Tərbiyə işində inandırma
Allahverdi Eminov
“İnandırma” sözü hər hansı obyektə, hadisəyə təsir göstərmənin nəticəsi kimi məna verir və mövcud predmetə (obyektə, hadisəyə) münasibət müsbət motivlə səciyyələndirilir. Konkret şəkildə: a)müəyyən hadisə baş vermişdirsə, onun mənfiliyinə inanmaq olarmı? b)müəyyən hadisə baş vermişdirsə, onun müsbətliyinə inanmaq olarmı?
Bu sıx əlaqəli komponentlər tərbiyə prosesində bir-birini tamamlayır və şərtləndirir. Şagird hadisənin bilavasitə şahididir, onu gözləri ilə görüb və yəqinləşdirib ki, bu, mütləq göründüyü kimdir. Tərbiyəçi həmin hadisənin mahiyyətində, yaxud təsirində mənfiliyi bilir, buna görə də elə etməlidir ki, həmin şagirddə mənfi hiss doğurmasın. Əgər bu hadisə onun şüurunda mənfi kimi qalırsa, sonralar onu aradan qaldırmaq işi çətinləşir, bəzən mümkün olmur. Beləliklə, təsir obyekti ilə canlı obyekt arasında “başadüşməzlik” aradan qaldırılsın?!
Tərbiyə nəzəriyyəsində bunun üçün ayrı – ayrı üsullar mövcuddur və onların tətbiqi yolu optimallaşdırılır.
Mətləbə qayıdaq. İnandırma üsulunda birinci faza sözün təsiridir. Söz nəsillərin tərbiyəsi yolunda əsas vasitədir. Sözlə ən ümidsiz işi belə yerinə yetirmək üçün motivlər yaratmaq mümkündür. Sözün mənzili uzaqdır.
Belə bir suala cavab verək. Nə üçün inandırmada söz ilkin götürülür? Söz şagirdə emosional cəhətdən təsir edir, onun hisslərini oyadır, daxili potensialını müsbət hisslərdən asılı edir. Konkret bir misal.
A. adlı şagird intizamsızlıq, yumşaq desək, nəzakətsizlik etmişdir. Küçədə öz müəllimi ilə qarşılaşmış, onu yaxından görmüş, lakin müəllimi saymamış, salamsız – kəlamsız yanından ötmüşdür. Təbiidir ki, bu müəllimə – tərbiyəçiyə yaxşı təsir etməmişdir: bu hərəkəti məhz öz şagirdi etmişdir. Belə şagird üçün pedaqogikada müxtəlif tərbiyə üsulları mövcuddur: fərdi yanaşma, cəzalandırma və sair. Hərçənd, A. üçün hər iki üsulun tətbiqi mümkündür və effekt də verə bilər. Burada bir məsələni qeyd etmək lazımdır. A.-nı bilavasitə tanıyan tərbiyəçinin yanaşma metodundan çox şey asılıdır. Əgər müəllim onun fərdi xüsusiyyətlərini bilirsə, yanaşma taktı da münasib məzmun daşımalıdır. Ola bilsin, müəllim – şagird münasibətləri lazımi nəticəni verməsin. Şagird müəllimi sakitcəsinə dinləsin, lakin çox keçmədən özünün nəzakətsizliyini büruzə versin və sair. Bu cür hallarda tərbiyəçi şagirddə müsbət motiv yaratmaq üçün inandırma üsulunu tətbiq edir. Əlbəttə ki, söz vasitəsilə.
Yuxarıdakı söhbətə qayıdıram. A. başını aşağı salıb sinif yoldaşlarının üzünə baxa bilmir. Handan – hana fikirdən ayrılır. Müəllim – tərbiyəçi bu məqamı gözləyir: şagirdlərə müraciətlə deyir:
– Uşaqlar, A.-nın atasının yaşı təxminən əllini keçmişdir. Sovxozda briqadir vəzifəsində çalışır, qabaqcıl pambıqçıdır, yaxşı nüfuzu vardır. Hətta briqada üzvlərindən bir çoxu onun yetişdirməsidir. Mən bunu ona görə xatırladıram ki,... O, susur və üzünü uşaqlara tutur. Bu sözsüz baxışlarda bir məna vardır. Dərhal öz müəllimlərini başa düşürlər. Bir şagird əlini qaldırır və deyir ki, A.-nın atasının nüfuzunu yetirmələri qorumalıdır.
Müəllim – tərbiyəçi mülahizələri burada kəsir və deyir ki, yaxşı olmayan əhvalat baş vermişdir. A.-nın atasına qarşı onun bir yetirməsi hörmətsizlik göstərmiş, ona verilən tapşırığı yerinə yetirmək əvəzinə kobud cavab qaytarmışdır. Təsəvvür edin: briqadir kollektiv qarşısında pis vəziyyətdə qalmışdır. O şəxs atana qarşı düzgünmü hərəkət etmişdir?
A. əvvəlcə cavab vermək istəməmiş, lakin yoldaşlarının sözlü baxışları altında əzab çəkmişdir.
Bu prosesdə müəllim – tərbiyəçi susa da bilərdi, çünki əslində hər şey aydındır. Lakin o, əlavə etmişdir ki, A. müəlliminə qarşı nəzakətsizlik göstərmişdir. Yad bir adam kimi özünü aparmış, son dərəcə laqeyd olmuşdur. Halbuki, o dəqiqələrdə mənim A.-ya ehtiyacım vardı. Bədənimdəki qəlpə yerindən tərpənmişdi, küt ağrı sarsıdırdı məni.
Şagirdlər “qəlpə” sözünü ilk dəfə eşidirdilər, xüsusilə müəlimlərinin Qarabağ müharibəsində aldığı yara! Sinif yoldaşlarına nifrət hissi oyanır. Lakin burada şagirdin fərdi xüsusiyyətlərini nəzərə almaq zəruri şərtlərdən biridir. Elə şagirdlər olur ki, söz onda mənfi emosiya doğurur. Dərhal heysiyyatına toxunur, kollektiv arasında özünü təhqir olunmuş sayır. Bir fakt: Şagird tənəffüsdə yoldaşını söymüşdür. Müəllim sinfi təzə tanıyır, lazımi müşahidələri yoxdur. Zəng içəriyə vurularkən kiçik “əməliyyatdan” sonra həmin şagirdi lövhənin qarşısına çağırır. Sözlə təbliğatını dərinləşdirir, az qala onun heysiyyatını oyadır. Bəli, müəllim ciddi şəkildə onu danlayır. O, özünü saxlaya bilməyib müəllimə sinif qarşısında kəskin cavab verir, göstəriş olmadan keçib yerində oturur. Burada iki cəhət maraqlıdır. Birincisi, şagird yoldaşları qarşısında nəzakətsizlik etmişdir. İkincisi, bu hərəkəti ilə özünün “açılmamış” xarakterini büruzə vermişdir. Bəli, büruzə vermiş və sanki pıçıldamışdır: “Müəllim məni tanımadığın halda niyə heysiyyatıma sözlə toxunursan?!”. Həmişə və hər bir şagird üçün bu, məqbul təsir üsulu deyildir.
İnandırma üsulunda ikinci mühüm təsir vasitəsi əyanilikdir. İstər təlim, istərsə də tərbiyə prosesində əyaniliyin müsbət rolu haqqında pedaqoqlarımız maraqlı mülahizələr söyləmişlər. Tərbiyə işində isə əyaniliyin təsir dairəsi duyğulardan keçib, hafizədə möhkəmlənir və uzun illər yaşayır. Şagird hadisənin bilavasitə şahidinə çevrilir. Müsbət və ya mənfi hadisə ona dərin təsir edir.
Tərbiyəçi – müəllim inandırma üsulunda çalışmalıdır ki, əyanilik obyektin, məzmununun qavranılmasına xidmət göstərsin. Yəni məzmunla əyanilik arasında təbii oxşarlıq olsun. Bir fakt. Əfsanəvi döyüş. Sovet əsgərləri qəhrəmanlıq göstərirlər. Buzla örtülmüş dağ aşırımı keçilməlidir. Komandanlıq əmr vermişdir. Hər şey müvəffəqiyyətlə yerinə yetirilir. İgid əsgərlər mətanət göstərib, sıldırımlı dağı aşırlar.
Bu epizodun nəqli şagirdlərdə heç bir şübhə doğurmur. Lakin burada bir mühüm cəhəti qeyd etmək lazımdır. Sovet əsgərlərinin igidliyi hansı psixoloji aktla müşayiət olunmalıdır? Birincisi, bu epizod şagirdlərdə vətənpərvərlik hissi yaradır. Onlar əsgərlərimizin rəşadətinə inanırlar. İkincisi, bu epizodu təsəvvürlərində canlandırmağa çalışırlar. Birinci halda, bu rəşadətə inanırlar. İkinci halda, bu rəşadəti əyani görmək arzusunda olurlar.
Göründüyü kimi hər iki psixoloji aktda inandırmaq lazım gəlir. Məsələ ikinci aktdan gedir. Yəni sovet əsgərlərinin rəşadəti əyani şəkildə kinofilmlə, yaxud şəkillə müşayiət olunarsa, şagirdlərdə dərin inam yaranar.
Müşahidələr bir daha təsdiq edir ki, şagirdlərdə müəyyən inam yaratmaq tərbiyə işində daim müvəffəqiyyət qazandırır. Şagird düşünür ki, filan işin mümkünlüyü çətindir, lakin özünə inanırsa bu, artıq əqidəsinə çevrilir. Kənar təsirlər belə, bu əqidə – inamı şübhə altına almır.
Biz “inam” sözünü təsadüfən xatırlatmırıq. Əgər uşaq hər hansı bir hadisəyə inanırsa, əqidəsi möhkəm olur, onu öz fikrindən sapındırmaq qeyri – mümkündür. Belə şagirdlər gələcək fəaliyyət zamanı yüksək xarakter, dəyanət göstərirlər, ən çətin işin öhdəsindən asanlıqla gəlirlər. Bu, şübhəsiz, müsbət tərbiyə motivləri ilə əlaqədardır.
İnandırma mənfi hadisələrlə də sıx bağlıdır. Lakin burada incə bir cəhət vardır. Bəzən hadisə mənfi emosiyalarla müşayiət olunur. Belə halda müəllim – tərbiyəçi ikrah oyadan hissləri humanizmə, sağlam fikrə, xeyirxahlığa yönəltməklə inandırmalıdır. Təlqin etməlidir. Bu hərəkət cəmiyyətimizə yabançıdır, bizim humanist qanunlarımıza ziddir və sair.
Tərbiyə işində inandırma üsuluna əhəmiyyət misilsizdir. Buna görə də pedaqoji prosesdə inandırma üsuluna tez-tez və yerində müraciət etmək lazımdır. Bütün bu işdə müəyyən pedaqoji tələblər nəzərə alınmalıdır.
Tərbiyə işində inandırma üsulunun tətbiqi zamanı fikir və mülahizələrimizdən aşağıdakı nəticələr çıxır.
Birincisi, şagirdlərin fərdi xüsusiyyətləri gözlənilməlidir. Müəllim – tərbiyəçi şagirdin xarakter cəhətlərini öyrənmədən onun qarşısına tələblər qoymamalıdır, hadisəyə inanmağa təhrik etməməlidir.
İkincisi, şagirdlərə yanaşma zamanı sözün təsiri misilsiz vasitədir. Söz məntiqi və emosional tutumlu olmalıdır. Faktlar inandırıcılığı və həyatiliyi ilə diqqəti cəlb etməlidir.
Üçüncüsü, şagirdlərə yanaşma zamanı əyani təsirə diqqət yetirilməlidir. Belə halda onlarda inam hissi yaranır və hadisə ilə əlaqədar bu hiss dərin əqidəyə çevrilir.
Dördüncüsü, inandırma üsulunun tətbiqində müəllim – tərbiyəçinin özünün yanaşma metodikası olmalıdır.