Tramp Çin və Rusiyadan nə istəyib? - Zülfüqarovdan AÇIQLAMA
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov ABŞ Prezidenti Donald Tramp, Çin Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin arasında Çində keçirilən üçtərəfli sammitin yekunlarını şərh edib.
Hurriyyet.net xəbər verir ki, sabiq nazir sosial şəbəkə hesabında paylaşdığı şərhdə görüşün üçtərəfli formatda keçirilməsinin səbəblərinə və gündəlikdəki əsas məsələyə diqqət çəkib.
Tofiq Zülfüqarovun sözlərinə görə, iqtisadi göstəricilər baxımından ABŞ və Çin iqtisadiyyatlarının hər biri ayrılıqda Rusiya iqtisadiyyatını 15-20 dəfə üstələyir. Buna baxmayaraq, görüşün məhz üçtərəfli formatda təşkil edilməsinin yeganə məntiqi izahı nüvə amilidir/
"ABŞ və Rusiya ikilikdə 12 min nüvə başlığına malikdir, Çinin isə təxminən 600 nüvə başlığı var. Rəsmi açıqlamalarda bildirildi ki, Ukrayna məsələsi müzakirə olunmayıb, əsas mövzu nüvə silahlarına və texnologiyalarına nəzarət problematikası olub. Bu isə o deməkdir ki, ABŞ-nin təşəbbüsü ilə sammitin əsas mövzusu məhz İran olub", - deyə, o bildirib.
Sabiq nazir hesab edir ki, Donald Tramp Pekin və Moskvadan Tehranla bağlı konkret addımlar atmağı istəyib: "Ehtimal ki, Tramp Rusiya və Çindən İran rəhbərliyini nüvə silahı ilə bağlı ultimatum şərtlərini qəbul etməyə inandırmaq üçün dəstək istəyib və ya bunu tələb edib. Əks təqdirdə, İrana qarşı zərbələrin davam etdirilməsi ssenarisi reallaşacaq. Bu dəfə hədəfdə neft hasilatı da daxil olmaqla, ölkənin həyati əhəmiyyətli infrastrukturu olacaq".
Tofiq Zülfüqarov vurğulayıb ki, belə bir ssenari baş verərsə, bundan ən çox öz enerji resurslarına malik olmayan ölkələr - Çin və Avropa İttifaqı iqtisadiyyatları zərər görəcək. Neft qiymətlərinin kəskin bahalaşması isə dünyada genişmiqyaslı iqtisadi böhranın qaçılmaz ehtimalını ortaya çıxaracaq.