TANINMIŞ VƏKİL MÜSAVAT BAŞQANI OLMAQ İSTƏYİR - Daha bir namizəd var...
Bu gün Müsavat Partiyası Divanının və qurultaya hazırlıq üzrə təşkilat komitəsinin iclasları keçiriləcək. Toplantılarda mayın 4-də keçiriləcək XI qurultaya hazırlıq məsələləri müzakirə olunacaq.
Hurriyyet.az xəbər verir ki, partiyanın mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli “azpolitika”-ya açıqlamasında bildirib ki, bu gün keçiriləcək iclasda başqanlığa namizədlərin müəyyənləşəcəyi gözlənilir. Onun sözlərİnə görə, hazırda partiya sədri olmaq iddiasını açıqlayan iki şəxs var: tanınmış vəkil, Məclis üzvü Osman Kazımov və partiyanın Səbail rayon təşkilatının fəalı Namiq Uluqbəy.
Qeyd edək ki, Müsavatın keçmiş başqanı İsa Qəmbərin namizəd olacağı barədə yayılan xəbərlər hələ ki, təsdiqini tapmayıb. Onun özü bu barədə “AzPolitika”-nın suallarına konkret cavab verməkdən yayınıb.
Müsavat Partiyasının XI qurultayı mayın 4-də Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçiriləcək.