“Terrora cəhdlərin yenidən olacağını istisna etmirəm” — Tural Abbaslı
“Bizim xarici ölkələrdəki səfirliklərimizin nəinki inzibati binalarına hücumlar təşkil olunur, artıq xidməti maşınlar odlu silahdan atəşə tutulur. Bunun bir adı var: Terror! Bu, terror aktıdır və terrora cəhddir”.
Hurriyyet.Az bildirir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Ağ Partiya başqanı Tural Abbaslı deyib.
“Xatırladım ki, əsrin əvvəllərində Ermənistanın Daşnaksütun partiyası, 70-80-ci illərdə isə ASALA terror təşkilatı Türkiyə Cümhuriyyətinin müxtəlif ölkələrdəki səfirlərinə, diplomatik nümayəndələrinə qarşı sui- qəsdlər etmişdir. Bir çox hallarda da bu sui-qəsdlər baş tutmuşdur. Təbii ki, Fransa, B.Britaniyadakı hadisələrdən sonra Azərbaycanın diplomatik korpusları, səfirliklərin inzibati binası, diplomatların şəxsi təhlükəsizliklərinin təmin olunması üçün əlavə tədbirlər həyata keçirməli idi. Bu məsələdə lazım gəlirsə, Daxili İşlər Nazirliyimizin, Xarici Kəşfiyyat İdarəmizin və digər aidiyyatı qurumların da prosesə cəlb olunması önəmli idi. Eyni zamanda bizim xarici diplomatik korpusların fəaliyyət göstərdiyi ölkələrə də xüsusi xahişlərlə və ya müraciətlərlə müraciət edib, təhlükəsizliyin təmin olunması istənilə bilərdi. Beynəlxalq razılaşmalara əsasən diplomatların və inzibati binaların təhlükəsizliyi həmin ölkələrin cavabdehliyindədir. Sözün düzü, belə aktlar gözlənilən idi. Çünki Fransada, Britaniyada və digər bəzi ölkələrdə səfirliklərimizin önündəki aksiyalardan sonra gözlənilən idi ki, biz adekvat cavab verməsək bunlar daha da azğınlaşacaqlar və daha real, konkret addımlara əl atacaqlar. O baxımdan da, mən bu məsələyə Azərbaycan hökumətinin kəskin reaksiya verməli olduğunu və ABŞ-ın Azərbaycandakı səfirinə də xüsusi ultimatum verməli olduğunu düşünürəm. Təbii ki, Azərbaycanın təhlükəsizlik məsələsini də artırmaq lazımdır. Çünki hər bir dövlətin diplomatları o dövlətin simalarıdır. Biz əgər bu gün diplomatlarımızı qoruya bilmiriksə, bu Azərbaycanın gücü barədə dünyada yanlış təsəvvürlər yaranmasına xidmət edə bilər”.
Partiya sədri təxribatların ölkə daxilində olacağını düşünmədiyini vurğuladı:
“Təbii ki, siyasi təlatümləri çıxsaq, inanmıram ki, ölkə daxilində terror addımları atılsın. Bizim təhlükəsizlik xidmətləri bu məsələdə kifayət qədər tədbirlər həyata keçiriblər və bu tam nəzarətdədir. Amma, xaricdə belə cəhdlərin olacağını istisna etmirəm. Biz önləyici addımlar atmalıyıq. Təbii ki, Azərbaycanın maraqlarını təmin edən şəxslərin təhlükəsizliyini də təmin etməliyik”.
Aynurə