📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Təbrizdəki Baş Konsulluğumuzun qarşısında törədilən təxribat xəbərdarlıq mahiyyəti daşıyır" - TURAN RZAYEV

2023-04-04 14:21:00

"SEPAH-ın dəstəyi ilə yaranan "Hüseyniyyun" terror qruplaşmasının bəyanatındakı "MOSSAD nümayəndəliyi" ittihamı konsulluğumuza silahlı hücumun ola biləcəyini göstərir"

"Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun qarşısında təxribat xarakterli addım atılıb. Belə ki, SEPAH-ın dəstəyi ilə yaranan "Hüseyniyyun" terror qruplaşmasının üzvləri "bayraqlarını" konsulluğumuzun qarşısına səriblər. Qruplaşma bəyan edib ki, "əgər Azərbaycan konsulluğu MOSSAD-ın nümayəndəliyi olacaqsa, Azərbaycan hüseynçiləri buna imkan verməyəcək". Hurriyyet.az xəbər verir ki, bunu siyasi ekspert Turan Rzayev qeyd edib.

Siyasi ekspert bildirib ki, onsuz da gərgin olan İran-Azərbaycan münasibətləri 27 yanvar 2023-cü ildə Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan sonra kritik həddə çatıb: "Rəsmi Bakı haqlı olaraq hadisənin baş verməsində İran hakimiyyətini günahlandırdı və Tehrandakı diplomatik missiyasını dayandırmaq qərarına gəldi. Səfirliyin əməkdaşları ailə üzvləri ilə birlikdə yanvarın 29-da Bakıya gətirildi. Bununla belə, Bakı Təbrizdəki Baş Konsulluğun fəaliyyətini dayandırmadı. Belə ki, Azərbaycan Tehrandakı diplomatik missiyasını dayandıraraq terakt ilə bağlı İrana etirazını bildirdi. Təbrizdəki Baş Konsulluğun bağlanması isə həm İrandakı vətəndaşlarımızı, həm də 40 milyondan artıq soydaşımızın taleyinin rejimin insafına buraxmaq demək olardı. Buna görə də rəsmi Bakı Tehrandakı səfirliyimizdə törədilən terakta baxmayaraq, Təbrizdəki Baş Konsulluğun fəaliyyətini dayandırmadı".

Turan Rzayev hesab edir ki, Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun qarşısında törədilən təxribat xəbərdarlıq mahiyyəti daşıyır: "Mümkündür ki, bu təxribatı Tehrandakı səfirliyimizdə olduğu kimi silahlı hücum izləsin. Bunu "Hüseyniyyun" qruplaşmasının bəyanatı da təsdiq edir. Qruplaşma bəyan edib ki, "əgər Azərbaycan konsulluğu MOSSAD-ın nümayəndəliyi olacaqsa, Azərbaycan hüseynçiləri buna imkan verməyəcək". Qruplaşmanın bəyanatındakı "MOSSAD nümayəndəliyi" ittihamı və "Azərbaycan hüseynçiləri" nüansı diqqət çəkir. Tehran rejimi faktiki olaraq zəhərli ideologiyası ilə beyni yuyulmuş etnik azərbaycanlılar vasitəsilə təxribat hazırlayır. Qruplaşmanın bəyanatındakı "Azərbaycan hüseynçiləri" nüansı buna dəlalət edir. "MOSSAD nümayəndəliyi" ittihamı isə konsulluğumuza silahlı hücumun ola biləcəyini göstərir. Nəzərə alsaq ki, İran hakimiyyəti beynəlxalq hüququ açıq şəkildə tanımır və artıq bir dəfə səfirliyimizə silahlı hücum təşkil edib, o zaman konsulluğumuza da bənzər hücumun gerçəkləşməsini ehtimal etmək olar".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az