Topçubaşov adına xəstəxanada KT aparatı niyə hələ də təmir edilmir? - DÖVLƏT QURUMU MÖVZUDAN YAYINDI
Bakı şəhərində, əhali tərəfindən “Eksperimental xəstəxana” adı ilə tanınan “Akademik M. A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi”ndə tibbi avadanlıqların fəaliyyətində problemlər yaranıb.
"Bu barədə "Hürriyyət"ə orada müayinələr zamanı sözügedən problemlə üzləşən pasiyentlər məlumat verib.
Müayinələr aparılması üçün istifadədə olan KT (kompüter tomoqrafiyası) tibbi avadanlığının işlək olmaması xəstələr arasında narazılıqla qarşılanıb. Pasiyentlərin bildirdiyinə görə, KT aparatı artıq yeddi aydan çoxdur ki, işləmir. Aparatın təmiri üçün iki yüz min manata yaxın pul vəsaiti lazımdır. Təəssüf ki, aidiyyatı qurumlar məsələ ilə bağlı maraqlanmırlar. Sakinlərin bildirdiyinə görə, Vətən müharibəsi zamanı xəstəxanada KT aparatının vaxtı keçdiyindən yenilənib. Lakin xəstə sayı çoxluq təşkil etdiyindən sözügedən aparat sıradan çıxıb.
Pasiyentlər aparatın işləməməsinin səbəbini soruşduqda həkimlər cavab verməyiblər. Amma xəstələrə bildirilib ki, sözügedən cihazın hələ daha bir müddət işləməyəcək.
Məsələ ilə bağlı İcbari Tibbi Sığorta Agentliyindən "Hürriyyət"ə bildirilib ki, vətəndaşlar icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən yararlanmaq üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan istənilən dövlət tibb müəssisəsinə müraciət edə bilər:

"Vətəndaşlara icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmət göstərilir. İcbari tibbi sığortanın məqsədi əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətgöstərilməsini təmin etməkdir. Belə ki, vətəndaşa TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin (məs. KT üzrə tibbi xidmət) göstərilməsi mümkün olmadığı təqdirdə 34 müqaviləli tibb müəssisəsindən birinə (https://its.gov.az/uploads/law/118/394410.pdf) göndəriş verilir. Vətəndaş verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır. Bu halda müvafiq tibbi xidmətin dəyəri müqaviləli tibb müəssisəsinə Agentlik tərəfindən ödənilir".
Xatırladaq ki, məsələ ilə bağlı “Akademik M. A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi ilə əlaqə saxlamışdıq. Xəstəxanadan "Hürriyyət"ə bildirilib ki, artıq il yarımdır ki, KT aparatı işlək vəziyyətdə deyil və bununla bağlı aidiyyatı qurumlara məlumat verilib:
.jpg)
"Bizim xəstəxanada KT aparatı il yarımdır ki, işləmir. Aparat yanıb. Səhiyyə nazirliyi, TƏBİB və Tibbi Sığorta Agentliyinə də məlumat vermişik. Bütün aidiyyatı qurumlara demişik. Aparatın təmiri dövlət tərəfindən olunmalıdır. Beş-üç manatlıq təmir deyil. Hazırda xəstələrin KT-yə ehtiyacı varsa, biz onları özəl klinikalara yönəldirik".
Təəssüf ki, İcbari Tibbi Sığorta Agentliyi suallarımıza aydın cavab verməyək mövzudan yayındı. Hörmətli İcbari Tibbi Sığorta Agentliyi mövzumuz “Akademik M. A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi”ndə olan tibbi avadanlıqların fəaliyyətində yaranan problemlərlə bağlıdır. Müayinələr aparılması üçün istifadədə olan KT (kompüter tomoqrafiyası) tibbi avadanlığının işlək olmaması xəstələr arasında narazılıqla qarşılanıb. Pasiyentlərin bildirdiyinə görə, KT aparatı artıq yeddi aydan çoxdur ki, işləmir. Nəyə görə bir il yarım keçməsinə baxmayaraq tibbi avadanlıq təmir edilməyib?...Ümid edirik ki, növbəti dəfə mövzu ilə bağlı ətraflı məlumat veriləcək.
YƏHYA