"Tezliklə yeni konstitusiya ilə bağlı işçi qrup qurulmalı, proses sürətlənməlidir" - NATİQ CƏFƏRLİ
"Bu məsələlər kökündən həll olunmasa ölkədəki iqtisadi, sosial problemlər düzəlməyəcək, indiki xaotik dünyada məmləkətin qarşısına çıxan yeni çağırışlara çözüm tapmaq mümkün olmayacaq"
"Bu gün parlamentdə Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması, ümumiyyətlə, ölkə şəhərlərində bələdiyyə institutunun gücləndirilməsi, birbaşa mer seçkilərinin mümkünlüyü ilə bağlı müzakirələr olub. Hətta bu yöndə iş getdiyi açıqlanıb. Çox gözəl, əvvəl-axır biz deyənlərə gələcəksiniz, amma zaman itiririk". Hurriyyet.az xəbər verir ki, bu fikirlər Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərliyə məxsusdur.
Politoloq hesab edir ki, tezliklə yeni konstitusiya ilə bağlı işçi qrup qurulmalı, proses sürətlənməlidir: "Yeni konstitusiya ölkədəki təməl problemlərin həllini özündə ehtiva etməlidir, illərdir yazırıq, bir daha əsas tezisləri təkrarlayaq. Birincisi, prezident dövlət başçısı olur, xarici siyasət, ordu, hüquq-mühafizə orqanları birbaşa prezidentə tabe olur. İkincisi, parlament proporsional qaydada seçilir, deputat sayı artırılır, hökumət parlamentdən çıxır, sosial-iqtisadi blokun nazirləri və baş nazir parlament tərəfindən deputatlar arasından seçilir. Üçüncüsü, yeni yaradılmış 14 iqtisadi rayon (Qarabağ, Şərqi Zəngəzur və digər 12 iqtisadi rayon) inzibati-ərazi vahidinə çevrilir, həmin 14 inzibati-ərazi vahidinə prezidentin şəxsi nümayəndəsi təyin edilir, həmim salahiyyətli şəxs birbaşa prezidentə tabe olur və ancaq dövlət işlərinin koodinasiyası, ərazidə Azərbaycan Konstitutsiyasının qorunması ilə məşğul olur, iqtisadi və təsərrüfat işlərinə qarışmır".
REAL-ın icra katibi həmçinin, təklif edir ki, yerliözünüidarə institutları gücləndirilir, icra hakimiyyəti institutu tam ləğv edilir, böyük şəhər, rayon, qəsəbə və kənd bələdiyyələrinin səlahiyyətləri artırılır, dəqiqləşdirilir və bələdiyyə başçısı birbaşa seçkilər vasitəsi ilə seçilir: "Eyni zamanda, məhkəmə hakimiyyəti yenidən yaradılır, bütün səviyyəli hakimlər ən azı 10 illik, Konstitusiya Məhkəməsi və Ali Məhkəmə hakimləri isə ömürlük təyin edilir. Hakimlərin üçdə birini prezident, üçdə birini parlament mütləq səs çoxluğu ilə təyin edir, yerdə qalan hissəsini isə hüquq camiyası (hakimlər, vəkillər) özləri seçirlər. Çox qısa şəkildə tezislər bunlardır".
Natiq Cəfərlinin sözlərinə görə, bu məsələlər təməldən, kökündən həll olunmasa ölkədəki iqtisadi, sosial problemlər düzəlməyəcək, indiki xaotik dünyada məmləkətin qarşısına çıxan yeni çağırışlara çözüm tapmaq mümkün olmayacaq.
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az