📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tehranda son söz sahibi kimdir?

2026-10-07 17:16:23

Tehranda son söz sahibi kimdir?

ABŞ vitse-prezidenti Ceyms Devid Vens “Reuters”ə müsahibəsi zamanı deyib ki, ölkəsi hələ də İranla razılaşma əldə etməyə açıqdır.

Vensin sözlərinə görə, vəziyyəti çətinləşdirən amillərdən biri Vaşinqtonun Tehranda qərarların kim tərəfindən qəbul edildiyinə əmin olmamasıdır. O bildirib ki, ABŞ İran prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçi ilə danışıqlar aparır. Lakin Vens onların İran hakimiyyəti daxilində nə dərəcədə böyük təsirə malik olduqlarının aydın olmadığını deyib.

“Diqqət yetirdiyimiz məqamlardan biri də ölkələrində qərarların necə qəbul edildiyinin tam aydın olmamasıdır”, - Ceyms Devid Vens əlavə edib.

Bəs İranda qərarların əslində hazırda kim tərəfindən verildiyini söyləmək mümkündür?

MEHEMMED.jpg (68 KB)

Politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a bildirib ki, İranın konstitusion sistemində son söz ali rəhbərə məxsusdur:

“Hazırda bu vəzifəni Müctəba Xamenei tutur. Hökumətin işini və diplomatiyanı prezident Pezeşkianın komandası aparır, lakin xüsusilə müharibə və təhlükəsizlik məsələlərində SEPAH və ona bağlı hərbi-siyasi elitanın təsiri həlledici olaraq qalır. Buna görə də ABŞ üçün əsas problem danışıqlar masasında kimin oturması deyil, həmin şəxslərin əldə etdiyi razılaşmanı Tehrandakı bütün güc mərkəzlərinə qəbul etdirə bilib-bilməməsidir. Vens də əslində bu problemi qeyd edir. Hazırkı vəziyyətdə “İranda qərarları yalnız prezident verir” demək doğru olmaz. Əksinə, 2026-cı ilin fevralında ali lider Əli Xameneinin öldürülməsindən sonra İranda qərarvermə mexanizmi əvvəlki dövrlə müqayisədə daha çox kollektiv və hərbi-təhlükəsizlik elitasının təsiri altında formalaşıb. “Reuters”in də son təhlillərinə görə, yeni ali rəhbər Müctəba Xamenei formal olaraq sistemin zirvəsində qalsa da, müharibə şəraitində real qərarların mühüm hissəsində İslam İnqilabı Keşikçiləri Korpusu komandirlərinin çəkisi artıb. Onlar isə radikal barışmaz mövqedədirlər və Vaşinqtonu çətin vəziyyətlə üz-üzə qoyan məqamlardan biri də budur”.

Ekspert qeyd edib ki, Pezeşkian prezident kimi hökumətə, iqtisadiyyat və büdcə siyasətinə, diplomatik fəaliyyətə rəhbərlik edir. O, ABŞ ilə danışıqlara açıq mövqeyi ilə də ön plana çıxır:

“Lakin hərbi və təhlükəsizlik elitasının, xüsusən də SEPAH-ın təsiri onun xarici və təhlükəsizlik siyasətində manevr imkanlarını məhdudlaşdırır. Yəni Pezeşkian və Əraqçi Vaşinqtonla danışıqlar aparmaq səlahiyyətinə malikdir, lakin onların verdiyi vədlərin Tehranın bütün güc mərkəzləri tərəfindən qəbul ediləcəyinə ABŞ əmin deyil. Ali Milli Təhlükəsizlik Şurası isə qərarların koordinasiya olunduğu əsas institutlardan biridir. Hazırda bu qurum da xüsusi əhəmiyyət daşıyır”.