TEXNOLOGİYA UNİVERSİTETİNDƏ RƏZALƏT - Rektorla prorektor arasında gərginlik pik həddə çatıb…
Texnologiya Universitetinin rektoru A.Süleymanov və prorektor V.İsmayılov arasında gərginlik pik həddə çatıb. Çox maraqlıdır ki, rektor tərəfindən Təhsil Nazirliyinə prorektor V. İsmayılovun tutduğu vəzifədən azad olunması haqqında dəfələrlə təqdimat yazılmasına baxmayaraq, qarşı tərəf hələ susur.
Bu ilin oktyabr ayında V.İsmayılovla əlbir olub, qanuna zidd işlərlə məşğul olan Tədris şöbəsinin müdiri P.Axundov və Kadrlar şöbəsinin müdiri Z.Əliyev öz ərizələri əsasında “yola salındılar”.
Oktyabr ayında universitetdə keçirilən Elmi Şurada V.İsmayılovun himayədarlıq etdiyi dekanlardan Mərdan Tağıyev şiddətli töhmətlə cəzalandırıldı, Nüşabə Hacıyevaya isə (dekan olma müddəti başa çatdığı üçün) xəbərdarlıq edildi. Növbədə isə digər fakültə dekanı Azər Hüseyndir. Hansı ki, o, vaxtilə V.İsmayılovun dəstəyi ilə dosent elmi adı olmadan "qoçuluqla" dekan "seçilmişdir" və dekan olmaq üçün legitim səs toplamış professor C.Hacıyevin hüquqları "nümunəvi tədris müəssisəsi qurmaq üçün göndərilən" V.İsmayılov tərəfindən qərəzli olaraq pozulmuşdur. Təsadüfi deyildir ki, etdikləri qanun pozuntularında cinayət əməli olan, adları yuxarıda qeyd olunan dekanları V.İsmayılov Elmi Şurada canfəşanlıqla müdafiə etməyə çalışırdı. Həmin dekanlar V.İsmayılovun göstərişləri əsasında belə qanun pozuntuları etmələrini şifahi olaraq rektora bildiriblər və rektor bunu Elmi Şurada etiraf edib. Vəziyyətin getdikcə gərginləşdiyini dərk edən hiyləgər və kəmfürsət prorektor indi də (3 aylıq maaşı saxlanmaq müqabilində) elmi yaradıcılıq məzuniyyətinə getmək, yəni vaxt udmaq istəyir. O, son Elmi Şurada xahiş edib ki, doktorluq dissertasiyası müdafiə etmək üçün şura üzvləri onun elmi yaradıcılıq məzuniyyətinə getməsinə icazə versinlər, guya universitetə elmlər doktoru lazımdır.
Halbuki, V.İsmayılovun prorektor işlədiyi 5-6 il müddətində Azərbaycan Texnologiya Universitetinə onun vurduğu maddi və mənəvi ziyanı universitetin mövcud olduğu 50 il müddətində heç kim vurmayıb. Bəli, universitetə elmlər və fəlsəfə doktorları lazımdır, bunu hamı bilir, təkcə ondan savayı. Əgər o, bilsəydi ki, tədris müəssisəsinə doğrudan da elmlər doktoru lazımdır, onda elmi dərəcəli müəllimlər onun yarıtmaz işinin nəticəsi olaraq universiteti atıb germəzdilər.
V.İsmayılov 2015-ci ildə prorektor kimi "fəaliyyətə" başladıqdan sonra şəxsi qərəzlik zəminində elmlər doktorlarını (C. Hacıyev, A. Həsənov, Ş.Babayev) və dosentləri ( M.Abadov, H. Musayev, Namiq Davudov və b.) təqib edərək universitetdən didərgin saldı. Atalar burada deyib də, quyunu gen qaz, bəlkə özün düşdün. Necə ki, o, bu 5-6 ildə çox quyular qazmışdı insanlara. Görünür, bu səbəbdən də elmi şura üzvləri onun məzuniyyətə getməyinə icazə vermədilər, axı, əməlləri çıxıb qarşın.

Digər tərəfdən, V.İsmayılov iqtisadiyyat üzrə elmlər doktoru olmaq istəyir. Maraqlıdır, ona-buna quyu qazmaqdan haçan vaxt tapıb elmlə məşğul olub? Elmi tədqiqat institutlarında insanlar 15-20 il, bəzən bir ömür çalışırlar ki, elmlər doktoru olsunlar, o, isə baza ixtisası sosiologiya ola-ola 3-4 ilə iqtisadiyyat kimi mürəkkəb bir sahədən tələm-tələsik elmlər doktoru dissertasiyası müdafiə etmək istəyir? Bir dəfə olsun bu müddətdə işlədiyi Texnologiya Universitetində müdafiə etmək istədiyi dissertasiyanın mövzusunda seminar keçirib ki? Onun fəlsəfə doktoru dissertasiyanın necə bərbad vəziyyətdə olması haqqında professor C.Hacıyev sosial mediada, axı, məlumat verib.
V.İsmayılov, fəlsəfə doktoru dissertasiyasını da özünüz yazmamısınız və bu saxtakarlıqlarla hara qədər gedəcəksiniz?! Sosiologiya sahəsində elm tükənib ki, siz, bilmədiyiniz - oxumadığınız sahədən doktorluq dissertasiyası müdafiə etmək istəyirsiniz? Görəsən, siz 3-4 ilə iqtisadiyyat sahəsində elmə məlum olmayan hansı kompleks məsələni, problemi həll etmisiniz? Hansı savadla, nədir sizi məcbur edən?! Atalar deyib ki, xiyarla alınan eşşəyi sel aparar, ona görə ki, mayası sudur. İndi sizdə universitet əməkdaşlarından oğurladığınız haram pullarla elmlər doktoru olmaq istəyirsiniz, yəqin ki, qismət olmayacaq. Çünki pul müqabilində yazılan dissertasiyanın içində ordan-burdan köçürülmüş kağız yığınından başqa heç bir şey ola bilməz.
Digər tərəfdən, siz bildirirsiniz ki, vəzifədən getmək istəyirsiniz, amma nazirlik sizin kimi əvəzedilməz bir kadırı itirmək istəmir. Görəsən, nazirlik hansı müsbət işinizə görə sizi vəzifədə saxlamaq istəyir:
- dekanlarla əlbir olub, kütləvi şəkildə qayıbları silmək məqsədilə tədris jurnallarını dəyişdirdiyinizə görə?
-buraxılış işləri ilə əlaqədar tələbələrin ofşor şirkətlərə pul keçirmələrinə məcbur edilməsinə görə (əgər bunu başqaları edibsə, siz də xeyriniz üçün cinayətə göz yummusunuz)?
-akademik kəsiri olan tələbələrin qanunsuz olaraq buraxılış imtahanina buraxılmağına göz yumduğunuza görə (nəticə etibarilə əsgəri xidmətdən 6 ay yayınmanın səbəbkarı olmusunuz)?
-dosent adı olmayan A.Hüseynin dekan seçilməsini təşkil etdiyinizə və digər vəzifələrə seçkiləri saxtalaşdırdığınızamı görə?
-elmi dərəcəsi olmayan S.Əfəndiyevi magistratura və doktorantura şöbəsinə müdir təyin etdirdiyinizə görə?
-magistraturaya şişirtmə qəbul planının verilməsi ilə tədrisi iflic vəziyyətə salmağınıza görə?
-şişirtmə maaş şəklində universitetin büdcəsindən külli miqdarda haram pullar mənimsədiyinizə görə?
-Universitete qəbul olmuş subbakalavrları rüşvət müqabilində aylığa buraxdığınıza görə?
-Universitetdə Piri Axundovun bələdçiliyi ilə fətullahçılardan ibarət nurçuluq mərkəzi yaratdığınıza görə?
- Universiteti kollec səviyyəsinə saldığınıza görə(sizin yarıtmaz fəaliyyətiniz nəticəsində bu gün universitetə qəbul olan tələbələrin 60 -70% subbakalavrların və 150 balla qəbul olan tələbələrin hesabınadır)?
-Universitetin maddi texniki bazasını və kadr potensialını məhv etdiyinizə görə?
Bu siyahını xeyli uzatmaq olar, lakin yuxarıda göstərilənlər də sizin necə, kadr olmağınıza kifayət edir.
Sonda bunu da bilin ki, işlədiyiniz bu 5-6 ildə siz iki şey qazanmısınız: çoxlu pul və kollektivin nifrətini.
Mehman ADİLOV
Redaksiydan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.