📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tələbə qızın ölümünə səbəb olan şəxsə yüngül cəza verilməsi... Ekspertlər “Hürriyyət”ə açıqlamalarında hakimin qərarını şərh etdilər...

2022-06-14 13:08:00

Tələbə qızın ölümünə səbəb olan şəxsə yüngül cəza verilməsi...  Ekspertlər “Hürriyyət”ə açıqlamalarında hakimin qərarını şərh etdilər...

Son vaxtlar sosial şəbəkələrdə qızğın müzakirə mövzusuna çevrilmiş bir olaya diqqətinizi çəkmək istəyirik. Söhbət ötən ilin 27 noyabrında 19 yaşlı Fatimə Nemətovanın (ad və soyad şərtidir) Yasamal rayonunda yerləşən “Qələbə Residence” yaşayış kompleksindən özünü ataraq intihar etməsi hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə keçirilən məhkəmə prosesinin nəticəsindən gedir.

Belə ki, gənc qızın telefonunu oğurlayan və daha sonra onun açıq-saçıq görüntülərini sosial şəbəkələrdə yayan 2004-cü il təvəllüdlü Nadir (şərti addır) Yasamal Rayon Məhkəməsində keçirilən prosesdə Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 156.1 (Şəxsi həyatın toxunulmazlığını pozma), 177.2.5 (Oğurluq -zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə) və 242-ci-ci (Pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddələri ilə təqsirləndirilsə də,  yekunda ona cəmi  4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Məhkəmə prosesində məlum olub ki, intihardan əvvəl Nadir sosial şəbəkədə universitetlərdən birinin memarlıq fakültəsinin 2-ci kurs tələbəsi olan Fatimənin profilini taparaq ona yazıb. Onlar bir müddət yazışdıqdan sonra dostları ilə birlikdə parkda görüşüblər. 2021-ci ilin 21 noyabrında saat 18 radələrində “AF Mall” ticarət mərkəzinin qarşısında baş tutan görüş zamanı 18 yaşlı oğlan Fatimənin gödəkçəsinin cibindən dəyəri 1829 manat dəyərində “Apple Iphone 11” markalı mobil telefonu oğurlayıb. Bundan sonra Nadir qızın telefonunda olan çoxsaylı açıq-saçıq foto və video görüntüləri başqa telefona köçürüb, oğurladığı telefonu isə dostunun şəxsiyyət vəsiqəsi ilə 800 manata satıb. Bu satışdan özünə 120 manat dəyərində geyim əşyaları və ayaqqabı, eləcə də 600 manat dəyərində “Apple Iphone X” markalı mobil telefonu alıb. Fatimənin telefonundan köçürdüyü açıq-saçıq görüntüləri isə 2021-ci ilin 22 noyabrında saat 16 radələrində çoxsaylı izləyiciləri olan “Telegram” sosial şəbəkəsində yayıb.

Dostları Fatiməyə onun pornoqrafik görüntülərinin sosial şəbəkələrdə yayıldığını bildirdikdə, o, həmin görüntülərin oğurlanmış telefonundan götürüldüyünü deyib. Fatimə daha sonra dostuna “Hər şey üçün çox sağ ol, məni yaddan çıxart, çox təəssüf edirəm ki, sonluq belə oldu, artıq heç nəyin mənası qalmayıb”, - sözlərini yazıb və yaşadığı çoxmərtəbəli binadan özünü ataraq həyatına son qoyub.

Məhkəmədə təqsirləndirilən Nadir törətdiyi əmələ görə özünü təqsirli bildiyini deyib. O, Fatimənin görüntülərini əylənmək məqsədilə yaydığını qeyd edib: “Həmin videoları paylaşmaqda məqsədim əylənmək idi. Hər-hansı maddi və sair nemət qarşılığında bunu etməmişəm”.

Məhkəmədə Fatimənin atası da ifadə verərək qızının ölümündən əvvəl ona mesaj yazdığını bildirib: “Fatimə ölümündən əvvəl anasının istifadəsində olan, hazırda bütün əlaqəli məlumatları silinmiş kompüter vasitəsilə sosial şəbəkələrin birində yaşamaq və  sevmək istədiyi, amma  pis insanların buna imkan vermədiyi, anasını çox sevdiyi haqda yazı yazmışdı”.  

Qeyd edək ki, Nadir ona verilmiş 4 il 6 aylıq cəzanı ümumi rejimli müəssisədə çəkəcək.

Cəmiyyətdə birmənalı qarşılanmayan məhz müttəhimə verilən cəzanın müddətidir. 4 maddə üzrə ittiham olunan, qeyri-qanuni əməlləri gənc qızın ölümünə səbəb olan şəxsin belə yüngül cəza alması insanların hiddətinə səbəb olub. Onlar məhkəmənin çıxardığı hökmlə razılaşmaq istəmirlər.

“Hürriyyət” sözügedən olayı araşdırmaq və məhkəmə qərarının ədalətli olub-olmadığını aydınlaşdırmaq məqsədilə mütəxəssislərə müraciət edib. Onların fikrini oxucularımıza çatdırırıq.

“Hakim 7 il azadlıqdan məhrumetmə cəzası müəyyən edə bilərdi...”

Hüquqşünas Bəhruz Bayramov:

 Barassociation.az - Vəkillərin reyestri

  “Qeyd edim ki, şəxsin təqsirləndirildiyi maddələr üzrə 7 ildən yuxarı omayan azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Bunlardan biri “şəxsiyyət əleyhinə cinayət” maddəsidir, digəri ictimai təhlükə törətməyən “şəxsi toxunulmazlıq hüququnun pozulması” maddəsidir. Bu maddəyə görə 2 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Oğurluqla bağlı maddə mülkiyyət əleyhinə cinayətdir, buna görə 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Pornoqrafik məlumatların ictimailəşdirilməsinə görə isə 3 il azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Burada ən ağır maddə “özünü öldürmə həddinə çatdırmadır” və həmin maddəyə görə 3 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. 

Bu qəbildən olan cinayətlərə görə məhkəmə hər bir maddə üzrə  qismən toplamaqla cəza təyin edir. Sözügedən cinayətlərlə bağlı yüngülləşdirici hallar da nəzərə alınmaqla, 7 il azadlıqdan məhrumetmə cəzası müəyyən edilə bilərdi. Amma “şəxsiyyət əleyhinə” və “şəxsin ölüm həddinə çatdırılması” maddələri ilə mühakimə edilən şəxsə verilən cəza çox yüngülıdür. Yəni 4 maddə üzrə mühakimə olunan şəxs ən azından 7 ilədək azadlıqdan məhrumetmə cəzası almalı idi. Mənim üçün maraqlıdır ki, məhkəmə müttəhimə cəza təyin edərkən hansı yüngülləşdirici halları, hansı meyarları nəzərdə tutub. Ola bilsin, zərərçəkmişin hüquqi varisi məhkəməyə şikayət ərizəsi təqdim etməyib. Bunu bilmək üçün iş materialları və hökmlə tanış olmaq lazımdır. Amma yenə də təkrar edirəm,: məhkəmə müttəhimə 7 ilədək azadlıqdan məhrumetmə cəzası təyin edə bilərdi”.

“Cinayətkarın 4 il 6 ay azadlıqdan məhrumetmə cəzası alması məni də çaş-baş salıb”

Sabiq polis rəisi, ekspert-kriminalist Mahmud Hacıyev:

            

“Əvvəla deyim ki, ittihamların hamısı hüquqi və məntiqi  baxımdan doğrudur. Sadalanan maddələrin hamısı müttəhimin əməllərində var. Mən zərərçəkmişin telefonunun oğurlanması faktı üzərində dayanmaq istəyirəm. Məsələ bundadır ki, oğurluğun dispozisiyasında belə bir tərif var: gizli şəraitdə oğurlama. Yəni əgər kiminsə şəxsi əşyası gizli şəraitdə mənimsənilirsə, bu oğurluq hesab edilir. Yəqin ki, istintaq bu əməlin gizli şəraitdə baş verdiyini sübuta yetirib. Amma ola bilsin, sözügedən əməl  istintaqın gedişatında və yaxud ittiham aktında oğurluq kimi qələmə verilsə də, məhkəmə prosesi zamanı müəyyən olunub ki, digər maddələr düzgün təsnif olunub, amma oğurluq maddəsi düzgün təsnif edilməyib. Yəni telefon gizli şəraitdə götürülməyib. Belə olan halda həmin maddə ittiham aktından çıxarıla bilər. Oğlan qızla tanış olandan sonra onu aldadıb telefonunu götürə bilərdi. Misalçün, deyə bilərdi ki, telefonunu bir-iki günlük mənə ver, mənə lazımdı, sonra qaytarıb özünə verəcəyəm. Telefon əlinə keçəndən sonra isə qızın şəxsi məlumatlarını teleqram kanalında paylaşa bilərdi. Hətta sonradan  telefonu satmış olsa belə, əməlin gizli şəraitdə baş verdiyi sübuta yetirilməsə, oğurluq maddəsi ittiham aktından çıxarıla bilərdi. Demək istədiyim odur ki, məhkəmə prosesində bir çox nüanslar üzə çıxarılır. Mən sizə yalnız bir maddə ilə bağlı ehtimallarımı bildirdim, amma digər maddələrdə də bu cür özəlliklər müəyyən oluna bilərdi.

Onu da qeyd edim ki, istintaq gedişatında kiminsə nəyisə etiraf etməsi düzünə sübut kimi qəbul olunmur. Çünki çox vaxt ittiham olunan şəxs istintaq gedişatında nəyisə etiraf edir, amma sonra vəkil ona deyir ki, məhkəmə prosesində günahını etiraf etmə, de ki, mənə qarşı fiziki təzyiq göstərildi, mən də  məcbur qalıb işləmədiyim suçu etiraf etdim. Mən iş təcrübəmdə belə hallarla dəfələrlə qarşılaşmışam. Odur ki, bir daha təkrar edirəm, etiraf əsas deyil, əsas olan istintaq gedişatında istintaqçı müstəntiq tərəfindən kifayət qədər maddi, düzünə və dolayı sübutların toplanmasıdır. İnanıram ki, sözügedən cinayət hadisəsi ilə bağlı kifayət qədər dəlil-sübut toplanıb. Amma  cinayət çox ağır nəticəyə gətirib çıxarıb. Gənc bir qız intihar edib. Düzünü desəm, cinayətkarın 4 il 6 ay azadlıqdan məhrumetmə cəzası alması məni də çaş-baş salıb. Əslində, məhkəmə  cəza müddəti təyin etməkdə sərbəstdir. Onu da deyim ki, məhkəmə özü də məhkəmə  prosesi zamanı məhkəmə istintaqı aparır. Yəni müstəntiqin apardığı ibtidai istintaqdan başqa məhkəmə istintaqı da aparılır. Odur ki, məhkəmə istintaqı zamanı hansı nəticələrə gəlindiyi, nəyə görə müttəhimə məhz 4 il 6 ay azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qeyd etdiyim nüansların nəzərə alınması ilə bağlı ola bilərdi. Həmçinin, ittiham olunanın birinci məhkumluğu, ailə vəziyyəti, azyaşlı olması və s. məqamlar da məhkəmə tərəfindən yüngülləşdirici hal kimi qəbul oluna bilərdi. Çünki qanunvericilikdə deyilir ki, cəza təyini vaxtı bütün yüngülləşdirici hallar nəzərə alınmalıdır. Amma birinci instansiya məhkəməsinin qərarı əsas deyil. Zərərçəkən tərəfin vəkilləri apellyasiya şikayəti verə bilər. Apellyasiya şikayəti lazımi nəticə verməzsə, ardından kassasiya  şikayəti də verilə bilər.  Əslində, gənc qızın ölümünə səbəb olan belə ağır cinayətə görə cəmi 4 il 6 ay azadlıqdan məhrumetmə cəzasının verilməsi hamını çaşdırır. Təbii ki, hakim öz qərarını əsaslandırıb. Amma dediyim kimi, bu son qərar deyil”.

“Şəxsi olan hər kəsin özünə aiddir və bunun sərhədləri var”

Baş verən hadisənin psixoloji aspektləri haqda klinik psixoloq Gülşən Rüstəmova da “Hürriyyət”ə açıqlama verib:

IMG-20220602-WA0103.jpg

“Son dövrlərdə ölkəmizdə azyaşlıların intihar etməsi az qala adi hal alıb. Sosial şəbəkələrdə, internet saytlarında bu qorxunc statistikaya münasibət isə heç də birmənalı deyil. Əslində, cəmiyyətimizdə bu qəbildən olan olaylara qarşı qəribə bir aclıq var. İstənilən insanın yüngülvarı açıq şəkilləri, video görüntüləri cəmiyyət tərəfindən böyük maraqla qarşılanır. Onları ictimailəşdirmək sanki bir qalibiyyət kimi dəyərləndirilir. Cəmiyyətdə belə bir aclıq olduğundan təəssüf ki, əksər gənclər şəxsi materialları yaymağa meyllidirlər. Düşünürəm ki, hazırda baş verən intihar hadisələri ilə bağlı sorğu keçirilsə, 98-99 faiz insan qurbanları günahlandıracaq. Deyəcəklər ki, nəyə görü tanış oldu, nəyə görə görüşdü? Ümumiyyətlə, nə üçün o cür açıq-saçıq şəkil və videolar çəkirdi?  Yəni burada ilişib qalacağıq. Əslində, gənclərin intihara meylli olmasına səbəb cəmiyyətimizdir. Cəmiyyət içərisində birmənalı olaraq “şəxsi” sərhədlər qəbul olunmur. Bu çox dəhşətli haldır. Bir insanın özəli o qədər rahatlıqla ümumi dəyərləndirmədən keçirilir ki, sanki hamının ixtiyarı var, bütün bu məsələlərdən hali olsun. Axı, niyə bir insan digərinin şəxsi şəkillərini paylaşmaqda bu qədər maraqlı olmalıdır? İnanmıram ki, sözügedən şəkillər, video-görüntülər sadəcə əylənmək məqsədilə paylaşılıb. Düşünürəm ki, sosial çarxlar, xəbərdarlıqlar vasitəsilə  cəmiyyətə çağırış etməliyik ki, insanların özəlinə müdaxilə edilməsin. Çünki şəxsi olan hər kəsin özünə aiddir və bunun sərhədləri var. İnsanlar öz sərhədlərini bilməlidirlər, hüquqlarını tanımalıdırlar. Hüququ tanınan insan heç bir vəchlə bu cür hadisələrə yol verməz. Xanım bilsə ki, onun özəlinə  daxil olduğu üçün kimsə cinayət məsuliyyətinə cəlb oluna bilər və ya qınanıla bilər,  bu cəmiyyətdə  daha rahat yaşaya və öz hüquqlarını daha yaxşı qoruya bilər, çıxış yolunu özünə qıymaq, həyatına son verməkdə axtarmaz”`.

RUNA