📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Təhsil naziri imtahanda köçürmə qalmaqalına görə istefa verdi

2026-11-22 18:11:35

Təhsil naziri imtahanda köçürmə qalmaqalına görə istefa verdi

Cənubi Koreyanın təhsil naziri Çxve Ge Çjin universitetlərə qəbul imtahanları ərəfəsində süni intellektdən istifadə etməklə köçürmə qalmaqalının baş verməsindən sonra istefa verib.

Modern.az xəbər verir ki, qalmaqal milli vergi uçotu imtahanında ən yüksək nəticəni göstərən şəxsin gizli kamera və smartfondan istifadə edərək az qala maksimum bal topladığını etiraf etməsindən sonra başlayıb.

Hadisədən sonra hakimiyyət imtahanlarda təhlükəsizlik tədbirlərini gücləndirib. İmtahan keçirilən ərazilərdə ictimai Wi-Fi şəbəkəsi bloklanıb, namizədlərin telefonları, ağıllı saatları və digər elektron cihazları yoxlanılıb. Hətta geyimlərdə gizlədilmiş kameraların aşkarlanması üçün xüsusi yoxlamalar aparılıb.

Təhsil naziri ictimaiyyəti sakitləşdirə bilmədiyi və hökumətin tədbirləri gecikdiyi üçün tənqid olunub.

“İmtahan ciddi insident olmadan başa çatdı. Lakin məsul nazir kimi əvvəlcədən lazımi hazırlığı təmin edə bilmədiyimizə görə tənqiddən kənarda qala bilmərəm. Bütün məsuliyyəti öz üzərimə götürərək istefa verirəm”, – Çxve Ge Çjin X sosial şəbəkəsində yazıb.

Cənubi Koreya Prezidenti Li Çje Men onun istefasını qəbul edib.

Rəsmi məlumatlara görə, noyabrın 20-də keçirilən imtahan zamanı elektron cihazlardan istifadə ilə bağlı 111 qayda pozuntusu aşkarlanıb. Onların təxminən yarısı təcili xəbərdarlıq sisteminin köməyi ilə müəyyən edilib.