Taliblər dövlət məmurlarının amnistiyaya düşdüyünü elan elədilər
Hurriyyet.org “Frans Press” agentliyinə istinadən xəbər verir ki, Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” rəhbərliyi ümumi amnistiya elan edib və bu amnistiya dövlət məmurlarına da şamil edilib. Agentliyin taliblərin rəhbərliyindən gətirdiyi sitatda deyilir: “Siz tam əminliklə gündəlik həyatınıza qayıda bilərsiniz”.
Bəlli olduğu kimi, bazar günü “Taliban” üzvləri Kabulda Prezident sarayını ələ keçiriblər. Prezident Əşrəf Qəni xaricə qaçıb. Bazar ertəsinə keçən gecə “Taliban”ın siyasi ofisinin təmsilçisi Məhəmməd Naim 20 il davam edən müharibənin başa çatdığını bildirib. Yaxın zamanda ölkənin idarə üsulunun dəyişiləcəyi gözlənilir.
Dünən Kabul aeroportunda xaos hökm sürüb: hakimiyyət dəyişikliyi üzündən ölkəni tərk eləmək istəyən əfqanlar təyyarələrə sarı qaçıblar. Mediada əfqanların artıq yola düşən təyyarəyə dırmandıqları görünür. İnsanlar havada olan təyyarənin qanadlarından yerə düşüb həlak olublar.