📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Taliban”ın yeni qərarını eşidən əfqanlar ümid növbələrinə düzüldülər

2021-12-20 17:14:00

“Taliban”ın yeni qərarını eşidən əfqanlar ümid növbələrinə düzüldülər

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadən xəbər verir ki, Əfqanıstanda hakimiyyətə gəlmiş taliblər ölkəyə yenidən yardım göndərilməsinə və investisiya qoyulmasına nail olmaq üçün beynəlxalq ictimaiyyətə verdikləri vədləri bir-bir yerinə yetirməyə başlayıblar. Ən son bəyan edilən qərar isə ölkədə uzun növbələrin yaranmasına səbəb olub.

ABŞ qüvvələrinin xaotik şəkildə ölkəni tərk eləməsindən sonra rəhbərliyə gələn “Taliban”ın ilk işlərindən biri pasport verilməsini və ölkədən çıxışları dayandırmaq olmuşdu.

Əfqanıstanın Daxili İşlər Nazirliyi dünənki açıqlamasında vətəndaşlara yenidən pasport veriləcəyini açıqlayıb. Qərardan sonra Əfqanıstanın paytaxtı Kabul şəhərində temperaturun sıfır dərəcədən aşağı olmasına baxmayaraq, pasport idarəsinin qarşısında minlərlə insandan ibarət uzun növbələr yaranıb. Əfqanların əksəriyyəti gecədən gözləməyə başlayıblar. Bəziləri yeni rejimdən xilas olmaq, bəziləri isə müalicə almaq üçün səbrlə pasport növbəsinə durublar.

“Taliban” iqtidara keçdiyi ilk günlərdə ölkəni tərk eləmək üçün Kabul hava limanında gözləyən 150 nəfərdən çox insanı qətlə yetirmişdi.

60 yaşlı Məhəmməd Osman Əkbəri ölkədəki xaraba qalmış xəstəxanalarda ürək əməliyyatı keçirə bilmədiyi üçün Pakistana getməyə çalışdığını söyləyib.

26 yaşlı Mürsəl Rəsuli isə xəbəri eşidəndə sevindiyini bildirərək deyib: “Burada vəziyyət sülhə doğru getmir. Bundan sonra daha da pisləşsə, pasportumla qaça bilərəm”.

Bir qadın isə həyat yoldaşının iş tapmadığı üçün İranda işlədiyini, qızlarının işləyib təhsil almalarını istədiyini söyləyib.

Kütləvi aclıq vəziyyətində olan Əfqanıstanda “Taliban”ın hakimiyyətə gəlməsindən sonra təxirə salınmış milyardlarla dollarlıq yardımın yenidən verilməsi üçün taliblər ard-arda yeni addımlar atmaqdadırlar.

Hürr Tərcüman