📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Tofiq Yaqubluya qarşı zorakılıq ölkə adına utancverici hadisədir" - ŞAHİN CƏFƏRLİ

2021-12-02 10:34:00

"İnsanlar sosial-iqtisadi problemlər və hüquqsuzluq məngənəsində əzilir, rəsmi etiraf olunmayan iqtisadi böhran var, yoxsulluq getdikcə dərinləşir və genişlənir"

"Tofiq Yaqubluya qarşı zorakılıq ölkə adına utancverici hadisədir. Ölkə rəhbərliyi dərhal bu olayın araşdırılmasını və zorakılıqda, işgəncələrdə iştirakı olanların aşkarlanıb, barələrində tədbir görülməsini təmin etməlidir". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli deyib.

O bildirib ki, siyasi məhbus Saleh Rüstəmlinin aclıq aksiyasına dövlət orqanlarının, siyasi hakimiyyətin laqeyd münasibəti də təəssüf doğurur: "Ümumilikdə, Azərbaycanda vətəndaşların konstitusion hüquqlarının təminatı sahəsində vəziyyət acınacaqlı olaraq qalır. Konstitusiyanın İkinci Bölmə, III Fəslində yazılanlar bu gün xəyal və əlçatmaz arzu kimi görünür, halbuki bunu hansısa xarici dairələr yazmayıb və ya zorla bizə yazdırmayıblar".

Siyasi şərhçi əlavə edib ki, müharibədəki qələbədən cəmi 1 il sonra ölkədə yaranmış mənzərə xoş deyil: "İnsanlar sosial-iqtisadi problemlər və hüquqsuzluq məngənəsində əzilir. Rəsmi etiraf olunmayan iqtisadi böhran var, yoxsulluq getdikcə dərinləşir və genişlənir. Məyusluq artır. Çarə, dəfələrlə vurğuladığımız kimi, hər sahədə real islahatlara getməkdir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az