TELEFONA BAXMAĞIN YARATDIĞI XƏSTƏLİKLƏR... – Həkimdən XƏBƏRDARLIQ
Smartfonlardan uzun müddət və fasiləsiz istifadə insan sağlamlığına mənfi təsir göstərə bilər. Xüsusilə telefona başı aşağı vəziyyətdə baxmaq boyun və onurğaya düşən yükü artırır. Bu vərdiş uzun müddətdə boyun ağrıları, əzələ gərginliyi və duruş pozuntularına səbəb ola bilər. Mütəxəssislər smartfondan istifadə zamanı düzgün bədən vəziyyətinin qorunmasının və fasilələr verilməsinin vacibliyini vurğulayırlar.
Telefon qarşısında uzun müddət başı aşağı saxlamaq boyun və onurğada hansı problemlərə səbəb ola bilər? Smartfon istifadəçiləri sağlamlıqlarını qorumaq üçün hansı qaydalara əməl etməlidirlər?
Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında həkim-terapevt Məlahət Hümmətqızı bildirib ki, telefon artıq həyatımızın ayrılmaz hissəsidir. Gün ərzində iş, ünsiyyət, məlumat almaq üçün də telefondan istifadə edirik.
Onun sözlərinə görə, uzun müddət fasiləsiz telefona baxmaq, xüsusilə də başı aşağı salaraq istifadə etmək sağlamlıq üçün uyğun deyil: “Telefonu başı aşağı vəziyyətdə saxladıqda boyun əzələləri gərgin vəziyyətdə qalır və boyun fəqərələrinə düşən yük artır. Bu da zamanla boyun, çiyin və kürək nahiyəsində ağrılara, əzələ spazmına, baş ağrılarına və boyunda hərəkət məhdudluğuna səbəb ola bilər. Duruş da tədricən dəyişə bilər. İnsan fərqinə varmadan çiyinlərini qabağa salır, kürəyini əyir və boynunu daim önə verir. Ona görə telefonu mümkün qədər göz səviyyəsinə yaxın saxlamaq lazımdır. Telefonu aşağıda tutub başı uzun müddət əyməkdənsə, telefonu bir qədər yuxarı qaldırmaq daha düzgündür. Əlbəttə, bu vəziyyətdə də qolu uzun müddət havada saxlamaq olmaz. Əsas məqsəd boynu uzun müddət əyilmiş vəziyyətdə saxlamamaqdır”.

Həkim ikinci vacib məsələnin fasilə olduğunu qeyd edib: “İnsan telefonda 1-2 saat fasiləsiz qalmamalıdır. Müəyyən müddətdən bir telefonu kənara qoymaq, ayağa qalxmaq, bir az gəzmək, çiyinləri və boynu hərəkət etdirmək lazımdır. Boynu zorla çevirmək və ya sərt hərəkətlər etdirmək lazım deyil. Sadə, rahat hərəkətlər kifayətdir. Telefonla işləyərkən oturuş vəziyyətinə də diqqət etmək lazımdır. Kürək mümkün qədər düz olmalı, çiyinlər qabağa düşməməlidir. Telefonu yataqda uzanaraq uzun müddət istifadə etmək də yaxşı vərdiş deyil. Xüsusilə yan üstə uzanıb telefona baxmaq boyun və çiyinlərə əlavə gərginlik yarada bilər”.
M.Hümmətqızı vurğulayıb ki, gözləri də qorumaq lazımdır. Uzun müddət ekrana baxmaq gözlərdə quruluq, yanma, yorğunluq və müvəqqəti bulanıqlıq yarada bilər: “Ona görə vaxtaşırı ekrandan gözləri ayırmaq, uzağa baxmaq və gözləri dincəltmək lazımdır. Ekranın parlaqlığı da çox yüksək olmamalıdır. Bir məsələ də yuxudur. Xüsusilə gecə yatmazdan əvvəl uzun müddət telefonda qalmaq yuxuya getməyi çətinləşdirə bilər. Yatmazdan əvvəl telefonu bir kənara qoymaq daha yaxşıdır.
Uşaqlarda isə bu məsələyə daha ciddi yanaşmaq lazımdır. Çünki uşaqlar uzun müddət telefonda olduqda həm hərəkətsiz qalırlar, həm də düzgün olmayan oturuş vərdişi formalaşa bilər. Valideynlər uşağın telefonda keçirdiyi vaxta və necə oturduğuna da diqqət etməlidirlər”.
Həkim sonda əlavə edib ki, əgər insanda davamlı boyun ağrısı, qola yayılan ağrı, əllərdə keyimə və ya gücsüzlük, tez-tez baş ağrısı kimi şikayətlər yaranırsa, bunu sadəcə telefondan hesab edib keçmək olma: “Belə halda həkimə müraciət etmək lazımdır. Yəni məsələ telefonu tamamilə istifadə etməmək deyil. Telefonu düzgün vəziyyətdə, fasilələrlə və mümkün qədər az müddət eyni pozada istifadə etmək lazımdır. Sağlamlığımız üçün ən vacib şey hərəkət etmək və bədəni uzun müddət bir vəziyyətdə saxlamamaqdır”.