Tehran və MAQATE arasında yeni razılaşma əldə olundu
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) və İran tərəfi çərşənbə axşamı Tehranın nüvə proqramı ilə bağlı razılığa gəliblər. Belə ki, bu barədə 2021-ci il dekabrın 15-də çərşənbə günü İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bildirib.
“Dünən gecə biz MAQATE ilə İranın sülh məqsədli nüvə proqramına dair narahatlıqları aradan qaldıracaq və bu agentliklə daha çox əməkdaşlığa gətirəcək müsbət anlamlı razılığa gəldik”, deyə İran XİN-nin mətbuat xidməti onun sözlərini sitat gətirərək bildirib. Abdullahiyan tərəflərin konkret nə barədə razılığa gəldiyini açıqlamayıb.
dekabrın 14-də İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri, ölkənin vitse-prezidenti Məhəmməd İslami deyib ki, MAQATE müşahidəçilərinin Kərəcdəki nüvə sentrifuqlarının qurğuya yığıldığı obyektə giriş məsələsi də nüvə sazişi ilə eyni zamanda həll edilməlidir. Noyabrın 26-da İranın AEOI sözçüsü Behruz Kamalvəndi qeyd etmişdi ki, Tehran Kərəcdəki obyektə müşahidəçilərin daxil olmasına icazə verməyəcək, çünki orada nüvə materialı yoxdur. Amma "Tasnim" xəbər agentliyinin verdiyi son məlumatlara görə, rəsmi Tehran MAQATE-yə Kərəcdəkki sentrifuqların yığıldığı obyektdəki videokameraların yenidən quraşdırılması və prosesin nəzarətçilər tərəfindən izlənməsinə icazə verib.
Ülviyyə, Hurriyyet.az