📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tehran 2022 və ardı...

2022-07-21 16:11:00

Tehran 2022 və ardı...

Məlum olduğu kimi, 2022-ci il iyulun 19-da Tehranda Türkiyə prezidentləri Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti İbrahim Rəisinin üçtərəfli görüşü baş tutdu. Tədbir Suriya üzrə Astana prosesinin qarant ölkələrinin sammiti çərçivəsi kimi keçirildi.

Suriyadakı vəziyyətin həllinə yönəlmiş belə üçtərəfli Moskva-Tehran-Ankara formatı 2017-ci ildə təşkil olunub və beş ildir ki, fəaliyyət göstərir. Bu müddət ərzində tərəflər Suriyada müharibənin dayandırılmasına nail ola bilməsələr də, qarşıdurmanın intensivliyinin nisbətən azalmasına və suriyalı qaçqınların geri qayıtmasının başlamasına nail ola biliblər. Düzünə qalsa bu məsələlərdə Türkiyənin səyləri digər iki tərəfin səyindən daha çoxdur.
Tehrandakı hazırkı görüş çox simvolik xarakter daşıyır və Suriya problemlərinin formatını aşır. Üstəlik, Suriyadan başqa, eyni Rusiyanın daha bir cəbhəsi-Ukrayna cəbhəsi var. Rusiyanın Ukraynaya qarşı təcavüzü açıq şəkildə ilkin plana uyğun getmədi, təşəbbüs uğursuzluğa yuvarlandı və Rusiya nəinki Suriyadan Ukraynaya ən döyüşə hazırlıqlı birləşmələri köçürməli, həm də Azərbaycan- Qarabağdan “sülhməramlılar” və işğal olunmuş Gürcüstan Abxaziya və Tsxivali rayonundan hərbi birləşmələri çıxarmalı oldu.
Aydındır ki, Türkiyə və İranla qarşılıqlı anlaşma olmadan bu cür “cinahları və arxa cəbhələri açıq qoymaq” Rusiyanın “maraq nöqtələrində” ciddi problemlərlə doludur. Mümkün olan yerlərdə (o cümlədən Cənubi Qafqazda) Türkiyə-Rusiya qarşıdurmalarını alovlandırmaq istəyənlərin proqnozlarına baxmayaraq, Ankara Moskvanın Ukraynada “batmasından” istifadə etmədi. Baxmayaraq ki, “xeyirxahlar” Türkiyəni məqamdan istifadə etməyə və eyni Suriyada təsir zonasını genişləndirməyə təhrik edirdilər.
Cənubi Qafqazda Türkiyə, ümumiyyətlə, Ermənistanla görüşməyə razılaşdı, sərhədin açılması prosesinə razılığını (tərəflər üçüncü ölkələrin mallarının və vətəndaşlarının sərhəddən keçməsinə razılıq verdilər) və Rusiyanın "zəifləmə anından yararlanaraq fürsətdən istifadə etməyəcəyini” açıqladı. Üstəlik, Türkiyə bu gün fəal şəkildə Rusiya ilə Ukrayna arasında vasitəçi rolunu oynayır, müharibəni dayandırmağa çalışır və həqiqətən də taxıl ixracında Ukraynaya kömək edir.
Bəzi analitiklər üç dövlətin liderinin Tehrandakı hazırkı görüşünü SSRİ, Böyük Britaniya və ABŞ liderlərinin 1943-cü ilin noyabrında Tehranda keçirilmiş görüşü ilə müqayisə ediblər. Təbii ki, beynəlxalq tranzit İran və Türkiyənin, o cümlədən Azərbaycan və Gürcüstanın əməkdaşlıq edəcəyi əsas sahələrdən biridir. Və bəlkə də tarixdə ilk dəfədir ki, Rusiya nəinki onun ərazisindən yan keçən yeni tranzit dəhlizlərinə qarşı etiraz etmir, əksinə, öz yük axınları ilə onlara qoşulmaq niyyətindədir.
Məsələ burasındadır ki, bu gün Ukraynada müharibə başlayandan sonra Türkiyə, Azərbaycan və Gürcüstan Qərbin “sanksiyalarla blokadası”ndan sonra Rusiya üçün bir növ “xarici dünyaya açılan pəncərə”yə çevrildi. Əgər bu “pəncərə”nin imkanları, birincisi, Hind okeanına və Fars körfəzinə çıxışı olan, ikincisi, Orta Asiyadan Cənubi Qafqaza quru yolu olan İran tərəfindən genişləndirilsə, bu layihə iştirakçısı ölkələrin hamısına xeyir verəcək. Buna görə də Ankara, Tehran və Moskva da Cənubi Qafqazda kommunikasiyaların blokunun birdəfəlik açılmasında maraqlıdırlar. Bu, ilk növbədə, Zəngəzur dəhlizinə aiddir, çünki bunsuz mövcud tranzit marşrutları artan yük axınlarının öhdəsindən gələ bilmir.
Simvolikdir ki, Tehran görüşü ərəfəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Gürcüstanda, Tbilisidə ilk birbaşa görüşü baş tutdu və bu görüşdə kommunikasiyaların açılması və dəhlizlərin açılması məsələsi də müzakirə olundu. Yəni "3 + 3" formatı hələ qanuni olaraq rəsmiləşdirilməsə də, əslində işə düşür. Yeri gəlmişkən bu gün regionun bütün ölkələri tranzit yüklərin daşınması üçün sərhədlərin açılmasında və qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişaf etdirilməsində həmişəkindən daha çox maraqlıdır.

Ülviyyə, Hurriyyet.az