Təyyarə ilə intihar - Yaponların icadı, bin Ladenin dirçəltdiyi döyüş üsulu
Təyyarə ilə intihar etmək ənənəsini yaponlar qoyub. II dünya müharibəsində yapon pilotlar partlayıcı maddələrlə yüklənmiş təyyarələrini düşmən (ABŞ) gəmilərinə çırparaq intihar ediblər.
Onları kamikadze adlandırıblar. “Kamikadze” sözünün mənası "İlahi külək" deməkdir. 13-cü əsrdə Yaponiyanı monqollardan belə bir müdhiş külək-fırtına xilas edib. Yoxsa Çingiz xanın züryətləri Yaponiyanı da işğal edəcəkmişlər. Həmin “kamikadze”-külək monqolların gəmilərinə yapon adalarına yaxınlaşmaq imkanı verməyib.
Yaponlar II dünya müharibəsində kütləvi kamokadzeliyə ona görə əl atıblar ki, döyüş üstünlüklərini, mövqelərini itiriblər, məğlubiyyət qaçılmaz görünüb və onlar son çarə olaraq, ABŞ-nin hərbi gəmilərini bu yolla məhv etmək istəyiblər.
Onlar təkcə təyyarələrdən yox, intiharçıların idarə etdiyi, partlayıcı maddələrlə yüklənmiş qayıqlardan və pilotlu torpedalardan da istifadə ediblər. Amma heç nə yaponları məğlubiyyətdən xilas edə bilməyib.
Yapon kamokadzelərin bu hərəkəti fanatizm əsəridir. Onlar total təbliğat nəticəsində “beyin yuyulması” proseduruna məruz qalıblar, imperatora sədaqət hissi üzündən ölümü seçiblər.
Hazırda kamikadzelik edərək düşmənə zərbə vuran insanların, demək olar ki, hamısı məhz “beyni yuyulan”, fanatik zombiyə çevrilən adamlardır.
Təyyarə ilə kamikadzelik etmək ənənəsini yenidən populyarlaşdıran isə 2001-ci ilin 11 sentyabrında qaçırılmış sərnişin təyyarələrilə ABŞ-nin Nyu-York şəhərindəki qoşa qüllələri, Vaşinqtonda Pentaqonun binasını vuran Üsamə bin Laden oldu. Hələ onun Ağ Evi vurmaq cəhdi uğursuz alındı. Bu da ona görə oldu ki, Vaşinqtona istiqamət götürən qaçırılmış təyyarə Pensilvaniya üzərində ABŞ-nin hərbi hava qüvvələri tərəfindən vuruldu. (ABŞ hökuməti bu epizod barədə həmişə susur). Yoxsa ABŞ-nin məruz qaldığı dağıntı daha böyük olacaq, beynəlxalq nüfuzu daha pis sarsılacaqdı.
Bu baxımdan dünən Dubaydan Təl-Əvivə uçan sərnişin təyyarəsinin ikinci pilotunun kamikadzelik etmək istəməsi yeni şey deyil. O, ələ alınıb zombiyə çevrilmiş adi bir intiharçıdır, özü ilə bərabər 170 sərnişinin həyatına son qoymaq, sentyabrın son gününü də dünya tarixinə qara gün kimi salmaq istəyib. Sadəcə, ona mane olan əvvəlcə kapitan-pilot, daha sonra isə, xoşbəxtlikdən təyyarədə sərnişin qismində uçan rusiyalı və ukraynalı pilotlar olub. Onlar həm özlərinin, həm də 170 sərnişinin həyatını xilas ediblər.
Görünür, omanlı fanatik pilot təyyarə ilə intihar aktını təkrarlamaqla terrorçu sələfləri kimi “qəhrəmanlıq”etmək niyyətində olub.
Ancaq zombiyə çevrilmiş bu şəxsi (eləcə də digərlərini) bu işə təhrik edənlərin heç cür qəbul etmədikləri bir şey var: bu aksiyaların xeyri nə olur, qarşıya qoyulan məqsədə çatmağa kömək edirmi?
Təcrübə göstərir ki, əksi olur. Məsələn, bin Ladenin təşkil etdiyi, dünyanı heyrətləndirən, tarixdə analoqu olmayan terror aktlarından sonra ABŞ iki dövləti - İraqı və Əfqanıstanı işğal etdi, on minlərlə gerillanı məhv etdi, iki, hətta üç o qədər məsum insanın ölümünə səbəb oldu. Ayrıca bu teraktlar dünya çapında islamofobiyanı şiddətləndirdi, başqa ölkələrdə yaşayan ərəblərin etibarını zədələdi, onları şübhəli şəxslərə çevirdi. Axırda bin Ladenin özü də, ailə üzvləri də, ən yaxın silahdaşları da öldürüldü.
Yəni 4 sərnişin təyyarəsini qaçıraraq, öncədən bəlirlənmiş hədəflərə çırpıb taran etməklə ABŞ dövlətini sarsıdacağını, onun dövlətçilyiini məhv edəcəyini düşünmək çox sadəlövh yanaşmadır, absurddur.
Elə omanlı pilotun niyyəti baş tutsaydı, “Fludubai” təyyarəsi bütün sərnişinləri və ekipaj üzvləri ilə birlikdə məhv olsaydı, bu hadisə İsrail dövlətini kapitulyasiyaya, yaxud azacıq yumşalmaya vadar etməyəcəkdi, tam əksinə olacaqdı. İsrail hökuməti daha radikal qərarlar qəbul edəcək, terror aktını törətməkdə 1-ci, 2-ci, hətta 5-ci dərəcəli rolu olan qrup və insanları bir-bir dənləyəcəkdi. Sin 79 ildə İsrail dəfələrlə bu cür situasiyalarda məhz bu cür davranıb, terrorçulara qarşı yumşalmaqdansa, daha amansız tədbirlər görüb.
Fəqət olub-bitənlər, törədilən terror aktlarının sonrakı pis nəticələri terrorçu təşkilatlar üçün ibrət dərsi olmur. Onlar bu yoldan imtina etmirlər. Bunun əsas səbəbi odur ki, terrorçu liderlər qurban verdikləri kamikadzeləri canlı insan yox, robot, dron kimi bir şey hesab edir, “uf” demədən ölümə göndərirlər.
Yaponlar II dünya müharibəsində kamikadzelərin “xidmət”indən sırf çarəsizlikdən istifadə etmişdilərsə, hazırda İsrail və ABŞ-yə qarşı savaş aparanlar da eyni motivlə davranırlar. Ara yerdə nə qədər günahsız insan həlak olur.
Omanlı pilotun məhv etmək istədiyi təyyarədə 27 uşaq da olub – məsum, dünyadan xəbərsiz. Hamısı həlak olacaqmış.
P.S. Onu da qeyd edək ki, II dünya müharibəsində sovet təyyarəçiləri də kamikadzelik ediblər, ancaq onlar bunu təyyarələri vurulduqda, xilas imkanı olmadıqda, düşmənin obyeklərini hədəf alaraq ediblər.