Talibandan diplomatik həmlə: "Çin və Rusiyaya dəvətnamə göndərməyi düşünürük"
Taliban yaxın vaxtlarda Rusiya Federasiyasının və ÇXR-in yüksək səviyyəli nümayəndə heyətlərini Əfqanıstana səfərə dəvət etmək istəyir. Bu barədə Taliban hərəkatının Qətər siyasi ofisinin rəsmi nümayəndəsi Məhəmməd Süheyl Şahin cümə günü nəşr olunan “Global Times”Çin qəzetinə müsahibəsində bildirib.
"Şahin, Talibanın Əfqanıstana Çin və Rusiyadan yüksək səviyyəli nümayəndə heyətləri dəvət etməyi planlaşdırdığını söylədi. O, həmçinin yüksək səviyyəli Əfqanıstan nümayəndə heyətlərinin Pekinə və Moskvaya səfər edə biləcəklərinə ümid etdiyini bildirdi", deyə qəzet yazır.
"Ancaq yeni hökumətin tərkibi yalnız bu yaxınlarda elan edildiyindən, dəvətnamələr hələ göndərilməyib, lakin onlar gündəmdədir", - qəzet yazır. Qəzet eləcə də qeyd edir ki, "əlaqədar problemlər həll edildikdən sonra, Taliban Əfqanıstana yüksək səviyyəli nümayəndə heyətləri dəvət edəcək".
"Şahinin sözlərinə görə, yeni hökumətin əsas prioriteti iqtisadiyyat sahəsi, iş yerləri açmaq və əhalinin həyat səviyyəsini yüksəltmək, Əfqanıstanı bərpa etmək, sabitliyi qorumaq və Əfqan xalqının dinc yaşaması naminə çalışmaq olacaq", - qəzet yazır.
Ülviyyə Şükürova
Hurriyyet.az