📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tanınmış azərbaycanlı biznesmenə hökm oxundu

2026-11-09 13:45:53

Tanınmış azərbaycanlı biznesmenə hökm oxundu

Moskvada iri ticarət mərkəzlərinin keçmiş şəriklərindən olan azərbaycanəsilli iş adamı Solomon Manaşirov qiyabi olaraq 12 il müddətinə azadlıqdan məhrum edilib.

Hurriyyet.net  xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” nəşri məlumat yayıb.

Məlumata görə, Moskvanın Tver məhkəməsində Solomon Manaşirovla bağlı cinayət işinə baxılması noyabrın 6-da başa çatıb. Xaricdə gizləndiyi və beynəlxalq axtarışda olduğu üçün məhkəmə prosesi onun iştirakı olmadan keçirilib.

Məhkəmə Manaşirovu hədə-qorxu ilə tələb etmə, vergidən yayınma və cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasında təqsirli bilib. Ona ciddi rejimli cəzaçəkmə müəssisəsində 12 il həbs cəzası verilib.

Bundan əlavə, istintaq zamanı həbs qoyulmuş, dəyəri 141 milyon rubl olan əmlakın müsadirə edilməsinə qərar verilib. Zərərçəkmiş tərəfin 530 milyon rubl məbləğində mülki iddiası da təmin olunub.

55 yaşlı Manaşirov Azərbaycanın Qırmızı Qəsəbə yaşayış məntəqəsində anadan olub. O, Moskvada “Columbus”, “Prajskı Passaj”, “Armada” mebel mərkəzi və digər iri kommersiya daşınmaz əmlak obyektlərinin ortaq sahiblərindən biri olub.

İş adamı barəsində cinayət təqibi 2016-cı ilin martında başlayıb. İlkin olaraq onun sahibi olduğu “Karenfor” şirkətinin vergidən yayınması ilə bağlı araşdırma aparılıb.

İstintaqın versiyasına görə, 2012–2014-cü illərdə şirkət dövlət büdcəsinə təxminən 978 milyon rubl məbləğində əlavə dəyər vergisi ödəməyib. İddia olunur ki, həmin vəsait daha sonra 18 əlaqəli şirkət vasitəsilə leqallaşdırılıb.

İş üzrə digər ittiham isə iş adamı Januko Rafailov və qardaşı Don Rafailovdan 5 milyon dollar tələb edilməsi ilə bağlı olub. İstintaqın və məhkəmənin versiyasına əsasən, Solomon Manaşirov və qardaşı Gennadi Manaşirov həmin şəxslərin cinayət təqibindən xilas edilməsinə kömək göstərmək müqabilində bu məbləği tələb ediblər.

Qeyd edək ki, Solomon Manaşirovun böyük qardaşı və biznes ortağı Gennadi Manaşirov 2018-ci ildən həbsdədir. O, rüşvət verilməsində vasitəçilik və hədə-qorxu ilə tələb etmə ittihamları üzrə ümumilikdə 15 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda Gennadi Manaşirov 2002-ci ildə törədildiyi iddia olunan qətllə bağlı daha bir cinayət işi üzrə mühakimə olunur.