📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tanınmış meyxanaçı 20 nəfərlik dəstə ilə restorana hücum etdi? - NAZİRLİK AÇIQLAMA VERDİ

2022-04-20 14:08:00

Tanınmış meyxanaçı 20 nəfərlik dəstə ilə restorana hücum etdi? - NAZİRLİK AÇIQLAMA VERDİ

Tanınmış meyxanaçı Aqşin Fatehin adı növbəti qalmaqalda hallanır. Bu haqda “Hürriyyət”ə açıqlama verən Bakı şəhər sakini Rəhimov Vüsal Arzuman oğlu deyir ki, meyxanaçı 20 nəfərlik dəstə ilə işlətdiyi restorana hücum edib, onunla yanaşı, restoranda çalışan xanımlardan birinə xəsarət yetiriblər.

Vüsal Rəhimovun sözlərindən belə məlum olur ki, söhbət Əhməd Rəcəbli küç,1120-də yerləşən, keçmiş adı “By FATEH” olan, indiki “Music hall” restoranına basqından gedir. Şikayətçi deyir ki, həmin restoran onun qohumu, “Kamal” ləqəbli iş adamı Füzuli Alıyevə məxsusdur. Bir neçə ay Aqşin Fateh də restoranın şəriklərindən olsa da, sonradan restoranın gəliri hazırda həbsdə olan F.Alıyevdən gizlədildiyindən, o, Aqşini və üçüncü şəriki olan İlqar adlı keçmiş dostunu ortaqlıqdan uzaqlaşdırıb. Sözügedən qalmaqal da məhz bundan sonra baş verib.

Məsələylə bağlı ətraflı  linkdən oxuya bilərsiniz: (https://hurriyyet.az/az/post/taninmis-meyxanaci-20-neferlik-deste-ile-restorana-hucum-etdi---aqsin-fateh-restoranin-altini-ustune-getirib-emekdaslara-xesaret-yetirib-365608).

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN)  ilə əlaqə saxladıq. Nazirliyin Mətbuat xidmətinin inspektoru Anar Qafarov "Hürriyyət"ə bildirib ki, münaqişədə iştirak edən tərəflər Polis Bölməsinə dəvət edilib. Anar Qafarov onu da qeyd edib ki, məsələyə hüquqi qiymət verilməsi üçün toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib:

"Aprelin 15 də vətəndaş R.İsgəndərov DİN-in 102 xidmətinə zəng edərək Binəqədi rayonu Ə.Rəcəbli küçəsində yerləşən restoranlardan birində münaqişə baş verməsi barədə məlumat verib.Hadisə barədə məlumat daxil olan kimi Binəqədi RPİ nin 5-ci Polis Bölməsinin əməliyyat qrupu hadisə yerinə gedib və münaqişədə iştirak edən tərəflər araşdırmaların aparılması üçün Polis Bölməsinə dəvət edilib.Hadisə zamanı orada olan bir nəfər xanım satıcı və daha bir nəfər zərərçəkənin xəsarətlərinin müəyyən edilməsi üçün tibbi ekspertiza təyin edilib.Məsələyə hüquqi qiymət verilməsi üçün toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Araşdırmaların sonunda hadisəyə obyektiv hüquqi qiymət veriləcək".

 

Görünən odur ki, münaqişədə iştirak edən şəxslərin hamısı heç də polis bölməsinə dəvət edilməmişdir. Hadisə ilə bağlı Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə də müraciət olunsa da, hazırda cinayətkar dəstəyə başçılıq etməkdə ittiham olunan Aqşin Fateh və şəriki İlqar sərbəst şəkildə gəzirlər, onlara “gözünün üstündə qaşın var” deyən də yoxdur.

Məsələylə bağlı Daxili İşlər nazirliyinə ünvanladığımız suallar da heç də doğru-dürüst cavablandırılmadı. Artıq bir müddətdir ki, redaksiyamıza Binəqdi rayon Polis şöbəsindən tez-tez müxtəlif mövzularda şikayətlər daxil olur. Ümid edirik ki, cənab Vilayət Eyvazov vətəndaşları narazı salan Binqədi rayon Polis şöbəsinin rəhbrəliyi ilə bağlı müvafiq tədbirlər görəcək.

 

YƏHYA