Tarixdən yox, tarixi öyrənmək lazımdır - MÜRSƏL İRƏVANLI YAZIR
(Borçalının tarixi xeyli müddətdir "gürcüləşdirilib”)
Əziz həmvətənlər və sayqılı oxucular! Bəri başdan qeyd edim ki, ömrümün yarıdan çoxunu təkərlər üstə dünyanın müxtəlif ölkə və şəhərlərinə səfərlərdə, gəzinti və görüşlərdə keçirmişəm. Hansı yana, hansı səmtə getsəm də, mən ən çox narahat edən və düşündürən məsələ xalqının keçmişinə aid materialların, sənəd və faktların ələ gətirilməsi olub. Onlarca arxiv və kitabxanalarda toz uda-uda günlərlə, aylarla, vaxt keçirmişəm və ömrümün sonunadək bu işdən əl çəkəsi deyiləm.
Təki sağlıq, ən ümdəsi isə əmin-amanlıq olsun. İstər Sovet dövründə, istərsə də ondan sonra ən çox səfərlərim qonşu respublikalara olub. Xüsusən də Gürcüstana. Aylarla gedib-gəlməkdən yorulmuşam. Gürcü şairi və yazıçılarından bir neçəsi ilə hələ 80-ci illərdən dostluq əlaqəsi yarada bilmişdim. V.Avaliani, N.Dumbadze, A.Slulakauri, O.Çiladze, Q.Pançikidze və başqaları məni səmimi insan və yazıçı kimi tanıyırdılar. Qoy indi də onların sələfləri tanısınlar, heç də pis olmaz.
Bu yaxınlarda Borçalıdan olan tanışlarımdan biri mənə bir kitab göndərib. Əvvəl elə bildim ki, hansısa müəllifin qələminə məxsus bədii əsərdir. Ancaq Məşədi İbadın sözü olmasın, çadranın altından kişi çıxdı.
Açığını desək, bu kitab barədə heç yazmaq istəmirəm. Çünki yazacağımı məndən öncə də yazanlar çox olub. Amma... Elə yazmaq istəyimin səbəbi də bu əmmadan doğur. Bu günə qədər yazılanlara əhəmiyyət verilməsə də, ancaq mən yenə də yazmaqda israrlıyam.
Hərçənd ki, nəyinsə dəyişəcəyinə ümidim yox dərəcəsindədir, inanmıram. Hələ 2005-ci ildə Borçalıda olarkən eşitdim ki, Novruz bayramı ərəfəsində ölkənin keçmiş prezidenti Mixail Saakaşvili səs toplamaq niyyəti ilə Gürcüstandakı azərbaycanlı kəndlərinə baş çəkib, onlarla görüşəcək. Yaxın dostum filologiya üzrə fəlsəfə doktoru Zahid Nəsibovla birlikdə Marneulidən (Sarvan) rayonunun kəndlərindən biri olan gürcülərin "Algerti" adlandırdıqları Dəmyə Görarxı kəndinə yollandıq.
Prezidentin həmyerlilərimizlə necə "səmimi" görüşdüyünü, xanımının isə məmləkətimizə təşrif buyurub "qardaş xalqa" bayram tədbirlərində iştirakını görəndə açığını deyim ki, qəlbimdə zəif bir sızıltı, şübhə yeli əsməyə başladı. Əcaba dostluq beləmi olur? Prezident rus dilində qırıq-qırıq bir saata qədər məscidin həyətinə toplaşan kəndlilər qarşısında "nitq" söylədi. Toplantı iştirakçılarının 90 faizindən çoxu onun dediklərini anlamaqda çətinlik çəkirdilər. Bir-birindən soruşurdular:
- Bu nə deyir?..
Amma təəssüf ki, qarşılaşdığım faktın soydaşlarımızın gələcəyinə nə qədər ağır zərbə olacağını düşünəndə bu suala müsbət cavabım bir az axsamağa başladı və həmin "görüş"dən yazacağım reportaj sadəcə mümkünsüz oldu. Qayıtdıq rayon mərkəzinə...
Dost və qardaş ölkə deyib, hər zaman bağrımıza basdığımız Gürcüstan dövləti Azərbaycana qarşı xoşagəlməz həm siyasi, həm də mənəvi hərəkətlər etmiş və yenə də etməyə hazırlıq görür desəm, bəlkə də bir az sərt qəbul oluna bilər və bəzi ziya(n)lılarımız bunu mənim qonşu dövlətlə araya nifaq salmaq istəyim kimi də dəyərləndirə bilərlər. Qətiyyən yox! Mən ömrüm boyu sülh və qarşılıqlı sağlam münasibətlərin tərəfdarı olmuşam. Həyatda baş verən real hadisələr obyektivlik prizmasından yanaşmışam, heç kəsə qarayaxma və böhtan atmamışam.

Əziz oxucular! Faktlarla siz də tanış olun, onda narahatlığımın əbəs olmadığını özünüz şahidi olacaqsınız.
Mənə göndərilən kitab Gürcüstanın azərbaycanlı məktəblərində (onların sayı ilbəil azalır) tədris olunan, gürcü dilindən sətri tərcümə olunmuş "Gürcüstan coğrafiyası"dır. Kitab 11-ci sinif şagirdləri üçün nəzərdə tutulur. Burada Borçalı və borçalıların soy kökləri haqqında təhrif olunmuş materiallara geniş yer ayrılıb. Dərslik 1999-cu ildə Tiflisdə "İntellekt" nəşr evində kütləvi tirajla çap olunub. Dərsliyi vərəqləyib müəlliflərin kim olduğu ilə maraqlandım. Məlum oldu ki, Nino Veruçaşvili, Zurab Davidaşvili və Nodar Elizbaraşvili tərəfindən müştərək şəkildə yazılıb.
Sonra ikinci vərəqi çevirib gürcü dilindən tərcümə edənin kimliyinə nəzər yetirirəm. Elə beləcə də yazılıb: "Gürcücədən çevirəni Nəsib Nəsibov, redaktoru Hacıvəli İsayev, korrektoru Leyla Nəsibova".
Bəd ayaqda gürcüləri başa düşmək olar. Çünki onlar da ermənilər kimi torpaq düşkünü, həddən ziyadə millətçi və eqoistdirlər. Bunlar öz yerində. Maraqlıdır, bəs görəsən öz ziyalılarımız nəyə görə coğrafiya və tariximizin bu dərəcədə təhrif olunmuş formada nəşrinə və tədrisinə razı olurlar? Bunu anlamaq çox mürəkkəb məsələdir, həddindən artıq çətindir.
Bəs ziyalı öz xalqına nə gündə, hansı zamanlarda gərəkdi? Buna qaşı çıxmamaqlarının əsas səbəblərini nə ilə, hansı yolla izah edəcəkləri hələlik müəmmalıdır, qaranlıq qalır.
Yəqin ki, Xalis Qarapapaq türklərinin soyundan olan Nəsib müəllim bu kitabı tərcümə edərkən, məktəblərdə təhsil alan türk balalarına, lap elə öz övladlarına Borçalıya gəlməli olduqlarını aşılayan bu dərsliyin gələcəkdə hansı fəsadlar verəcəyini heç ağlına gətirməyib? Olmaya vaxtilə də kimlərinsə tərəfindən beləcə saxtalaşdırılmış tariximizin ağrı-acısı ziyalılarımıza azlıq eləyir? İndi isə kitabı vərəqləyək, gürcülərin yazdıqlarını izləyək. Kitabın 39-cu səhifəsində "Gürcüstan əhalisinin milli tərkibi və onun dinamikası" fəslinin "Azərbaycanlılar" bölümünə diqqət yetirəndə birtəhər oldum. Əcəba bu millətin tarixdən xəbəri yoxdur? Əgər varsa, onda nə üçün şərə, böhtana əl atırlar? Diqqət yetirək: "Gürcüstanda yaşayan azərbaycanlıların əsas qisməti əcdadları köçəri "Borçalı" tayfası olmuşdur. Onları Şah Abbas Kartliyə (yəni Boçalıya) köçürmüşdü. Qalanları isə xeyli sonra buraya köçmüşdü. Qalanları isə xeyli sonra buraya köçmüş muğanlıların nəslindəndirlər". Görək, tarixi həqiqət bu saxtakarlığa necə cavab verir:
"...Borçalı Güney Qafqazda ən qədim insan məskənlərindən biridir. Bu torpağın ilk sakinləri bizim ulu, sağlam düşüncəli babalarımız olub. Bu ulu babalarımızın mübarək adı bu torpağın min illərdir ki, adında yaşayır. Torpağın ilk sahibləri Barsillər-Borocoğlulları qarapapaq türklərin adından götürülüb. Bu o qarapapaqlardır ki, miladdan öncə bu ərazilərə həyat gətirmiş, tarixdə oğuz, qıpçaq, tərəkəmə, yörük, adlarıyla Doğu Anadolunun da ilk sahibləri olaraq tanınmışlar.
Sonalar orta əsrlərin yüzilliklərdə Malazgirt qəhrəmanı Alı-Arslanın komandanlığı ilə bu yerlərə yürüş edən səlcuklar özləri ilə eyni dildə danışan yerli xalqa – Borocoğlularıyla qaynayıb-qarışsa da, torpaq əski sahiblərinin şərəfinə öz adını qoruyub saxlamışdır. Bu tarixi həqiqəti göz önündə tutmayan və ya qəstdən olaraq tutmaq istəməyən "tarixçilər" ağına-bozuna məhəl qoymadan əhalinin bu bölgədə məskunlaşma tarixini altını üstünə çevirirlər. Başqa sözlə, türklərin bu torpaqda məskunlaşma tarixini XVII yüzillikdən hesablayırlar..."
Onu da önə çəkmək lazımdır ki, bu torpaqlarda yerli əhali ilə yanaşı buğa türklər, bun türklər, kökərlər (gürcülər onlara çoqari, ermənilər isə quqark deyirlər) yaşamışlar və bunların hamısı bugünkü Azərbaycan türklərinin soykökündə özlərinə möhkəm yer tutublar.
Beləliklə, Borçalını Ana vətən edən bir xalq bu gün öz dədə-baba yurduna sıxışdırılır, "qonaq" adlandırılır, diskrimiqasiyaya məruz qalır. Ancaq Borçalının şair oğlu, Çıldırlı Aşıq Şenlik demiş: "Can sağ ikən yurd vermərik düşmənə!"
Bu düşmən kimdir və haradan gəlib? Borçalılar əzəl başdan kənardan gələn düşməni yenməyi bacarırlar. Yazıqlar olsun ki, düşmən içəridə olanda ana yurdun içi od tutub yanır, vətən övladları daha zor duruma düşürlər. Bu məqamda elə gürcü şairi Şota Rustavellinin aşağıdakı sözləri xatırlanır:
"Açıq düşməndən o qədər də qorxmaram. Çünki o açıq düşmənçilik edər, ən dəhşətlisi isə dost bildiyin insanın sənə qarşı düşmənçiliyidir..."
Haqq sözə nə deyəsən. Saman altından su yeridən, gözümüz baxa-baxa at kimi üzə duran millətə necə münasibət bəsləyəsən?
(Ardı var)
Mürsəl İRƏVANLI