Tiflis bizi qabaqladı – Bakı niyə ATƏT sədrliyinə namizəd olmur?
Gürcüstanın 2027-ci ildə ATƏT-ə sədrlik etmək təşəbbüsü Brüsselin dəstəyini almayıb. “Rapporteur” nəşrinin məlumatına görə, Avropa İttifaqı hazırda Kiprin namizədliyini dəstəkləyir və alternativ namizədləri nəzərdən keçirmir. Aİ-nin xarici siyasət üzrə sözçüsü Kristian Viqand da Brüsselin Kiprə dəstəyinin davam etdiyini təsdiqləyib.
Məsələni daha da mürəkkəbləşdirən məqam isə Kiprin namizədliyinin Türkiyənin etirazı ilə üzləşməsidir. Beləliklə, 2027-ci il üçün ATƏT sədrliyində hazırda həm siyasi, həm də prosedur baxımından qeyri-müəyyənlik qalır. Gürcüstan isə bu vəziyyətdə alternativ namizəd kimi özünü təqdim edir.
Tiflis artıq diplomatik kampaniyaya başlayıb. Gürcüstan xarici işlər naziri Maka Boçorişvili sentyabrın 23-də ATƏT-in iştirakçı dövlətlərinin nümayəndələri ilə görüşərək ölkəsinin 2027-ci il sədrliyinə namizədliyini təqdim edib. Tiflis sədrliyi əldə edəcəyi halda dialoqun, münaqişələrin qarşısının alınmasının və təşkilat daxilində etimadın bərpasının prioritet olacağını bildirir.

Burada əsas məsələ ATƏT-də sədrliyin hansı mexanizmlə müəyyənləşdirilməsidir. ATƏT-in rəsmi məlumatına görə, təşkilata sədr bir təqvim ili ərzində rəhbərlik edir və həmin ölkənin xarici işlər naziri bu funksiyanı həyata keçirir. Sədr ölkə ATƏT-in Nazirlər Şurasının qərarı ilə müəyyən olunur.
Ən mühüm şərt isə konsensusdur. ATƏT-in qərar qəbuletmə sistemində 57 iştirakçı dövlətin hamısı bərabər əsasda iştirak edir və təşkilatın qərarları, o cümlədən sədrliyin müəyyənləşdirilməsi, ümumi razılıq prinsipinə əsaslanır. Başqa sözlə, bir ölkənin namizədliyinə etiraz belə prosesin qarşısını ala bilər.
Bu baxımdan Azərbaycan üçün də nəzəri olaraq ATƏT sədrliyi mümkündür. Azərbaycan ATƏT-in iştirakçı dövlətidir və təşkilatın sədrliyinə namizəd olmaq üçün ayrıca üzvlük problemi yoxdur. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında da sədrliyin Nazirlər Şurasının qərarı ilə bir il müddətinə müəyyən edildiyi və həmin ölkənin xarici işlər nazirinin sədr funksiyasını yerinə yetirdiyi qeyd olunur.
Lakin burada söhbət yalnız namizədlik verməkdən getmir. Azərbaycanın ATƏT-ə sədrlik etməsi üçün ilk növbədə digər 56 iştirakçı dövlətin razılığını əldə etmək, daha sonra isə Nazirlər Şurasında müvafiq qərarın konsensusla qəbul edilməsinə nail olmaq lazımdır.
Hazırda Azərbaycanın 2027-ci il ATƏT sədrliyinə rəsmi namizədliyi barədə məlumat yoxdur. 2026-cı ilin ATƏT sədrliyi İsveçrəyə məxsusdur və ilin əsas yekun tədbiri dekabrın 3-4-də keçiriləcək Nazirlər Şurasının iclasıdır. Məhz bu platforma sədrliyin taleyinin müəyyənləşdirilməsi baxımından mühüm mərhələ olacaq.

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadənin Musavat.com-a bildirdiyinə görə, Azərbaycan bir çox beynəlxalq təşkilatların rəhbərliyində təmsil oluna bilər. Deputat Azərbaycanın Qoşulmama Hərəkatına 4 il sədrliyini buna uğurlu nümunə kimi göstərib.
Aydın Mirzəzadə yada salıb ki, Azərbaycan Qoşulmama Hərəkatının 120 üzvündən 80 ölkəsinə koronavirus infeksiyası ilə mübarizədə tibbi yardım edib: “Eyni zamanda, gənclər və idman naziri Fərid Qayıbovun Avropa Gimnastika Federasiyasının prezidenti olmasını vurğulaya bilərəm. Baxmayaraq ki, hər seçkidə alternativ olur, amma azərbaycanlı nazir prezident keçir. Bundan başqa, Milli Məclisin sədri Sahibə xanım Qafarovanın Parlamentlərarası İttifaqın prezidenti postuna namizədliyi irəli sürülüb və seçkilər oktyabrın 9-da keçiriləcək. Eləcə də Azərbaycan ATƏT-ə sədrlik edə bilər. Biz ATƏT-də sülhyaratma, əməkdaşlıq siyasətini yürüdürük. Hətta vaxtilə torpaqlarımızı işğal etmiş Ermənistanla normal əməkdaşlıq qurmaq xəttini seçmişik. Bu mənada Azərbaycanın namizədliyi mümkündür”.
Deputat qeyd edib ki, bu gün Ermənistana Azərbaycan üzərindən yüklərin daşınması, o cümlədən, ölkəmizin yanacaq məhsullarının satışı həyata keçirilir: “Bu mənada, Azərbaycan ATƏT-ə sədrlik edə bilər. Təbii ki, əleyhinə çıxanlar da olacaq. Bu da normal haldır. Çünki müxtəlif maraqların olduğu bir qitədir. Lakin Azərbaycanın Avropa İttifaqı ilə normal əlaqələri var. Prezident bu qurumun sammitlərində arzuolunan qonaqdır. Həmçinin, biz birliyə üzv olan 14 ölkənin enerji tələbatını ödəyirik. Odur ki, Azərbaycanın ATƏT-ə sədr namizəd irəli sürməsi mümkün məsələdir”.