Tehran hökuməti azərbaycanlı millət vəkillərinin diliylə "bulanıq suda balıq tutmağa" çalışır
Tehran hökuməti azərbaycanlı millət vəkillərini Azərbaycan Respublikasına qarşı danışmağa məcbur edir. Belə ki, İran parlamentinə təyin edilmiş iki millət vəkili İranda törədilən terrora görə Azərbaycan Respublikasını ittiham ediblər.
İranda etirazların davam etdiyi bir vaxtda Tehran hökuməti ictimai rəyi çaşdırmaq üçün İran təhlükəsizlik orqanları tərəfindən planlaşdırıldığı deyilən terror aktlarına görə qonşu ölkələri günahlandırır. Təbrizdən İran parlamentinə göndərilən Ruhullah Mütəfəkkir Azad təhlükəsizlik qurumlarının iddialarına uyğun olaraq, Şirazın Şahçıraq ziyarətgahında baş verən terror aktını Azərbaycanla əlaqələndirməyə çalışıb.
"Şahçıraq terror əməliyyatına və təkfirçi terrorçuların bir neçə uğursuz əməliyyatına rəhbərlik Arazın o tayında, Azərbaycan Respublikası ərazisində anti-regional sionist agentlərin mövcudluğunun nəticəsidir", deyə millət vəkili iddia edib.
Habelə Qərbi Azərbaycan əyalətinin Urmu şəhərindən İran parlamentinə təyin edilmiş Vəhid Calalzadə də oxşar fikirlər səsləndirməklə yanaşı, Zəngəzur dəhlizinin İranın qırmızı xətti olduğu barədə Tehran rəsmilərinin iddialarını təkrar edib. O, İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyinin XİN vasitəsilə Azərbaycan tərəfinə çatdırıldığını və bundan sonra İranın Azərbaycan Respublikasına qarşısı mövqeyinin əvvəlki kimi yumşaq olmayacağını deyib.
Qeyd edək ki, oktyabrın 26-da İranın Fars əyalətinin mərkəzi Şirazdakı ziyarətgahda terror aktı törədilib və 15 nəfər ölüb, 40 nəfər yaralanıb. Baş verən terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.
Diqqət edin-İrandakı rejim terror aktını məhz Fars əyalətinə daxil olan Şirazdakı ziyarətgahda törətməklə "bir daşla iki quş vurmaq" məqsədini güdür. Bu aktla həm molla hökuməti ona qarşı ayaqlanan əhali qrupuna daxil olan farsları həm rejimə qarşı, həm milli azadlığını əldə etmək uğrunda çarpışan azərbaycanlılara qarşı qaldırmaq, həm də güney azərbaycanlıların dini duyğularını qıcılandırmaq, onların Arazın o tayındakı Azərbaycan dövlətinə qarşı ögeylik hiss etməsini tətikləmək, məhz dini müstəvi üzərindən azərbaycanlıların arasına nifaq salmaq, güneylilərin dini müstəvidən çıxış edərək rejimi dəstəkləməsinə təhrik etməkdir. Üstəlik, buna manqutluğu tərcih edərək milli kimliyini deyil, molla rejimini seçməklə mandatını qorumağa çalışan deputatları da meydana çıxarmaqla Güney Azərbaycan toplumunu milli azadlıq mübarizəsindən daşındırmağa çalışır. Amma molla rejimi onu da nəzərə almalıdır ki, təmsil etməli olduğu əhalinin deyil, molla rejiminin ruporu olmağı seçən deputatlar xalqın sözçüsü ola bilməz.
Ülviyyə, Hurriyyet.az