TOYUQ YEYƏN KİŞİLƏRİN XARAKTERİ DƏYİŞİR? – Ekspert iddialara aydınlıq gətirdi
Qidalanmanın insanın xarakterinə və davranışlarına təsiri ilə bağlı müxtəlif inanclar və mülahizələr mövcuddur. Bəzi yanaşmalarda istehlak edilən heyvanın xüsusiyyətlərinin insana da keçə biləcəyi iddia olunur. Son dövrlərdə isə xoruz və toyuq ətinin kişilərdə testosteron səviyyəsinə və davranışlara təsiri ilə bağlı fikirlər müzakirə edilir.
Bəs bu iddialar elmi faktlara əsaslanır, yoxsa əsrlərdir formalaşan xalq inanclarının müasir dövrdə davam edən təzahürüdür? İstehlak edilən ət növü insanın xarakterinə və davranışlarına təsir göstərə bilərmi? Xoruz və toyuq ətinin kişilərdə testosteron səviyyəsinə təsiri ilə bağlı iddiaların elmi əsası varmı?
Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib ki, insanın xarakteri bir sıra amillərin təsiri altında formalaşır. Bunlara genetika, ailə mühiti, tərbiyə, sosial münasibətlər, psixoloji vəziyyət, yuxu rejimi, hormonal sistem və həyat tərzi daxildir.

Onun sözlərinə görə, bəzi hallarda heyvan ətinin qəbulunun həmin heyvanın xarakter xüsusiyyətlərini insana ötürdüyü iddia edilsə də, bu fikri təsdiqləyən elmi əsas yoxdur: “Belə bir nəticəyə gəlmək üçün mütəmadi tədqiqatlar aparılmalı, qidaların insanın davranışına, xarakterinə və hormonal göstəricilərinə təsiri elmi şəkildə araşdırılmalıdır. Qidalanma insanın ümumi sağlamlığına, beyin fəaliyyətinə və hormonal sisteminə təsir göstərir. Lakin bu, qəbul edilən heyvanın xarakterinin insana keçməsi demək deyil. Buna görə də belə iddiaları elmi fakt kimi təqdim etmək düzgün hesab olunmur”.
M.Hüseynova cəmiyyətdə xoruz ətinin kişilərdə testosteron səviyyəsini artırması ilə bağlı fikirlərin də yayıldığını xatırladıb: “Testosteron kişilərdə cinsi inkişaf, əzələ kütləsinin formalaşması və sümük sağlamlığı baxımından mühüm hormondur. Bununla belə, xoruz əti yeyən şəxslərdə testosteron səviyyəsinin artdığını təsdiqləyən elmi sübut olmadığı kimi, toyuq ətinin kişilərdə bu hormonun səviyyəsini azaltdığını göstərən əsaslı dəlillər də yoxdur. Toyuq əti zülal mənbəyi kimi balanslı qidalanmanın bir hissəsi ola bilər. Ancaq uzun müddət yalnız bir qida növünə üstünlük verilməsi digər vacib qida maddələrinin çatışmazlığına səbəb ola bilər. Eyni zamanda, həddindən artıq qidalanma, artıq çəki və yuxu rejiminin pozulması da hormonal sistemə mənfi təsir göstərə bilər”.
Mütəxəssis əlavə edib ki, qidalanma insanın aclıq hissinə, diqqətinə, emosiyalarına və davranışlarına da təsir edə bilər: “Xüsusilə, bəzi qablaşdırılmış qidalarda istifadə olunan qatqı maddələrinin normadan artıq qəbulu sağlamlıq problemlərinə yol aça bilər. Lakin bu təsirləri konkret bir heyvanın xarakterinin insana keçməsi ilə əlaqələndirmək doğru deyil. Qidalanma ilə bağlı iddialar elmi əsaslara söykənməli, sağlamlıq vəziyyəti isə fərdi xüsusiyyətlər nəzərə alınmaqla qiymətləndirilməlidir. Sağlamlığın qorunmasının əsas şərtlərindən biri yalnız müəyyən bir qida növünə üstünlük vermək deyil, balanslı və müxtəlif qidalanmaya əməl etməkdir”.