📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tramp Putinlə danışdı, 74 yaşlı amerikalı azad edildi – Vitkoffun Rusiya səfərində diqqətçəkən hadisə

2026-10-22 11:33:42

Tramp Putinlə danışdı, 74 yaşlı amerikalı azad edildi – Vitkoffun Rusiya səfərində diqqətçəkən hadisə

Rusiya dörd ildən artıq həbsdə saxladığı 74 yaşlı ABŞ vətəndaşı Stiven Habbardı azad edib. Hadisə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoffun Sankt-Peterburqa səfəri və Vladimir Putinlə planlaşdırılan danışıqları fonunda baş verib.

Hurriyyet.net  xarici agentliklərə istinadən xəbər verir ki, Miçiqan ştatından olan təqaüdçü ingilis dili müəllimi ABŞ Dövlət Departamenti tərəfindən qanunsuz saxlanılan Amerika vətəndaşı kimi tanınmışdı.

Prezident Donald Tramp çərşənbə axşamı Putinlə söhbəti zamanı Habbardın azad edilməsi məsələsini qaldırdığını açıqlayıb. Vitkoffun Rusiyaya səfərindən əvvəl isə ABŞ rəsmilərindən biri xüsusi nümayəndənin danışıqlarda bu məsələyə də toxunacağını bildirmişdi.

Habbard uzun illər xaricdə ingilis dili müəllimi işləyib. O, 2014-cü ildə Ukraynanın Xarkov vilayətindəki İzyum şəhərinə köçüb. Şəhər 2022-ci ildə Rusiya qoşunları tərəfindən işğal olunub.

Rusiya prokurorluğu amerikalını Ukrayna tərəfində döyüşməkdə və bunun müqabilində ayda təxminən 1000 dollar almaqda ittiham etmişdi. Lakin onun bacısı Patrisiya Habbard Foks bu ittihamları rədd edib.

CNN xatırladır ki, avqust ayında Rusiyada saxlanılan digər ABŞ vətəndaşı, keçmiş dəniz piyadası Robert Gilman da səhhətindəki ciddi problemlər səbəbindən humanitar əsaslarla azad edilmişdi. Onun müdafiəsi ilə məşğul olan təşkilat Gilmanın Rusiya həbsxanasında işgəncələrə məruz qaldığını bildirmişdi.

Bu arada, oktyabrın 21-də Sankt-Peterburqda olan Stiv Vitkoffun Vladimir Putinlə görüşü nəzərdə tutulur.

Bundan əvvəl Osloda Ukrayna Prezidenti Volodimir Zelenski, Norveçin Baş naziri Yonas Qar Störe, Finlandiya Prezidenti Aleksandr Stubb və ABŞ nümayəndələrinin iştirakı ilə danışıqlar keçirilib. Görüşdə təhlükəsizlik, energetika və iqtisadi məsələlər müzakirə olunub.

“Axios” nəşrinin məlumatına görə, danışıqlara onlayn qoşulan Trampın nümayəndəsi Cared Kuşner Ukraynadan Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağı tələb edib.

Habbardın azad edilməsi Vaşinqtonla Moskva arasında diplomatik təmasların intensivləşdiyi bir vaxta təsadüf etsə də, bunun konkret razılaşmanın nəticəsi olub-olmadığı açıqlanmayıb.