Tamam Cəfərova: Ermənistan Soçi və Brüssel görüşləri arasında seçim etmək imkanından məhrum oldu
Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr uğurla inkişaf edir. Aİ ilə Azərbaycan arasında 2018-ci ildə paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədi səmərəli əməkdaşlığın hüquqi təminatçısıdır. Şərq Tərəfdaşlığı proqramı yaradılanda üzv ölkələrə Aİ ilə daha sıx əməkdaşlıq aparmaq imkanları yaradılmışdır. Sözsüz ki, bu format lap əvvəldən üzv ölkələrin gələcəkdə mütləq sürətdə Aİ-na daxil olacağına dair vədi özündə daşımırdı. Bununla belə Şərq Tərəfdaşlığı formatı qurum ilə daha intensiv qarşılıqlı əməkdaşlığı özündə ehtiva edirdi. Müasir dünyada gedən geosiyasi və geoiqtisadi prosesləri nəzərə alaraq üzv ölkələrin nəinki yaxın, hətta orta perspektivdə belə Aİ-na üzv olmayacağını böyük əminliklə demək olar. Amma buna baxmayaraq sammitin vacibliyini lazımı dərəcədə qiymətləndirmək zəruridir.Xatırladaq ki, iqtisadi baxımdan Avropa İttifaqı Azərbaycan üçün prioritet istiqamətdir. Azərbaycanın bütün strateji enerji layihələri, o cümlədən ixracın əsas hissəsi Avropa İttifaqı ölkələri ilədir. Bununla belə Avropa İttifaqı ilə münasibətlərin siyasi tərəfləri də olduqca vacibdir. Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında Avro-Atlantik strukturlarla inteqrasiya dövlətin xarici siyasətinin prioritet istiqamətidir. Məhz bu səbəblərdən Azərbaycanın Şərq Tərəfdaşlığının VI Sammitində uğurlu iştirakı milli təhlükəsizlik siyasəti müstəvisində ölkəmizin atdığı növbəti diplomatik qələbədir.
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammitində iştirakını Azerforum.com-a şərh edərkən Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat açıqlamasında bildirib ki, cənab Prezident İlham Əliyev çıxışında Avropa İttifaqı səviyyəsində Dağlıq Qarabağ münaqişəsinin yekunlaşdığını bir daha bəyan etdi. ATƏT-in Minsk qrupunun fəaliyyətinə, daha dəqiq desək isə 28 il ərzində fəaliyyətsizliyinə toxunan ölkə başçısı, Minsk qrupu qarşısında növbəti illərə dair “şərtlər” irəli sürmüşdür. Münaqişə müddətində müsbət fəaliyyəti ilə yadda qala bilməyən Minsk qrupu, münaqişə bitdikdən sonra hələ də mövcudluğunu qorumaq istəyirsə, yeni geosiyasi reallığı nəzərə alaraq, öz proqramını yeniləməlidir. Minsk qrupu yalnız münaqişənin bitdiyini etiraf etmə, tərəflər arasında sülh quruculuğuna nail olma, qarşılıqlı etimad və təmasların yaradılması, sərhədlərin delimitasiyasına töhfə vermə kimi şərtlər çərçivəsində fəaliyyətini davam etdirə bilər.
T. Cəfərova qeyd edib ki, Azərbaycan Prezidenti, o cümlədən 3500 km-lik Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyində oynadığı rolu xüsusi vurğulayıb. Beləki, 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizinin XXI əsrin ən böyük infrastruktur layihələrindən biridir. Layihənin son komponenti olan Trans-Adriatik xəttinin işə salınması ilə Azərbaycan qazı Avropa məkanına çatdırılır. Azərbaycan qazı artıq Aİ-nin üç ölkəsinə - İtaliya, Yunanıstan və Bolqarıstana çatdırılır. Gələcəkdə Azərbaycan qazının ixrac coğrafiyası Aİ-nin digər üzv ölkələrinə genişləndirilə bilər. Məsələyə daha geniş miqyasda nəzər yetirsək, Cənub Qaz Dəhlizinin fəaliyyətə başladığı müddətin Qərblə Rusiya arasında ziddiyyətlərin ən kəskin vaxtına təsadüf etməsini müşahidə edə bilərik. Rusiya ilə Qərb arasında istənilən ciddi qarşıdurmalarda birinci adətən təbii qazın Avropaya nəql edilməsi məsələsini ultimativ formada qabardır. Avropaya alternativ təhlükəsiz marşrutla qazın nəql edilməsini təmin edən Azərbaycan, qlobal enerji bazarında qiymətlərin siyasi spekulyasiyaların və şantajların təsiri altında ziqzaqvari dinamikasına müəyyən nizam gətirmiş olur.
Ölkəmizin başçısının Şərq Tərəfdaşlığı sammitindən qabaq NATO baş katibi Y. Stoltenberq və Aİ Şurasının prezidenti Ş. Mişel ilə görüşləri də eyni ilə müsbət planda qiymətləndirilməlidir. Burda əsas məsələ Azərbaycanın təkcə əldə etdikləri yox, həmçinin Ermənistanın nə itirdikləridir. Brüssel görüşünə çox ümid edən, onu həvəslə gözləyən, bu formatı əvvəlki digər formatlardan daha uğurlu sayan Ermənistan, diplomatik cəbhədə növbəti fiaskoya uğramış oldu. Məsələ bundadır ki, Brüsselə qədər Ermənistan digər görüşlər çərçivəsində Azərbaycanın tələbləri ilə razılaşmağa məcbur olurdu. Brüssel görüşündə isə mühitin fərqli olduğunu düşünən Ermənistan, Aİ-nın mövcud məsələlərə yeni bir gündəlik formalaşdıracağını zənn edirdi. Ermənistanın ümidləri bunda idi ki, 10 noyabr, 11 yanvar və 16 noyabr görüşlərində əldə edilən razılaşmalar əsasında formalaşan gündəliyə Aİ Brüssel görüşü zamanı yeni gündəlik, yeni bir yanaşma təqdim edəcəkdir. Lakin, dövlətimizin başçısının NATO baş katibi, Aİ Şurası prezidenti ilə görüşlərinin nəticələri və ya Şərq Tərəfdaşlığı sammitinin yekunları bundan qabaq əldə edilən razılaşmalara alternativ gündəlik formalaşdırmaq əvəzinə əvvəlcədən razılaşdırılmış bir çox məsələləri təkrarlamış və onlara dəstək ifadə etmiş oldu. Nəticə etibarı ilə Ermənistan Soçi və Brüssel görüşləri arasında seçim etmək imkanından məhrum oldu. Nəqliyyat-kommunikasiya xətlərinin açılması, iqtisadi əlaqələrin bərpa edilməsi, delimitasiya-demarkasiya proseslərinin keçirilməsi üzrə eyni razılıqların təsdiqi Ermənistanın onları yerinə yetirməyə məcbur etmiş olur. Beləliklə, Brüssel görüşündən sonra artıq bütün bunları icra etməmək üçün Ermənistanın sığanacağı bir tərəf, qütb və ya geosiyasi qüvvə qalmadı. Əlbəttə, bütün bunlar Azərbaycanın növbəti siyasi-diplomatik uğurudur.