Tarixin yoxsulluğu, yoxsulluğun tarixi
“Pis tarixi” “pis adamlar”ın “pis hakimiyyət”lərinin iştirakı ilə yaranan tarix kimi təyin etsək, səhv etmərik.
Cəmiyyətin qütbləşməsi ilk növbədə onun sabitliyini, dövlətin əmin-amanlıgını, bir sözlə ictimai asayişi təhdid edir…
Bu gün cəmiyyətimizi ən çox narahat və təhdid edən problem cəmiyyətdə mövcud olan kəskin qütbləşmədir. Bir tərəfdə bir ovuc ədalətsiz və qeyri-qanuni nəhəng sərvət sahibləri -“varlılar”, digər tərəfdə ölkə əhalisinin əksəriyyətini təşkil edən gündəlik təlabat çərçivəsində yaşayan ədalətsiz və qeyri-qanuni yoxsullaşdırılmış “kasiblar”. Cəmiyyətin bu cür qütbləşməsi ilk növbədə onun sabitliyini, dövlətin əmin-amanlıgını, bir sözlə ictimai asayişi təhdid edir.
Bu, həm də qlobal problemdir. Bir tərəfdə yüksək həyat standartlarında mövcud olan bir ovuc dövlət, digər tərəfdə yaşam həddinin aşağı səviyyəsində ölüm-dirim mübarizəsi aparan yüzlərlə xalqlar və dövlətlər. Bu iki qrup arasinda gedən mübarizə intervensiyalar, terror, narkoticarət, insan və orqan alveri şəklində inkişaf etməkdədir.
Bütün bunlar milli gəlir və sərvətin ədalətsiz bölünməsi ilə baglıdır.
Kasıb-yoxsul qarşıdurmasının digər bir problemi kasıbçılıq və zənginliyə dair təsəvvürlərlə baglıdır. Sosialist cəmiyyətindən çıxmış “varlı=sinfi düşmən” tezisi əsasında tərbiyələnmiş xalq kütlələri, həm də varlanmaya “pis” baxdıqlarından qanuni və ədalətli yolla varlananlara da düşmən münasibətindədir. Halbuki qanuni və ədalətli varlılar cəmiyyətin inkişafının əsas stimulyatorlarını təşkil edir. Bunun canlı sübutu XX-ci əsrin əvvəllərində xalqımız üçün nəhəng işlər görmüş milyonçu Zeynalabdin Tağıyevdir.
Bəs, zənginliklə yoxsulluğun tarixdə və cəmiyyət həyatında rolu və yeri nədən ibarətdir?
Azərbaycanın yeni tarixçilər nəslinin ən qabaqcıl nümayəndələrindən biri kimi Əkbər N.Nəcəfin bu problemə həsr etdiyi “Pis tarix” kitabını böyük məmnuniyyətlə oxudum. Bəri başdan deyim ki, kitabın dili ağır və yorucudur. Kitab oxumağa adət etməmişlər üçün bu kitabı oxumaq olduqca çətindir. Xüsusən kitab xristian tarixindən, mədəniyyətindən az məlumatlılar üçün anlaşılmazdır. Çünki kitabda xristian aləmində baş verən ən mühüm hadisələr fonunda xristianlığın iqtisadi baxışları tədqiq olunur. Bütün bunlara baxmayaraq kitab bir tarixçi tərəfindən fəlsəfi üslübda yazılan maraqlı bir əsər təəssüratı bağışlayır və Azərbaycan tarixçiliyində din tarixinə həsr olunmuş ilk fundamental əsərlərdən biri kimi dəyərləndirilə bilər.
Qeyd etməliyəm ki, Azərbaycanda antikvar (maddi mədəniyyət nümunələri əsasında tarixin şərhi) və monumental tarix (tarixi yaradan şəxsiyyətin şəxsi keyfiyyətləri əsasında tarixin şərhi) müəyyən qədər inkişaf etsə də kritik tarix (tarixin nəzəri əsaslarla öyrənilməsi) sahəsində bir boşluq mövcuddur və bu sahədə sanballı əsərlər meydana çıxmamışdır. Buna görə də, Əkbər N. Nəcəfin “Pis tarix” adlı kitabi həm də kritik tarixə aid bir əsər kimi mənim diqqətimi çəkdi.
Məqaləmizin adındakı “tarixin yoxsulluğu" ifadəsi tarixdə heç də tərəqqinin bütün məsələlərinin gedişatının əks olunmadığına, buna görə, bəşər tarixinin yoxsul olmasına, “yoxsulluğun tarixi” ifadəsi isə “yoxsulluğ”un tarixin yaranmasında rolu və yerinin tam müəyyən edilməməsinə işarə edir. Bu baxımdan, Əkbər bəyin “Pis tarix” əsəri yoxsulluğun tarixinə həsr olunmuş bir kitab kimi, həm də tarixi yoxsulluqdan azad etmə cəhdi kimi qəbul edilə bilər.
Kitab anarxizmin görkəmli nümayəndəsi Prudonun iqtisadi baxışlarının şərhi ilə başlayıb, “pis”in qovulması - yoxsulluğun aradan qaldırılması - rifah cəmiyyətinə keçid fəsli ilə başa çatır. Müəllif öz kitabını “Pis kimdir və eyni zamanda nədir”sualına sanki bir cavab kimi yazıb. O yazır: “Qərb xristian məntiqində -“pis” dünyəvi olan hər şeydir... Bu məntiqə görə “pis” həyatın mənfur pusqusu, səfalətin yaratdığı korluq, zənginləşdirən acgözlük, ağlın düşkünləşməsi və əbədi səadətin itirilməsidir. Onun qarşısında yer alan və ona qarşı mübarizə aparan “yaxşı” isə səfalət, acizlik, məğduriyyət, aclıq, xəstəlik və yoxsulluqdur. “Pis olan hər şey dünyəvi, yaxşı olan hər şey ilahidir””.
Əslində səmavi dinlər, o cümlədən xristianlıq bu dünyada olan hər şeyi pis elan etmir, o bu dünya haqqında yanlış təsəvvürləri - maddi olanlara bağlılığı, hərisliyi və onun uğrunda ədalətsiz yarışı pis hesab edir. Başqa sözlə, bizim mövcud olduğumuz dünyada öz-özlüyündə pis və yaxşı olan heç bir şey yoxdur. Pis və yaxşı bizim şeylər haqqındakı təsəvvürlərimizdən ibarətdir. Başqa sözlə, pis obyektiv yox, subyektiv dəyərdir.
"Pis" yalnız dünyəvi olanlara aid deyil. Sosiologiyada “pis adam”, "pis hakimiyyət” kimi anlayışlara rast gəlirik. “Pis hakimiyyət” aşağı keyfiyyətli hakimiyyətdir, hansı ki, ictimai ədaləti bərqərar edə, vətəndaş razılaşmasına nail ola bilmir, idarəetmə idarə edənlərin mənafelərinə xidmət edir. “Pis insan” materialist, meşşan, merkantil, praqmatik, bir sözlə hər bir şeydən öz şəxsi mənfəətini güdən eqoist, narsist insandir. Beləliklə, aydın olur ki, "pis hakimiyyət”də “pis adam”ların əsas məqsədi pisə malik olmaq - ictimai fəlakətlərə səbəb olan dünyəvi nemətlərə ölçüsüz sahiblənməkdir.
“Pis tarix”i “pis adam”ların “pis hakimiyyət”lərinin iştirakı ilə yaranan tarix kimi təyin etsək, səhv etmərik.
Burdan belə sual doğur, yoxsuluq-zənginlik, ədalət, azadlıq, bərabərlik, hakimiyyət və s. kimi dəyərlərin dialektik inkişafı tarixin predmeti ola bilərmi? Əkbər yazir: “Keçmişi olmayanların, yəni yoxsulların tarixini yazmaq tarixin “ağ üzü”ndəki qara ləkələrlə oynamağa oxşayır. Çünki yoxsul tarixin xaricindədir. Böyük və uzun keçmiş onsuz yazılmışdır”. Məncə, bu məsələdə də mübahisəyə yer var. Tarixdə iz buraxan böyük üsyan və inqilablar məhz yoxsulluq ucbatından, yoxsullar tərəfindən həyata keçirilmşdir. Başqa vaxtlarda isə “yoxsullar” tarix səhnəsində kütlə rolunda çıxış edərək tarixin hərəkətverici qüvvəsi kimi öz işini görür. Beləliklə, tarixi yaradan əksəriyyət yoxsulluğun çoxunluğundan başqa bir şey deyil.
“Yoxsulluq tarixin predmeti ola bilərmi və ya yoxsullar tarixin yaranmasında iştirak edirmi”sualına cavab verməmişdən, belə bir suala aydınlıq gətirmək lazimdir: tarix nədir və o bizim nəyimizə lazımdır? Avropa mütəfəkkiri K.Yaspers: “Tarixin mənası və təyinatı” adlı kitabında yazır ki, insanlar tarixi keçmiş hadisələri ona görə öyrənmir ki, onu təkrarlasın, ona görə öyrənir ki, ondan azad olsun. Başqa sözlə, tarix olduğu kimi təkrarlanmasın, çünki təkrarlanma ölümə xas keyfiyyətdir... Tarixin insan üçün ən əsas rolu ondan ibarətdir ki, seçim etməyi öyrətməsə də, seçim variantları ilə insanları təmin edir, çünki tarix özü eyni bir tarixi vəzifənin fərqli yollarla yerinə yetirilməsinə cəhd edilməsi kimi yaranır.
Müasir dövrdə tarix, tarixin yaranması və tarixi hadisələrin məntiqi ilə bağlı ən müxtəlif fikirlər mövcuddur. Bu da sübut edir ki, hələ də tarixin mahiyyəti ilə bağlı tam və dəqiq bütün alimlər, fəlsəfi məktəb və siyasi cərəyanlar tərəfindən birmənalı qiymətləndirilən elmi baxış mövcud deyildir.
Karl Yaspers yazır: "İnsanlıq bir mənbəyə və ümumi məqsədə malikdir. Bu mənbə və məqsəd doğru bilik formasında ən azından dəqiq şəkildə bizə məlum deyil... Tarix-hələ də həllini tapmamış boyuk məsələdir, hansı ki, fikirlə həll olunmayacaq, ancaq gerçəkliyin özü ilə həll olunacaq”. Göründüyü kimi, Yasper belə hesab edir ki, tarixin nə olması, bu günə kimi tam və hamı tərəfindən qəbul edilən təyini mümkün deyil. Buna görə də, tarixin predtmeti olacaq bəzi məsələlər sosiologiya və ya fəlsəfədə öz ifadəsini tapmışdır. Bu baxımdan, Əkbər bəyin “Pis tarix”i formaca sosioloji, amma məzmunca tarixi əsər kimi dəyərləndirilməlidir.
Digər tərəfdən, tarixin elm olub-olmaması, klassik elmlərlə bir sırada dəyərləndirilməsi məsələsi də mübahisəlidir. Bəlkə də tarix elminin inkişafınin əsas problemlərindən biri də budur. Bizcə, tarix təcrübə ilə bənzərlik təşkil edir, hansı ki, təcrübə klassik elmlərin mənbəyi rolunu oynadığı kimi, insanlıq tarixi də tarix elminin təcrübəsi rolunu oynayır... Buradan da tarix və tarix elminin bir-birindən fərqli mənalar ifadə etdyi aydın olur.
Tarix elmi - tarixin ən ümumi qanunauyğunluqlarını öyrənən, əldə edilmiş bilik əsasında müasirliyi dizayn edən və gələcəyi planlaşdırmaq vəzifəsini yerinə yetirən bilik sahəsidir.
Burada haşiyə çıxım ki, “Tərəqqinin metafizikası - İlahi siyasət” adlı çapa hazırladığım kitabımda tarixin yaranma səbəbi, onun ən ümumi qanunauyğunluqları, tarixi inkişafın istiqamətləri və gedişatı ilə baglı bir çox məsələlərə aydınlıq gətirməyə çalışmışam. Nə dərəcədə qoyulmuş məqsədə çatmışam, bunu yalnız kitabın oxucuları deyə bilər.
Tarix nədir?! Hegel "Tarixin fəlsfəsi" adlı əsərində başlanğıc tarix haqqında Herodot, Fukididin tarixi baxışları ilə bağlı yazır: “Bu tarixçilər onların gözlərinin qabağında baş verən hadisələri, vəziyyətləri, fəaliyyətləri təsvir etmişlər, bu zaman onlar özləri onların ruhuna nüfuz etmiş və xaricdə baş verənləri ruhi təsəvvürlər sferasina gətirmişlər... Beləliklə xarici təzahürlər daxili təsəvvürlərə çevrilmişdir".
Əgər, Hegelin bu fikirləri ilə razılaşsaq, onda tarixin (faktiki tarix və ya xalis xarici təzahürlər) yaranmasının əsas səbəbi başlanğıc tarix elminin (formal tarix və ya xarici təzahürlərin yaratdığı daxili təsəvvürlər) yaranmasına əks istiqamətdə koqnitivlik prosesində (dərketmədən yaradıcılığa keçid) insan və cəmiyyət haqqında təsəvvürlərin, o cümlədən dəyərlərin daxili subyektiv dəyişilmələrinin xarici hadisələrə köçürülməsi kimi təyin edə bilərik.
Amerikan sosioloqu Robert Aleksand Nisbet “Sosial dəyişilmələr və tarix” əsərində sosial dəyişilmələrin dörd əsas səbəbindən birini də məhz “dəyərlərin fundamental dəyişilmələri” kimi təyin etmişdir. Başqa sözlə, tarix həm də dəyərlər sistemində baş verənlərə uyğun yaranır və inkişaf edir. Buradan da tarixin yaranması ilə bağlı aşağıdakı definat aşkarlanır.
Tarix-sərvət və hakimiyyət haqqında təsəvvürlərin (dəyərlərin ) dəyişilmələrinin xarici sosial hadisə və hərəkatlara proyeksiya edilməsinin nəticəsində yaranır.
Başqa sözlə, yalnız Hegelin dediyi kimi, tarixin idrakında olduğu kimi xarici təzahürlər daxili təsəvvürlərə çevrilmir, eləcə də tarixin sonrakı inkişafında daxili təsəvvürlər xarici hadisələrin təzahürünə səbəb olur ki, bu da tarixin yaranması kimi təzahür edir... Bu andan rasional tarix yaranmağa başlayır. Biz bunu planlaşdırılmış tarix kimi də təyin edə bilərik. Hansı ki, təbii səbəblərdən yaranan tarix bundan fərqli olaraq irrasional tarix kimi plansız təzahür edir. Bura böyük köçlərin, təbii fəlalakətlərin, iqlim şərtlərinin kəskin dəyişilməsinin, qıtlıqların yaratdığı xaotik tarix aiddir. Buradan da, tarixin yaratdigi fikirlə, fikrin yaratdığı tarixin bir-biri ilə vəhdətdə bir-birinə əkslik təşkil edən iki təzahür olduğunu qəbul etmək lazım gəlir. Məncə, tarix elminin ən ciddi problemlərindən biri də tarixlə subyektiv aləmdə (insan idrakında) baş verənlər və tarix elmi ilə tarixi hadisələr arasında əlaqəni doğru-düzgün aşkarlamaqdan ibarətdir.
(Ardı var)
Sərdar CƏLALOĞLU