📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Taylandda turistlərə yoladüşmə vergisi tətbiq ediləcək – layihə

2026-10-07 23:18:17

Taylandda turistlərə yoladüşmə vergisi tətbiq ediləcək – layihə

Taylandın Maliyyə Nazirliyi ölkəni tərk edən əcnəbilər də daxil olmaqla sərnişinlər üçün yeni vergi tətbiq etməyi düşünür.

Hurriyyet.net  xəbər verir ki, bu barədə Taylandın "The Nation" qəzeti qanun layihəsinə istinadla məlumat verib.

Qanun layihəsinə görə, yeni vergi əvvəlcə 1000 baht olaraq müəyyən ediləcək. Bu, mövcud məzənnə ilə təxminən 30 ABŞ dollarına bərabərdir. Daha sonra vergi məbləği 5000 bata qədər artırıla bilər.

Verginin Taylanddan təyyarə ilə uçan bütün sərnişinlərə, o cümlədən xarici turistlərə tətbiq edilməsi planlaşdırılır. Quru və ya dəniz yolu ilə gedənlər ilkin mərhələdə vergiyə cəlb olunmayacaq.

Qanun layihəsi müəyyən kateqoriyalı şəxslər üçün güzəştlər nəzərdə tutur. Xüsusilə, Tayland kral ailəsinin üzvləri və onların ətrafı, ölkənin buddist Sanqhasının ali patriarxı, xarici dövlət başçıları, rəsmi hökumət qonaqları və 2 yaşdan kiçik uşaqlar vergidən azad olacaqlar.

Xüsusi tranzit zonasını tərk etməyən beynəlxalq tranzit reyslərindəki sərnişinlərdən, təyyarə heyətinin üzvlərindən və digər nəqliyyat personalından da Taylanddan çıxış vergisi tutulmayacaq.

Vergini şəxslərdən Taylanddan çıxmazdan əvvəl yığmaq planlaşdırılır. "The Nation" qəzetinin məlumatına görə, bu rüsum adətən aviaşirkət və ya bilet agenti tərəfindən uçuş bileti alarkən tutula bilər.

Vergini ödəməməyə görə vergi məbləğinin ikiqatı miqdarında cərimə tətbiq etmək planlaşdırılır.

Qanun layihəsi hazırda nəzərdən keçirilir - yekun qərar qəbul edilməyib.

Xatırlatmaq istərdik ki, Tayland hökuməti 15 sentyabr 2026-cı ildən dünyanın 93 ölkəsinin vətəndaşları üçün qüvvədə olan 60 günlük vizasız rejimi ləğv edib.

Bu yeniliyin Taylandın turizm sektoruna mənfi təsir göstərəcəyi gözlənilir.