"Tehran Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətinin bərpasını istəyir, lakin..." - ELXAN ŞAHİNOĞLU
"Əgər səfirliyə hücum bir nəfərin cinayəti ilə əlaqəli olsaydı, məsələ tez həll olunar və Tehran məhkəmə işini ləngitməzdi"
"Münasibətlərinin uzun müddət gərgin olduğu Səudiyyə Ərəbistanı İrandakı səfirliyinin fəaliyyətini bərpa edib. Tehran Azərbaycanın da İrandakı səfirliyinin fəaliyyətinin bərpasını istəyir və bu məqsədlə Bakıya göndərdiyi heyətlərin sayını artırıb. İranın baş prokurorunun təhlükəsizlik və siyasi məsələlər üzrə müavini Mehdi Əmiri İsfahani böyük heyətlə Azərbaycana səfər edib. Bakıdakı görüşdə bu ilin yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə əlaqədar müzakirə aparılıb". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin fikrincə, rəsmi Bakı da Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətə başlamasını istəyir: "Ancaq bunun üçün Azərbaycan səfirliyinə edilən hücumun araşdırılması başa çatmalı, cinayəti həyata keçirən və planlaşdıranlar cəzalarını almalıdırlar. Bunların heç biri baş verməyib. Tehran Azərbaycan səfirliyinin qısa müddətdə açılmasını istəyirsə, cinayətlə bağlı araşdırmanı yekunlaşdırmalı və məhkəmə prosesi keçirməlidir. Bu proses ləngiyir".
Politoloq hesab edir ki, əgər səfirliyə hücum bir nəfərin cinayəti ilə əlaqəli olsaydı, məsələ tez həll olunar və Tehran məhkəmə işini ləngitməzdi: "Görünür, məsələ ona görə ləngiyir ki, cinayətin arxasında başqa qüvvələr var və həmin qüvvələr cinayətin ədalətli şəkildə araşdırılmasının əleyhinədirlər. Onlar bu hərəkətləri ilə İran-Azərbaycan münasibətlərini gərginlikdə saxlayırlar".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az