📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Tam məsuliyyətimlə deyirəm, bu gün Azərbaycan kinosu...” – Eldəniz Quliyevlə gündəm MÜSAHİBƏSİ

2026-08-11 17:16:46

“Tam məsuliyyətimlə deyirəm, bu gün Azərbaycan kinosu...” – Eldəniz Quliyevlə gündəm MÜSAHİBƏSİ

Azərbaycanda yeni yaradılan Ssenaristlər Gildiyasının ilk üzvlərinin adları açıqlanıb.

Hurriyyet.Media bildirir ki, gildiyanın ilk üzvləri Türkan Hüseyn, Reyhan İsayeva, Pərviz Seyidli, Könül Əsəlova, Pərviz Həsənov, Sara Hüseynova, Elxan Xanalızadə, Toğrul Eminli, Elvin Məcidli, Günel Mehri, Rüfət Tahirov, Gülşən Tofiqqızı, Şəbnəm Xeyrulla və Elçin Əsədovdur.

Gildiyanın qurucu üzvləri Nicat Dadaşov, Ramil Ələkbərov, Ülviyyə Heydərova, Elvin Paşa, Nurlan Həsənli, Emin Əfəndiyev, İsmayıl İman, Pərviz Məmmədov və Xanım Aydındır.

Qeyd edək ki, qurumun Fəxri üzvləri də müəyyənləşib. Onların sırasında tanınmış ssenarist Ramiz Fətəliyev, şair Ramiz Rövşən və ssenarist və kinodramaturq Eldəniz Quliyev yer alıblar.

Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyi ilə yaradılan Ssenaristlər Gildiyasının əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən ssenaristləri bir araya gətirmək, onlar arasında peşəkar əməkdaşlığı gücləndirmək və ssenari sənətinin inkişafına töhfə verməkdir. Gildiyaya ssenarist Nicat Dadaşov sədrlik edir.

Bəs bu qurum ssenari sahəsində illərdir yığılıb qalan problemlərin həllinə real təsir göstərə biləcəkmi? Bu sahədə ilk növbədə hansı problemlər həll edilməlidir?

Musavat.com-un əməkdaşı bu və digər suallarla bağlı qurumun Fəxri üzvü, ssenarist və kinodramaturq Eldəniz Quliyevlə söhbətləşib. Müsahibəni təqdim edirik:

– Ssenaristlər Gildiyasının yaranması bizim təsəvvür etdiyimizdən daha əlamətdar hadisədir. Bu gün filmlərə, seriallara baxırıq və bir çox hallarda aktyorlardan, rejissorlardan və onların işindən daha çox ssenaridə qüsur görürük. Həm peşəkarlar, həm də qeyri-peşəkarlar demək olar ki, yekdilliklə bir fikirdədirlər: Azərbaycanda çəkilən filmlərin ssenariləri zəifdir. Başqa sözlə, yaxşı ssenari yoxdur, yaxşı ssenari yazanların sayı çox azdır. Bu, doğrudan da acı faktdır. Belə bir məqamda ayrı-ayrı qələm sahiblərini bir araya toplamaq və gildiya yaratmaq, orada yazılan ssenariləri müzakirə etmək, təkmilləşdirmək, müsabiqələrə göndərmək kino sahəsində axsayan istiqamətlərdən birinə böyük dəstək deməkdir.

Gildiyanın üzvlərinin 90 faizdən çoxunun gənclərdən ibarət olması da sevindirici haldır. Onlar mütərəqqi fikirlər və ideyalarla doludurlar. Sadəcə, onları düzgün istiqamətləndirmək lazımdır. Mənə elə gəlir ki, kollektiv yaradıcılıq işi bu sahədəki çatışmazlıqlarımızın aradan qaldırılmasına kömək edəcək.

– Bir qədər əvvəl dediniz ki, yaxşı ssenarilər yazılmır. Niyə? Məktəb yoxdur, baza yoxdur, yoxsa maraq yoxdur? Bəzən deyirlər ki, yaxşı ssenarilər var, amma ekranlaşdırılmır.

– Ümumiyyətlə, ssenari spesifik ədəbiyyat janrıdır, belə deyək, ədəbiyyatın bir qoludur. Bu janrda yazmağı bacaran çox az adam var. Çünki ssenari yazan insan kinonu, rejissor işini, rəssam işini, hətta montajı bilməlidir. Kinonun bütün spesifik xüsusiyyətlərinə bələd olmalıdır ki, ortaya bir əsər qoya bilsin. Ssenari digər ədəbiyyat nümunələrindən – hekayədən, romandan onunla fərqlənir ki, burada müəllif kinonun spesifik xüsusiyyətlərindən çıxış edərək əsəri qələmə alır.

Ad Günü filmi 13.02.2016 Bizim kino

Yaxşı ssenarilərin az olmasına gəlincə, bəli, bunun səbəblərindən biri də indiyə qədər bu işlə qeyri-peşəkarların məşğul olmasıdır. Məsələn, kimsə hekayə yazıb və elə bilib ki, bu, ssenaridir. Axundovdan bu günə qədər istənilən əsəri ekranlaşdırmaq olar. Amma onun ssenarisi yazılmalıdır. Əsər necə yazılıbsa, olduğu kimi çəkilsə, Axundov da məhv olar. Məsələn, Bayram Bayramov çox yaxşı nasirdir və onun bir neçə əsəri əsasında filmlər də çəkilib. Amma bir dəfə söhbətimiz zamanı məndən soruşdu: “Bu ssenari necə yazılır?” Bu da göstərir ki, ssenari yazmaq tamam başqa istedad və bacarıq tələb edir.

– Bəs bu gün Azərbaycan kinosunun əsas problemi həqiqətən ssenaridirmi? Yoxsa problem daha çox istehsal, maliyyələşmə və rejissor məsələsidir?

– Mən həmişə Mədəniyyət Nazirliyini, eləcə də Azərbaycan Respublikası Kino Agentliyini tənqid etmişəm. Bu barədə tənqidi yazılarım da olub. Amma bu gün tam səmimi şəkildə demək istəyirəm ki, Mədəniyyət Nazirliyi kinoya çox ciddi diqqət ayırır. Bunu öz gözümlə gördüklərimə, şahid olduqlarıma əsasən deyirəm.

Azərbaycan Respublikası Kino Agentliyi kino istehsalı, yəni kino sənayesi sahəsində mümkün olan bütün işləri görür, hətta bir qədər artıq iş görür. Eləcə də Azərbaycan Kinematoqrafçılar İttifaqı yaradıcı təşkilat olaraq bu işləri dəstəkləyir. Mədəniyyət Nazirliyi, ARKA və Kinematoqrafçılar İttifaqı – bu üç qurumun çiyin-çiyinə dayanaraq kinomuzu pis vəziyyətdən çıxarmaq üçün göstərdiyi cəhdlər mütləq təqdir olunmalıdır. Bu gün mən tam məsuliyyətimlə deyirəm ki, Azərbaycan kinosu artıq inkişaf mərhələsinə qədəm qoyub. Durğunluq mərhələsi başa çatıb, inkişaf mərhələsi başlayıb. Bu isə ümid verir.

Təkcə ssenari çatışmazlığı yoxdur. Ssenari bu ağrılardan yalnız biridir və bu problem də artıq aradan qalxmaqdadır. Rejissorların qeyri-peşəkar olması da məsələyə təsir edir. Təsəvvür edin, rejissor qeyri-peşəkardırsa, bu, qab-qacaq mağazasında şirin hərəkətinə bənzəyir. Peşəkar olmadıqdan sonra istəyirsiniz ona Şekspirin əsərini verin, istəyirsiniz milyonlarla vəsait ayırın, ortaya ciddi bir nəticə çıxmayacaq. Eyni məsələ operatorlara da aiddir. Bir çox serialları çəkən operatorların əksəriyyəti vaxtilə toy videoları çəkən insanlardır. İndi bu məsələyə də diqqət yetirilir. Beynəlxalq arenaya çıxışlar, əlaqələr bərpa olunur. Gənc rejissorlarımız, operatorlarımız, prodüserlərimiz festivallara, müsabiqələrə gedirlər. Amma bu vəziyyətdə yenə də bolşevik təfəkkürlü 5-10 nəfər ortaya çıxaraq kinoya zərbə vurmağa çalışır. Kino İttifaqının həm konfransının keçirilməsinə, həm də İdarə Heyətinin iclaslarına məqsədsiz şəkildə mane olurlar.

Mənim 75 yaşım var, bunun 55 ilini kinoya həsr etmişəm. Amma bu cür insanlara rast gəlməmişəm ki, kinonu düşünmək əvəzinə öz maraqlarının arxasınca qaçsınlar, şər-böhtan atsınlar. Bu gün çox gözəl bir insan ortaya çıxıb. Əli İsa Cabbarovu artıq gənc adlandırmaq olmaz, kifayət qədər yaşı var. Amma o, bütün varlığı ilə Azərbaycan kinosuna kömək etmək istəyir. Kino işçilərinin də böyük əksəriyyəti onu dəstəkləyir. Ümid edirik ki, bu, Azərbaycan kinosunun inkişafına ciddi təkan verəcək.