi hüquqları hələ tam tanınmamışdı. Mirzə Cəlil “Molla Nəsrəddin”in səhifələrində cəhalət və fanatizmlə mübarizəni qələmlə aparırdı. Bu gün biz həmin maarifçilik ənənəsinin varisləriyik. Dünyəvi məktəb bizim üçün sadəcə təhsil sisteminin bir hissəsi deyil, insanın biliyə, azad düşüncəyə və ictimai həyata çıxışını genişləndirən tarixi nailiyyətdir. Bu yolu qorumaq keçmişə hörmətlə yanaşmaqla yanaşı, gələcək nəsillər qarşısında məsuliyyətimizi də dərk etmək deməkdir. Eləcə də, bu məsələnin siyasi tərəfini də görməzdən gəlmək olmaz. Təhsil heç bir ölkədə siyasətdən tamamilə kənarda dayanmır. Çünki məktəb gələcək nəslin dünyagörüşünü, vətəndaşlıq şüurunu və dövlətlə münasibətini formalaşdırır. Hansı biliklərin verilməsi, hansı dəyərlərin aşılanması, uşağın cəmiyyətə necə hazırlanması strateji əhəmiyyət daşıyır. Azərbaycan dini amilin siyasi alətə çevrildiyi bir coğrafiyada yerləşir. Qonşuluqda din dövlət ideologiyasıdır və onun ixracı da bu siyasətin bir hissəsidir. Bu baxımdan, məktəblərdə baş verən son hadisələrin xaricdən idarə olunması ilə bağlı iddialara biganə qalmaq olmaz. Belə iddialar varsa, onlar emosiyalar və ehtimallarla deyil, faktlar və ciddi araşdırmalar əsasında qiymətləndirilməlidir. Ancaq mümkün xarici təsir risklərini görməzdən gəlmək olmaz. Dövlət öz milli maraqlarını, təhsil sisteminin müstəqilliyini və uşaqların təhlükəsiz inkişaf mühitini qorumaq məsuliyyəti daşıyır. Burada xüsusilə diqqət yetirməli olduğumuz bir məqam isə Azərbaycan cəmiyyətinin də, ailələrin də ən həssas nöqtələrindən birinin uşaqlar olmasıdır. Valideyn övladının gələcəyinə, təhlükəsizliyinə, mənəvi dünyasına toxunan məsələlərə biganə qala bilməz. Məhz bu həssaslıqdan sui-istifadə etmək, uşaqları böyüklərin siyasi və ideoloji mübarizəsinin vasitəsinə çevirmək yolverilməzdir., həm də vicdansızlıqdır. Uşağın dini inancını öyrənməsi ilə onun din adı altında radikal ideyalara yönəldilməsi eyni şey deyil. Eynilə, milli-mənəvi dəyərlərin aşılanması ilə uşağın müstəqil düşünməkdən uzaqlaşdırılması arasında ciddi fərq var. Məktəb yaşında olan uşaqların dünyagörüşü hələ formalaşma mərhələsindədir. Onlar eşitdikləri fikirləri, gördükləri görüntüləri və qarşılaşdıqları çağırışları böyüklər kimi təhlil etmək imkanına həmişə malik olmurlar. Bu səbəbdən dini və ya siyasi şüarlar vasitəsilə onların emosiyalarına təsir göstərmək, sual verməkdən çəkindirmək, elmi biliyi və tənqidi düşüncəni ikinci plana keçirmək təhlükəli nəticələr doğura bilər. Uşağa düşünməyi öyrətmək onu hər hansı dəyərdən uzaqlaşdırmaq deyil. Əksinə, ona doğru ilə yanlışı ayırmaq, iddiaları yoxlamaq, sual vermək və qərarlarını şüurlu şəkildə vermək imkanı yaratmaqdır. Həqiqi bilikdən qorxmayan, müxtəlif fikirləri təhlil edə bilən insan manipulyasiyaya qarşı daha dayanıqlı olur. Lakin dövlət siyasətinin gücü yalnız qərarın qəbulunda deyil, onun icrasında da görünür. Mərkəzdə müəyyən edilmiş qaydanın məktəbdə necə tətbiq olunması, valideynə hansı izahın verilməsi, uşağın təhsil hüququnun necə qorunması dövlət idarəçiliyinin keyfiyyətini müəyyənləşdirir.

Biz isə təhsil məsələsinə daha geniş baxmalıyıq. uşaqlarımızı hansı dünyaya hazırlayırıq? Onlar informasiya müharibələrinin, sosial şəbəkə təbliğatının, dini və siyasi manipulyasiyaların içində yaşayacaqlar. Belə bir şəraitdə yalnız qadağalarla kifayətlənmək mümkün deyil. Məktəb şagirdə məlumatı yoxlamağı, saxta xəbəri tanımağı, emosional çağırışla əsaslandırılmış fikri ayırmağı, qarşılaşdığı iddialara tənqidi yanaşmağı öyrətməlidir. Vətənpərvərlik də məhz bu səviyyədə məna qazanır. Vətənpərvərlik yalnız bayraq qarşısında dayanmaq, dövlət rəmzlərinə hörmət göstərmək və tarixi hadisələri əzbərləmək deyil. Vətənini sevən insan onun qanunlarını anlayır, dövlət institutlarının əhəmiyyətini dərk edir, ölkəsinin maraqlarını qorumağın məsuliyyətini daşıyır. Eyni zamanda, dövlətə bağlılıq savadlı, peşəkar, müstəqil düşünən və məsuliyyətli vətəndaş yetişdirmək məqsədindən ayrı təsəvvür edilə bilməz. Milli-mənəvi dəyərlərimizi qorumağın yolu uşaqları müasir bilikdən uzaqlaşdırmaq deyil. Azərbaycan ailəsinə hörmət, böyüyə ehtiram, Vətənə bağlılıq, tarixi yaddaş və mənəvi məsuliyyət dünyəvi təhsillə ziddiyyət təşkil etmir. Əksinə, bu dəyərlər elm, hüquq və vətəndaşlıq mədəniyyəti ilə birləşəndə cəmiyyətin dayanıqlığını gücləndirir. Biz uşaqlarımıza həm kim olduğumuzu, həm də dəyişən dünyada necə düşünməli olduğumuzu öyrətməliyik. Odur ki, uşaqlar böyüklərin siyasi və dini mübarizələrinin alətinə çevrilməməlidir. Uşağın emosional həssaslığından istifadə edərək onu qarşıdurmanın mərkəzinə yerləşdirmək, onun məktəb həyatını ictimai mübahisənin vasitəsinə çevirmək gələcəyimizə qarşı məsuliyyətsiz münasibətdir. Uşaq öz hüquqlarını bilməli, amma böyüklərin həll etməli olduğu siyasi münaqişələrin yükünü daşımamalıdır. Dövlətin vəzifəsi qanuni qaydaları qorumaq, təhsil hüququnu təmin etmək, mümkün qanunsuz müdaxilələri araşdırmaq və məktəblərdə sabit mühit yaratmaqdır. Cəmiyyətin vəzifəsi isə hər mübahisədə qarşı tərəf axtarmaq yox, dövlətçilik maraqlarını, hüquqi prinsipləri və uşaqların gələcəyini birlikdə düşünməkdir.

Mən Azərbaycanın dünyəvi dövlət modelini müdafiə edirəm, çünki bu model dövlətin dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara ümumi hüquqi çərçivə təqdim etməsinin əsasını təşkil edir. Mən dövlətin təhsil siyasətini müdafiə edirəm, çünki məktəbin missiyası ayrı-ayrı qrupların təsir mübarizəsinə deyil, bilikli və məsuliyyətli nəsil yetişdirməyə xidmət etməlidir. Mən milli-mənəvi dəyərlərimizi müdafiə edirəm, çünki köklərini tanımayan cəmiyyət gələcəyini də inamla qura bilməz.

Bu müzakirədə mənim üçün əsas prinsip elə budur. Dövlət öz qanuni qərarlarını həyata keçirməkdə qətiyyətli, hüquqların qorunmasında məsuliyyətli, təhsilin keyfiyyətini yüksəltməkdə isə daha iddialı olmalıdır. Çünki güclü dövlət yalnız sərhədlərini və qanunlarını qoruyan dövlət deyil. O, gələcək nəslin düşüncəsini, milli kimliyini və müstəqil qərarvermə qabiliyyətini formalaşdıran institutları da güclü olan dövlətdir.

Məktəbin qapısında mübahisə etdiyimiz məsələ bu gün bir geyim qaydası kimi görünə bilər. Əslində isə söhbət sabah Azərbaycanın necə vətəndaşlara, necə cəmiyyətə və hansı dövlətçilik şüuruna sahib olacağından gedir. Biz isə bu gələcəyi təsadüfə buraxa bilmərik”.