📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ter-Petrosyanın ardıcılı olan Nikol Paşinyanı devirməyə çalışırlar" - ELXAN ŞAHİNOĞLU

2023-05-23 13:56:00

"Onun dünənki "Qarabağı Azərbaycan ərazisi kimi tanımağa hazırıq" bəyanatı "Qarabağ klanı"nı hərəkətə gətirib, separatçıların "parlamenti" də Ermənistanın baş nazirini hədəf seçib"

""Qarabağ klanı" 1998-ci ildə Levon Ter-Petrosyanı da bu yolla devirmişdi. SSRİ illərində erməni millətçilərinin təsis etdiyi "Qarabağ komitəsinin" fəal üzvü olan Levon Ter-Petrosyan sonrakı illərdə fikirlərində dəyişiklik etdi, prezident ikən Minsk Qrupunun Qarabağ münaqişəsinin həlliylə bağlı hazırladığı "mərhələli həll" planını qəbul etdi. Həmin plan birinci mərhələdə işğal altındakı torpaqların azad edilməsini ehtiva edirdi. Levon Ter-Petrosyan Ermənistanın o zamankı baş naziri Robert Köçəryan və milli təhlükəsizlik naziri Serj Sərkisyanın timsalında "Qarabağ klanı"nın təzyiqi ilə istefa verdi". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzini rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq bildirib ki, "Qarabağ klanı" bu gün eyni ssenarini işə salmağa çalışır: "Belə ki, yenə eyni simalar peyda olaraq Levon Ter-Petrosyanın ardıcılı olan baş nazir Nikol Paşinyanı devirməyə çalışırlar: "Paşinyanın dünənki "Qarabağı Azərbaycan ərazisi kimi tanımağa hazırıq" bəyanatı "Qarabağ klanı"nı hərəkətə gətirib, Qarabağdakı separatçıların "parlamenti" də Ermənistanın baş nazirini hədəf seçib".

"Atlas" Araşdırmalar Mərkəzini rəhbəri hesab edir ki, işin içində vaxtilə Levon Ter-Petrosyanın devrilməsini sürətləndirən Rusiyadakı mərkəzlər də var: "Həmin mərkəzlər anlayırlar ki, Ermənistan Azərbaycanla sülh sazişi imzalayarsa Rusiya hərbi kontingenti iki ildən sonra həm Qarabağı tərk etməli olacaq, həm də Ermənistandakı hərbi bazalara ehtiyac azalacaq. Paşinyan şərtlərimizi qəbul etməyə hazırdırsa, Rusiyadakı mərkəzlər "Qarabağ klanı"nın əli ilə onu devirməyə macal tapmamış sülh sazişini imzalamaq faydalı olar".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az