📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tərtər işgəncələrinə görə hökm oxundu: “O cür oğullar öldürülüb orada, 5 il 6 ay nədir ki?!”

2023-11-29 15:29:35

Tərtər işgəncələrinə görə hökm oxundu: “O cür oğullar öldürülüb orada, 5 il 6 ay nədir ki?!”

2017-ci ilin may-iyun aylarında Tərtərdə əsgər və zabitlərə qarşı kütləvi işgəncələrə görə keçirilən məhkəmə proseslərindən biri noyabrın 29-da başa çatıb. Sumqayıt Hərbi Məhkəməsində işgəncələrdə ittiham olunan 4 nəfərə hökm oxunub.

Hurriyyet.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hökmüylə Tərtərdə N saylı hərbi hissənin komandiri olmuş polkovnik-leytenant Vüsal Ələsgərov, hərbi hissənin qərargah rəisi, polkovnik Rəşid Niftəliyev və kəşfiyyat bölüyündə müddətdən artıq xidmət edən (MAXE) hərbi qulluqçu Ramil Qarayevin hər biri 5 il 6 ay azadlıqdan məhrum edilib. Onlar Cinayət Məcəlləsinin 145 (qanunsuz azadlıqdan məhrum etmə), 293 (işgəncə, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar) və 341-ci (vəzifə səlahiyyətlərini aşma) maddələrilə təqsirli bilinib. Daha bir MAXE hərbi qulluqçu Rüstəm Ələsgərovun cəzası isə daha ağır olub. Yuxarıda göstərilən maddələrdən əlavə, həm də Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 126.3 (bədənə ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan ölümlə nəticələndikdə) maddələrilə ittiham olunan Rüstəm Ələsgərova 9 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. O, Tərtərdə işgəncələr nəticəsində həyatını itirən hərbçilərin ölümündə də ittiham olunur.

Təqsirləndirilən şəxslər bu ittihamlarla razılaşmır, onlar məhkəmədə son sözlərində də bəraət istəyiblər. Polkovnik Vüsal Ələsgərov deyib ki, onları mütəşəkkil cinayətkar dəstənin üzvü kimi məhkəmə qarşısına çıxarıblar. Amma bu dəstənin başında dayananlar, əmr verənlər ortada yoxdur.

Rüstəm Ələsgərov ümumiyyətlə, işgəncələrə heç bir aidiyyəti olmadığını, hadisələr baş verərkən proseslərin baş verdiyi qərargah binasının mühafizəsinə göndərildiyini və 5 gün ərzində başqa hərbi qulluqçularla birlikdə yalnız mühafizə ilə məşğul olduğunu deyir. Onun sözlərinə görə, mayın 5-də isə onu Tərtər Hərbi Prokurorluğuna göndəriblər. Rüstəm Ələsgərov iddia edir ki, bu cinayətdə iştirak edən bir sıra şəxslər məsuliyyətdən kənarda saxlanılıb, əvəzində onunkimiləri həbs ediblər.

Hökm Tərtər işi üzrə zərərçəkmiş qismində tanınan şəxsləri – həmin hadisələrdə işgəncə görən, yaxud da işgəncə nəticəsində yaxınlarını itirənləri də qane etməyib. Onlar Bakı Hərbi Məhkəməsinin hökmündən apellyasiya şikayəti verəcəklərini bildiriblər.

Tərtər hadisələrində oğlu Elçin Quliyevi itirmiş Validə Əhmədova bildirib ki, təqsirləndirilən şəxslərə həddindən artıq az cəza verilib: “Sanki toyuq oğurluğudur... O cür oğullar öldürülüb orada, 5 il 6 ay nədir ki?!”

Validə Əhmədova məhkəmə araşdırmalarından da narazıdır. Onun sözlərinə görə, qaldırılan vəsatətlərin heç biri təmin olunmayıb: “Bu cinayətdə əli olan vəzifəlilərin dindirilməsini istədik, bunu da eləmədilər...”

Bizimyol.info