📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Təsisçi Əli Həsənovun baldızı Gülər Vəliyeva idi”- KİVDF işi

2021-11-17 13:17:00

“Təsisçi Əli Həsənovun baldızı Gülər Vəliyeva idi”- KİVDF işi

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Hurriyyet.az xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilir.

Qeyd edək ki, Vüqar Səfərli ilə birlikdə Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyev də hakim önünə çıxarılır.

Təqsirləndirilən şəxslərdən yalnız Nadir Məmmədov və Vüqar Səfərli barəsində həbs qətimkan tədbiri seçilib.

Bu gün baş tutan prosesdə jurnalistlər binasının tikintisində podratçı şirkət “Portos” MMC-nin icraçı direktoru olan Nadir Məmmədov ona elan edilmiş ittihamlarla razılaşmayıb.

O bildirib ki, tikinti vaxtı onların layihədən kənara çıxmaq səlahiyyəti olmayıb: “Çünki layihə Fövqəladə Hallar Nazirliyinin Qiymətləndirmə İdarəsi tərəfindən təsdiq olunub bizə gəlirdi. Biz də icra edirdik. Tikinti ərazisi sürüşmə zonasıdır. Ora görə də binanın dayaqları üçün 3 qat artıq torpaq tökmüşdük. Bu da layihədə nəzərdə tutulmamışdı. Odur ki, tikintiyə ayrılan puldan əlavə 3 faiz nəzərə alınmayan xərclər çıxıb. Binaların tikinti normaları ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin göstərişi var. Biz də buna əməl etmişik. Hər kub betona görə 44 manat ziyan etmişik. İkinci binada ziyana getməyimizə baxmayaraq, ən bahalı materiallardan, liftlərdən, oboylardan istifadə etmişik. Bu gün də gedib o evlərə baxa bilərsiz”.

N.Məmmədova təsisçinin Əli Həsənovun baldızı Gülər Vəliyeva olduğunu deyib. Təqsirləndirilən şəxs finans məsələlərinə Əli Həsənovun oğlu Şamxal Həsənlinin baxdığını söyləyib.

Proses noyabrın 18-də davam etdiriləcək.

Qeyd edək ki, Vüqar Səfərli iş məhkəməyə göndərilənə qədər dəymiş zərərin cəmi 200 min manatını ödəyib. Digər təqsirləndirilən şəxslər də dəymiş zərərin müəyyən hissəsini ödəyiblər. Dəymiş zərərdən ən çox məbləğ ödəyən isə Ədalət Vəliyevdir. O, 1 milyon manat ödəyib.

Xatırladaq ki, bu iş üzrə V.Səfərlinin bir çox əmlaklarına həbs qoyulub. Vüqar Səfərlinin “Rabitəbank” ASC-də olan 300 min manat, eyni bankda oğluna məxsus 550 min manat əmanətin üzərinə məhkəmə qərarı ilə həbs qoyulub.

Bundan başqa, Vüqar Səfərlinin ümumi dəyəri 637 min manat olan aşağıdakı əmlaklarının da üzərinə həbs qoyulub. Vüqar Səfərlinin yoldaşının adına Binəqədidə olan torpaq sahəsi, oğlunun adına Novxanı kəndində olan torpaq sahəsi və yenə də oğlunun adına Xətai rayonunda olan obyektin üzərinə məhkəmə qərarı ilə həbs qoyulub.